”Növbəti ”Formula 1”-ə ucuz bilet satılmayacaq”

Nigar Arpadarai: ”Yarışın xərci əvvəlkilərdən az olacaq”

Source:


Nigar Arpadarai: ”Yarışın xərci əvvəlkilərdən az olacaq”

“İldən-ilə xərclərimiz azalır, gəlirlərimiz artır”, – “Formula-1 Avropa Qran-Prisi”nin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəhbəri Nigar Arpadarai noyabrın 6-sı keçirilən mətbuat konfransında belə deyib.

O, Azərbaycanda üçüncü dəfə keçiriləcək yarışların xərclərinin əvvəlkilərdən az olacağını bildirib:

“Növbəti “Formula-1 Azərbaycan Qran Prisi”nin xərcləri az olacaq. Əvvəlki yarışmada quraşdırılmış pit binası sökülməyib. Təhlükəsizlik baryerləri də yerində saxlanıb. Əvvəlki yarışmalar zamanı alınmış qurğuları yenidən almağa lüzum olmayacaq”.

N.Arpadarai həmçinin, qənbər daşlarının üzərinə çəkilən asfalt örtüyünün bəzi ərazilərdə sökülməməsinin də xərcləri azaldan amillərdən olduğunu ifadə edib.

Mətbuat konfransında bildirilib ki, “Formula-1 Azərbaycan Qran Prisi”ndə ucuz biletlər bundan sonra satışa çıxarılmayacaq. Bu qərar ucuz biletlərə marağın az olması, gözləntiləri doğrultmaması ilə izah edilib.

Gələn il keçiriləcək yarışda satışa ümumilikdə 30 min bilet çıxarılacaq.

Kampaniya dövründə 4-günlük biletlər 160-600 manata, azyaşlılara isə 120-420 manata təklif edilir.

Tədbirdə ayaqüstü zonalara birgünlük biletlərin qiymətləri də açıqlanıb. Belə biletlər cümə günü 60, şənbə günü 100, bazar günündən ötrü isə 150 manata təklif edilir.

“Formula-1 Azərbaycan Qran Prisi – 2018” aprelin 27-dən 29-na kimi Bakıda keçiriləcək.

Builki qiymətlər belə idi:

Abşeron tribunasında 3 gün ərzində yarışları izləmək hüququ verən biletin qiyməti 590 dollar (həmin dövr üçün 893 manat). İçəri Şəhər və Azneft tribunalarından yarışı izləmək üçün olan biletin dəyəri 420 dollar (həmin dövr üçün 636 manat). Muğam və Sahil tribunaları üçün müəyyən olunmuş biletin qiyməti 350 dollar (həmin dövr üçün 530 manat). Yarışı Qız Qalası və Filarmoniya tribunalarından izləmək üçün olan biletin qiyməti 290 dollar (həmin dövr üçün 439 manat), Bulvar və Xəzər tribunalarının qiyməti isə 200 dollar idi (həmin dövr üçün 303 manat).

Ayaqüstü zonalara təklif olunan biletlərin qiyməti 89 dollar (həmin dövr üçün 135 manat). Ən ucuz bilet isə 19 dollara idi (həmin dövr üçün 30 manat).

Bilet qiymətlərinin bahalığı ilə bağlı iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirmişdi ki, qiyməti təşkilatçılar gələcək turistlər, xarici vətəndaşlar üçün hədəfləyib:

“Yoxsa, bu cür yüksək qiymətə olan biletlərə daxili tələbat ola bilməz. Olsa da, çox az olacaq. Azərbaycanda həkimin, müəllimin, mühəndisin, təqaüdçünün illik gəliri məlumdur. İnanmıram kimsə bir neçə aylıq əmək haqqın və yaxud təqaüdünü toplayıb bir neçə günlük maşın yarışına verə. Yenə futbol, güləş və s. kimi idman növləri olsaydı bəlkə. Qoyulan qiymətlər absurddur. Azərbaycan vətəndaşının büdcəsinə uyğun deyil”.

Azərbaycan 2016-cı ildən “Formula-1” Qran-pri yarışlarını təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il iyunun 23-dən 25-nə kimi Bakıda ikinci dəfə “Formula-1” yarışları keçirilib. Yarış zamanı şəhərin mərkəzi hissəsində vətəndaşların sərbəst hərəkətinə bəzi məhdudiyyətlər qoyulmuşdu.

Paytaxtın mərkəzi hissəsindən keçən 18 ictimai nəqliyyat marşrutunun hərəkət istiqaməti də dəyişdirilmişdi.

2016-cı il iyunun 17-dən 19-a kimi Azərbaycanda ilk “Formula-1” yarışları keçirilmişdi.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər “Formula-1” Qran-pri yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.

Gənclər və idman naziri Azad Rəhimov təkcə onu demişdi ki, Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb.

Ana səhifəXəbərlər”Növbəti ”Formula 1”-ə ucuz bilet satılmayacaq”