Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar
Düz bir həftə əvvəl Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir video müsahibəsində AXCP və Milli Şuranın FETÖ ilə əlaqələri olduğunu demişdi. Baş qarşıq olduğundan bu hədyana cavab verməyə vaxt tapmırdım. Ruslar demiş, təki gec olsun, nəinki heç olmasın. Əslində, Novruz Məmmədovun cəmiyyətdəki obrazını nəzərə alıb, buna heç cavab verməmək də olardı. Tutduğu vəzifənin məsuliyyətini dərk etməyən cənab Məmmədovun hər iki sözündən biri doğru deyilsə, ona cavab verməyin nə mənası var? Lap bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Peterburq görüşündən sonra onun məlumatlarını təkcə Ermənistan deyil, görüşə evsahibliyi edən Rusiya prezidentinin administrasiyası da təkzib etdi.
İşi-gücü ölkə üçün problem yaratmaq olan Novruz Məmmədovun adının belə qalmaqallarda tez-tez hallanması onun diplomatiya və beynəlxalq münasibətlərə yad adam olması ilə bağlıdır. Adam mətbuat və publika qarşısında hər hansı bir beynəlxalq məsələ ilə bağlı üçcə cümlə quraşdırıb deyə bilmir. Dünya siyasətindən xəbərsiz olan belə bir adamın uzun müddət Prezident Administrasiyasında ən məsul şöbəyə rəhbərlik etməsi ölkənin xarici siyasətinə təsirsiz ötüşməyib. Belə bacarıqsız adamların uzun müddət məsul vəzifələrdə oturması ölkənin ərazilərinin işğal altında qalmasının ən mühüm səbəblərindən biridir.Bu adam öz vəzifəsini icra etmək əvəzinə indi də keçmiş MTN-nin və Təhlükəsizlik Xidmətinin funksiyalarını mənimsəyib, Xalq Cəbhəsi və Milli Şuranın içində gülənçi axtarır. Adam deyərlər ki, sənin yerində normal ixtisas təhsili və xarici siyasətin incəliyinə bələd olan bir adam otursaydı, Gülən şəbəkəsi Azərbaycanın dövlət qurumlarına sarmaşıq kimi sirayət etməzdi. Bu adam hələ də anlamır ki, Gülən şəbəkəsi heç vaxt, heç yerdə müxalifətlə işləmir, onların strateji hədəfləri dövlət orqanları, hökumət rəsmiləri ilə sıx əlaqələr qurmaqdır. Heç şübhəsiz Gülənin Azərbaycanda ən böyük təşkilatlarından biri Qafqaz Universiteti olubsa, digəri “Dialoq Avrasiya Platforması”dır, Gülənin fəxri sədri olduğu “Qəzetçilər və Yazarlar Vəqfi”nin nəşr etdiyi “Dialoq Avrasiya” jurnalının Azərbaycan təmsilçiliyidir. Azərbaycan hökumətinin rəsmi icazəsi və dəstəyi ilə fəaliyyət göstərən bu təmsilçilik həm də Azərbaycanda Fətullah Gülənə yaxın ən mühüm rəsmi quruluş idi.
Novruz Məmmədov bir özünə sual vermir ki, bir qədər öncə Mustafa Saatçını bu qurumda əvəz etmiş yeni sədr Cəlil Ərdəm ötən ildən başlayaraq bütün görüşlərini niyə dövlət orqanlarında və KİV-lərində, hökumətin nəzarətində olan QHT və mətbuat orqanlarında keçirdi. Bircə müxalifət mediasına da yaxın düşmədi.
Novruz Məmmədov xarici siyasət məsələləri üzrə şöbənin müdiri olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Məsələn, o, yerində olan adam olsaydı, prezidentə vaxtında məsləhət görərdi ki, Fətullah Gülənin Azərbaycanda əsas təmsilçisi, baş imamı, təhsil məsələləri üzrə əsas əlaqələndiricisi Ənvər Özərənlə birinci şəxs səviyyəsində görüş keçirmək məqbul deyildir. Ölkənin xarici əlaqələrinə məsul olan yüksək vəzifəli bir şəxs AXCP və Milli Şura daxilində gülənçi axtarmaq əvəzinə, onun izahatını verməlidir ki, zərərli dini təmayül üzərində qurulmuş bu qədər xarici təhsil müəssisələri, onların minlərlə xarici əməkdaşları dünyəvi dövlətə necə daxil olub, necə şəbəkələşib? Deyəsən, Novruz Məmmədovun xəbəri yoxdur ki, bu şəbəkə onun da təmsil olunduğu dövlətin himayəsində Azərbaycanda o qədər arxayın işləyirdi ki, Orta Asiya respublikaları və Rusiyanın müsəlman muxtariyyətləri üçün imam kadrları hazırlayırdı. Əcəba, bəlkə Gülən şəbəkəsinin beyin mərkəzi hesab edilən Dialoq Avrasiya Platformasının (DAP) hər il müxtəlif yerlərdə keçirilən toplantılarına hökumət və onların “hizmətində” olan QHT, elm, ədəbiyyat və mətbuat nümayəndələrindən ibarət rəsmi heyətləri Milli Şura ilə AXCP göndərir? Bəlkə dəbdəbəli “Gülüstan” sarayını da tədbir keçirmək üçün gülənçilərə Milli Şura ilə AXCP verib? Bu adamlar bu yalanları danışanda anlamırlar ki, məlumatlar mətbuat səhifələrində, internet saytlarının yaddaşında hələ də qalır?! Hətta Bakıda beynəlxalq ictimai təşkilat kimi qələmə verilən Dialoq Avrasiya Platformasının Azərbaycanda Vektormap.az xəritələri hazırlanıb, təşkilatın məlumat mərkəzinə yerləşdirilib. Məsələn, DAP-ın tədbiri ilə Prezident Administrasiyasında yayılan bir məlumata diqqət yetirək: “Noyabrın 13-dən 17-dək Türkiyənin Antalya şəhərində “Dialoq Avrasiya” Platforması çərçivəsində beynəlxalq tədbir keçiriləcək. Prezident Administrasiyasının şöbə müdiri APA-ya açıqlamasında deyib ki, Azərbaycandan bu tədbirdə Prezident Administrasiyası, Milli Məclis, KİV və QHT təmsilçiləri iştirak edəcəkdir”. Gördüyünüz kimi, bu məlumatın ilini göstərmədim. Çünki son 15 ildə bu məlumat hər il Prezident Administrasiyası tərəfindən açıqlanıb və Azərbaycan nümayəndə heyətinə hər il Novruz Məmmədovun çalışdığı Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri başçılıq edib. Yaxud digər bir məlumata baxaq: “Dialoq Avrasiya Bakıda “Gülüstan” sarayında növbəti tədbirini keçirdi. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda Dialoq Avrasiyanın təmsilçisi Mustafa Saatçı, “Xəzər” Televiziyası başqanı Hüseyn Dinləməz, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç tədbirdə çıxış etdilər”.
Novruz Məmmədov Gülən şəbəkəsinin əsas yayım orqanarından biri kimi “Dialoq Avrasiya” dərgisinin redaksiya heyətinə də göz atsa, bəlkə oradan Azərbaycanın hökumət rəsmilərini, rektorlarını deyil, Milli Şura və AXCP üzvilərindən kimisə tapa bilər? Bəlkə Novruz Məmmədovun xəbəri yoxdur gülənçilərin əsas ideoloji ruporu olan “Xəzər” televiziyasının Azərbaycanda fəaliyyətinə, Qafqaz Universitetinin şəbəkələşməsi üçün Bakı yaxınlığında bu təhsil müəssisinə 20 hektarlıq geniş torpaq sahəsininin verilməsinə, dini təmayüllü nurçu məktəblər şəbəkəsinin yayılmasına sərəncamları da onun içində olduğu rəsmi dövlət orqanları deyil, Milli Şura və AXCP verib? Bəlkə gülənçi şəbəkənin əsas maliyyə qaynağı olan TUSİAB və İPƏK YOLU çatıları altında toplaşan fətullahçı şirkətlərinə böyük maliyyə vəsaitlərindən ibarət olan dövlət sifarişlərini rəsmi dövlət oranları deyil, Milli Şura və AXCP verib? Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar.
Novruz Məmmədov və digər rəsmilərin belə yalan açıqlamaları bircə şeyə xidmət edir: bütün fəaliyyəti boyu yad təsirlərə, zərərli dini cərəyanlara qarşı mübarizə aparan Əli Kərimli kimi dürüst bir lideri belə yalanlarla şərləyib həbsi üçün ideoloji baza hazırlamaq, vəziyyəti tərsinə yozub özlərinin Gülən şəbəkəsi ilə natəmiz əlaqələrini təmizə çıxarmaq, bunlar üçün baş ağrısına çevrilmiş Milli Şura və Xalq Cəbhəsini şər və böhtan atəşi altında susdurmaq.