Növbəti prezident seçkiləri tamamilə yeni ssenariləri işə sala bilər

Parlament seçkilərindən sonra ölkədə vəziyyət gərginləşəcək

Source:


Parlament seçkilərindən sonra ölkədə vəziyyət gərginləşəcək


Qarşıdan gələn parlament seçkilərində hətta mötədil müxalif qüvvələr iştirak etməyəcək. Azərbaycanın yaxın tarixində belə önəmsiz seçki müşahidə edilməmişdi. İndi vəziyyət beynəlxalq təşkilatların seçkilərə münasibətindən asılı ola bilər. Artıq rəsmi Bakıya ardıcıl təzyiqlər başlayıb. Ölkədə insan haqları və demokratiya prinsiplərinin pozulmasının, siyasi məhbuslar probleminin mövcudluğunun beynəlxalq qurumlarda müzakirə edilməsi diqqəti cəlb etməyə bilməz.

Görünən budur ki, bunun kökündə demokratiya tələblərindən daha çox geosiyasət durur. Vaşinqton Azərbaycandan bir sıra geosiyasi məsələlərə cavab almaq istəyir. Bakı isə Rusiya ilə anlaşmağa başlayıb. ABŞ Azərbaycanda hakimiyyət dəyişikliyi olarsa, maraqlarının zədələnib-zədələnməyəcəyinə əmin olmaq istəyir. Vaşinqtonu bir sıra suallar düşündürür. Enerji layihələrinin davamlılığı necə olacaq, Bakı Moskva ilə əməkdaşlıq məsələlərində hansı korrektələri edəcək, Azərbaycan İran məsələsində kimin yanında yer alacaq – Vaşinqtonun, yoxsa Tehranın?

Vaşinqton mövcud hakimiyyətin diqqətinə çatdırmaq istəyir ki, diplomatik kursda sapmalar olarsa, demokratiya tələbləri ilə rəsmi Bakının manevr imkanları əsaslı dərəcədə azaldıla bilər.

İndi müşahidəçiləri belə bir sual düşündürür – ABŞ və Avropanın Bakıya təzyiqləri hansı müsbət dəyişikliklərə gətirib çıxarda bilər? Azərbaycan hakimiyyətinin siyasi məhbusların azad edəcəyi də istisna edilmir. Düzdür, bu problemin tam həlli inandırıcı deyil, belə ki, ölkədə hər an yeni siyasi məhbuslar ordusu yarana bilər.

ABŞ və beynəlxalq təşkilatların Bakıya təzyiqlərinin ən əsas elementi müxalifətə beynəlxalq dəstəyin verilib-verilməməsi məsələsidir. Qərb bir daha nümayiş etdirdi ki, müxalifət real güc nümayiş etdirə biləcəyi halda “demokratiya paytaxtından” siyasi dəstək olar.

Bir sözlə,  Azərbaycanın taleyinin yaxın bir ay ərzində həll edilməsi mümkündür. Ehtimal etmək olar ki, Vaşinqton və Moskva bu məsələ ilə bağlı yaxın günlərdə  müzakirəyə başlayacaqlar.

Bu baxımdan, geosiyasi məsələlərdə Moskva və Vaşinqton razılıq əldə edə bilsələr, bütün problemlər də həll edilə bilər. Bakının davranışları çoxunun qıcığına səbəb olur və odur ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə münasibətdə supergüclərin mövqeyi eyni ola bilər. Lakin görünən budur ki, yaxın gələcəkdə başqa bir planın da şahidi ola bilərik – Azərbaycan siyasətinin mühüm oyunçularından kimlərsə mövqelərindən geri çəkilərək, əvəzində dövlət başçısının ətrafında yer alır və kadr islahatları həyata keçirilməsinə nail olurlar. İctimai rəydə bunu müxalifətin qələbəsi kimi təqdim etməyə cəhd göstərir, bununla da ssenarini tamamlayırlar.

Lakin münasibətlər o qədər korlanıb ki, belə ssenari narazılıqlar yarada bilər.

Onu da vurğulamaq lazım gəlir ki, müxalifətsiz keçirilən parlament seçkisi hakimiyyət üçün və eyni zamanda Azərbaycanın taleyini həll etmək istəyən böyük güc mərkəzləri üçün mühümdür. Post-seçki dövründə seçkinin alternativsiz keçirilməsi proseslərin başlanğıcı üçün bəhanə ola bilər.

Lakin unutmaq olmaz ki, seçkilərdə bir neçə nəfər  müxalifətçi namizədlər onsuz da iştirak edəcəklər və elə bir bu amil demokratik seçki imitasiyası yaratmağa kifayət edəcək. Bu gün seçkilərdə əsas fiqur kimi iştirak etmək bütün zərbələri üzərinə götürmək demək olardı. Odur ki, heç kəs sonu bəlli olmayan oyuna qoşulmaqda həvəsli deyil.  Lakin seçkidən dərhal sonra saxtalaşdırmaya etiraz edənləri meydanlara səsləmək və “Ukrayna variantı”nı təkrarlamaq ssenarisi də mövcuddur.

Parlament seçkilərinin necə keçiriləcəyindən asılı olmayaraq, seçkidən sonra ölkədə vəziyyət gərginləşəcək. İqtisadi böhran, hakimiyyət daxilində müşahidə edilən mərkəzdənqaçma tendensiyaları acınacaqlı sonluqla yekunlaşa bilər.

Bir sözlə, yenidən danışıqlar masasına 2018-ci il seçkiləri məsələsi yatırılır.  Növbəti prezident seçkiləri tamamilə yeni ssenariləri işə sala bilər. Bunu iqtidar da anlayır və odur ki, siyasi rəqiblərini, həmçinin narazı oliqarxları tam susdurmaqda israrlıdır. Vəziyyət daha da dramatikləşərsə, ölkədə hansısa qüvvələr tərəfindən siyasi qətllər də həyata keçirilə biləcəyi istisna edilmir. Bakı oyun qaydalarını dəyişmək və demokratik islahatlara başlamaq zorundadır. Əks təqdirdə, ölkənin Suriyaya çevrilmək ehtimalı olduqca böyükdür…

Ana səhifəXəbərlərNövbəti prezident seçkiləri tamamilə yeni ssenariləri işə sala bilər