İqtisadçı: “Kölgə iqtisadiyyatı” ləğv olunsa, manatın məzənnəsini sabit saxlamaq mümkündür”
Azərbaycanda 2018-2021-ci illərdə pul siyasətinin prioritet istiqamətləri açıqlanıb.
Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Məlumatı Mərkəzi Banka istinadən APA yayıb.
Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə makroiqtisadi koordinasiyanın gücləndirilməsi, inflyasiya hədəflərinə nail olunması sahəsində pul siyasəti və büdcə-vergi siyasəti arasında qarşılıqlı əlaqənin təmin edilməsinin ölkədə makroiqtisadi sabitliyin dayanıqlığı üçün vacib şərtlərdən biri olduğu nəzərə alınaraq, pul siyasətinin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan pul proqramının reallaşdırılması, habelə likvidliyin effektiv proqnozlaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları arasında koordinasiya, eləcə də iqtisadiyyatda gözləntilərin effektiv idarə olunmasının vacib elementi olaraq bu sahədə siyasətin aktiv kommunikasiyası və hesabatlılığın təkmilləşdirilməsi çərçivəsində müxtəlif hədəf qrupları ilə dialoqun gücləndirilməsi nəzərdə tutulub.
Bundan başqa, çevik məzənnə rejiminin iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunması, iqtisadiyyatın və tədiyə balansının tarazlaşdırılması üçün vacibliyi nəzərə alınaraq inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçidin ilkin şərti kimi üzən məzənnə rejiminin tətbiqinin davam etdirilməsi planlaşdırılır.
Bununla yanaşı, maliyyə bazarlarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasətinin operativ hədəfi kimi ilkin mərhələdə pul təklifi, sonrakı mərhələdə isə qısamüddətli faiz dərəcəsindən istifadə edilməsi, pul siyasətinin yeni əməliyyat lövbəri kimi qısamüddətli faiz dərəcəsindən istifadə olunması üzrə monetar islahatlar proqramının hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulub.
İqtisadçı alim Nazim Bəydəmirli Meydan TV-yə açıqlamasında Mərkəzi Banka tövsiyə edib:
“Yaxşı olar ki, bank ölkə başçısının tapşırığına uyğun olaraq başqa kommersiya bankları və dövlətin fiskal siyasətini yürüdən orqanlarla birgə nağdsız ödənişlərin stimullaşdlırılmasını həyata keçirib, “kölgə iqtisadiyyatı”nı azaltmağa nail olsun. Mərkəzi Bankın açıqladığı strategiyada nəinki “üzən məzənnə” ilə bağlı, heç pul-kredit siyasətinin də perspektivini görmürəm”.
Sabiq deputat deyib ki, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın ÜDM-in 80 faizindən yuxarı olduğu hamıya bəllidir:
“Nazirlər Kabinetinin cari ilin 9 ayına həsr olunan müşavirəsində səslənən rəqəmləri götürsək, fiziki şəxslərin gəlir vergisini ödəyənlərin sayı 900 mindən artıq deyil. Əslində, məşğul əhalinin sayı 3,6 milyon göstərilir. Bunların Sosial Müdafiə Fonduna sosial sığorta haqlarını nəzərə alsaq, orta pensiya haqqı 2 dəfə yüksək olmalıdır. Təbii ki, dövlət büdcəsindən də heç bir subsidiya (transfert) almadan. Bütün bunlar “kölgə iqtisadiyyatı”nın yüksək olduğunu göstərir.
İqtisadiyyat şəffaflansa, “kölgə iqtisadiyyatı” ləğv olunsa, ölkədə iqtisadi fəaliyyətin nəticəsində real iqtisadiyyat hesabına daxili tələbatı ödənilsə, qeyri- neft məhsulları üzrə ixrac idxalı üstələsə, manatın məzənnəsini açıq bazarda sabit saxlamaq mümkündür. Bütün bu sadaladıqlarımız olmayana qədər Mərkəzi Bank yenə də inzibati metodlara üstünlük verəcək. Təbii ki, iqtisadiyyat tam şəffaflaşmasa, hər hansı bazar məzənnəsindən söhbət açmaq mümkün deyil. Yaxşı olardı, hökumət məmur sahibkarlığını ləğv etsin, inhisarlaşmanı aradan qaldırsın, sahibkarların fəaliyyətini stimullaşdırsın, həm də onların ucuz maliyyə resurslarlına çıxışını asanlaşdırsın. Mövcud strategiya iki-üç cümlədən ibarət olmalıdır və həyata keçirilməlidir, qalan fikirlər real iqtisadiyyatla heç bir əlaqəsi olmayan söz yığınıdır”.