Novruz Məmmədov: ”Həmsədrlər Azərbaycanla Ermənistan özü razılığa gəlsin deyir”

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan Con Kerrinin ”Liderlər münaqişənin həllinə hazır deyillər” bəyanatı ilə razılaşmır

Source:
Novruz Məmmədov foto APA
Novruz Məmmədov foto APA


Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan Con Kerrinin ”Liderlər münaqişənin həllinə hazır deyillər” bəyanatı ilə razılaşmır

“ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışında deyib.

N. Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən super dövlətin dövlət katibinin hakimiyyətdən getməsi və seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: “Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həllinə hazır olmadığını iddia edir. Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb”.

ABŞ dövlət katibi dünyaya guya mesaj verir ki, liderlər münaqişənin həllinə hazır deyillər. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar. Yüz minlərlə insanın yaşamış olduğu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır.

Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də “status-kvo”nun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi ilə haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər”.

“Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin”,- deyə N.Məmmədov bildirib.

Ana səhifəXəbərlərNovruz Məmmədov: ”Həmsədrlər Azərbaycanla Ermənistan özü razılığa gəlsin deyir”