“… Növbəti “Lamiyə Quliyeva olayı”-nın yaşamasını istəmiriksə”

Source:


Hüquq müdafiəçisi həyəcan təbili çalır

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun həbsi sosial şəbəkələrdə geniş müzakirə olunur. İddialarda göstərilir ki, o, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişi ilə şərlənərək həbs olunub və son günlər onun həbsxanada zorakılıqlarla üzləşir. Olayla bağlı Meydan TV-yə açıqlama verən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev deyir ki, ölkədə hüquqi nihilizm hökm sürür: “20 gün öncə günün günorta çağı, küçədə, camaatın gözü qarşısında, ailəsinin yanında primitiv şəkildə şərlənərək həbs edilən hüquq müdafiəçisi, keçmiş “vicdan məhbusu” Taleh Xasməmmədov ona qarşı edilən haqsızlıqlara dözməyərək, özünə qəsd edib. Taleh bəy 20 gündür ki, xarici aləmdən büsbütün təcrid edilmiş şəkildə girov saxlanılır. O səviyyədə təcrid olunub ki, ötən 20 gündə nə ailəsi, nə vəkili, nə də digər hər hansı tanıdığı şəxslərlə təmas qurmasına imkan verilməyib. Hətta bir neçə gün öncə bacısını ailə qurması münasibəti ilə təbrik etmək istəyib, onunla əlaqə saxlamağa, zəng etməyə belə imkan verməyiblər. Bunlar az imiş kimi, ona psixoloji təzyiqlər edilib. Qanunsuz şəkildə şərlənərək həbs olunmasına, ona qarşı edilən haqsızlıqlara etiraz əlaməti olaraq T. Xasməmmədov 10 gün imiş ki, aclıq aksiyası keçirirmiş. Onun bu hərəkətlərinə lağ edib, onu ələ salan Penitensiar Xidmətin əməkdaşları Taleh bəyi 2 saylı İstintaq Təcridxanasında ruhi-əsəb problemləri olan şəxslərlər bir yerdə saxlayıb, ona psixoloji təzyiq ediblər. Hüquq müdafiəçisi ona qarşı edilən təhqirlərə, psixoloji təzyiqlərə dözməyərək özünə qəsd edib – bədənini doğrayıb. Hazırda o Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Vəziyyəti çox ağırdır”.

Oqtay Gülalıyev deyr ki, dəfələrlə cəhd etsələr də, qanunvericiliyə zidd olaraq onunla nəinki görüşə, hətta hər hansı doğru-dürüst rəsmi məlumat belə ala bilməyiblər:

“Çox çətinlikdən sonra yalnız dünən Taleh Xasməmmədovun anası və qardaşı Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşə biliblər. Təəssüf ki, Taleh bəyin səhhəti və onun başına gətirilən son olaylar təsdiqini tapıb. Görüşdən sonra ailə üzvləri bildiriblər ki, Taleh bəyin vəziyyəti çox ağırdır, böyrəklərinin biri işləmir. Hər an əməliyyat oluna bilər. T. Xasməmmədov bizə göndərdiyi məktubda da üzləşdiyi qanunsuzluq və fiziki zorakalıq barədə yazıb. Mən həmin məktubu öz facebook səhifəmdə dərc etmişəm, özünüz oxuyub qiymət verin.

Ölkədə və Penitensiar Xidmətdə hökm sürən hüquqi nihilizmlə bağlı daha bir faktla yaxından tanış olun. Doğrudan da, ölkəmizdə analoqu olmayan “inkişaf” hökm sürür. Amma geriyə- əcaibliyə doğru. Görün nə qədər əcaib bir ölkədə yaşayırıq. Başqalarının hüquqlarını müdafiə edən, buna görə qanunsuz həbs həyatı yaşayan, nufuzlu “Amnestyu İnternational” təşkilatının “vicdan məhbusu”, AŞPA həmməruzəçisi Ştrasserin siyasi məhbus siyahısında yer almış tanınmış hüquq müdafiəçisinin hüquqları o dərəcədə tapdanır və alçaldılır ki, o, özünə qəsd edir”

Oqtay Gülalıyev deyir ki, Taleh Xasməmmədovun həbsinin arxasında Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin dayandığı bildirilir. “Azərbaycanda “kiçik padişahlar”ın mövcudluğu və onların əllərinin çox uzun olduğu, polis, prokuror, məhkəmə sistemini qarışdırdığını, oralarda söz sahibi olduğu Lamiyə Quliyeva məsələsində bir daha gün kimi ortaya çıxdı. Həyatda bütün müqayisələr qüsurlu olsa da, Taleh Xasməmmədovun başına son gətirilənlərin arxasında da “kiçik padişahlar”ın dayandığına əminəm. İnsanlarımızın növbəti “Lamiyə olayı”nı yaşamasını istəmiriksə, haqsızlığa, ədalətsizliyə “kiçik padişahlar”ın fironluğuna hamılıqla etiraz edək, “dur” deyək. Gəlin, heç olmasa, bu məsələdə növbəmizi gözləməyək, sonra gec olacaq!” – deyə Oqtay Gülalıyev fikirlərini yekunlaşdırıb.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Xasməmmədovun kəsik yaraları olduğu haqqında məlumatı təkzib etmişdi.

O, “Turan İA”-ın müxbiri ilə söhbətində Xasməmmədovun aclıq etdiyini təkzib edib. Qurbanovun sözlərinə görə, Xasməmmədov qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.

.

Ana səhifəXəbərlər“… Növbəti “Lamiyə Quliyeva olayı”-nın yaşamasını istəmiriksə”