O, ərizəsini partiya başqanı İsa Qəmbərə göndərdiyini deyib
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Bu barədə o, “pravda.az”a özü məlumat verib.
Bildirib ki, artıq istefa ərizəsini partiyanın başqanı İsa Qəmbərə göndərib:
“Müsavat Partiyasına istefa məktubumu göndərdim, inanıram ki, müraciətimi alan İsa bəy müsbət cavab verəcək”.
O hesab edir ki, doğru addım atıb:
“Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, ancaq dostluqdan getməmişəm”.
Novella Cəfəroğlu istefa verməsi ilə bağlı xəbəri Meydan TV-yə təsdiqləyib.
O deyib ki, seçkilərlə bağlı verdiyi açıqlamaya görə ictimai qınağa tuş gəlib.
Hüquq müdafiəçisi ona yönələn tənqidləri də ədalətli saymayıb:
“Mən seçkilərdə gördüklərimi mediaya danışmışam. Lakin bir neçə dairə var ki, var-gücümüzlə ədalətin bərpa olunmasına çalışacağıq”.
Novella Cəfəroğlu onu da qeyd edib ki, o, cəmiyyətdə barış və ədalətin bərqərar olmasını istəyir, həmçinin yersiz gərginlikləri faydalı hesab etmədiyini deyib.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra Novella Cəfəroğlu prosesin demokratik və şəffaf baş tutduğunu, xüsusilə regionlarda fəallıq olduğunu bildirmişdi.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.
Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.
Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.