“Əliyev rejiminin qurulması və möhkəmlənməsi səssiz qalan insanlardan asılıdır“
Azərbaycanlı gənc Fatimə Mövlamlı yaşadığı ölkənin prezidenti İlham Əliyevi hər yerdə, televiziyada, küçədəki elan lövhələrində, məktəbdəki portretlərdə və tibb mərkəzlərində görməyə alışıb. O, müxtəlif şəraitdə çəkilmiş fotolarda: uşaqların, kəndlilərin, işçilərin, xoşbəxt Azərbaycan xalqının xoşbəxt vətəndaşlarının ətrafında ikən gülümsəyir. Fatimə böyüdükcə, bu qaçılmaz gülümsəmə də onu izləməyə davam etdi.
Lakin Fatimə 17 yaşına çatdıqdan sonra ətrafına baxdı və fərqli bir mənzərə gördü: baxmayaraq ki, diktator böyük və kiçik afişalarda hamıya gülümsəyirdi, ancaq nadir hallarda insanlar bu gülümsəməyə qarşılıq verirdi. Gülümsəmələr yavaş-yavaş və tədricən narahatlıq, qorxu və ümidsizliyə gətirib çıxarırdı. Ətrafına baxanda Mövlamlı ölkənin diktator tərəfindən idarə olunduğunu gördü.
Buna görə də İlham Əliyev 2018-ci ilin fevral ayında növbədənkənar seçkilərin keçirilməsi üçün çağırış etdikdən sonra hərəkətə keçməyə qərar verdi. 26 mart tarixində Mövlamlı Əliyev hakimiyyətinə diqqət çəkmək məqsədilə Avropada yaşayan azərbaycanlı miqrantlar tərəfindən başladılan “Diktatoru tanıdaq” aksiyasını keçirmək üçün İlham Əliyevin afişalarını götürərək evdən çıxdı. Daha çox məlumatın əks olunduğu afişalarda QR kodları var idi. Mövlamlı diktatura və Əliyevin öz hakimiyyətini daha da gücləndirmək üçün seçkilərdən istifadə etməsi haqqında insanları daha çox məlumatlandırmaq qərarına gəldi.
“Mən bunu gənclərimizin mübarizə qabiliyyətlərini itirmədiklərini göstərmək və insanların cəsarətlərini toplamaları üçün etmişəm” – Mövlamlı dedi.
Mövlamlı dərhal Binəqədi rayon polis şöbəsinə çağırıldı və orada beş saat müddətində dindirildi. Sərbəst buraxıldıqdan sonra, Mövlamlı 31 Mart mitinqinə qatıldı və elan etdi ki, həbslər onun kampaniya aparmasının qarşısını ala bilməz. O, mitinqdən sonra hakimiyyət tərəfindən oğurlandığını və Azərbaycanın qanunlarına zidd olaraq beş gün içərisində ailəsi və dostları ilə xəbərləşə bilmədiyini deyir. Mövlamlı azadlığa çıxdıqdan bir neçə gün sonra onun haqqında yayımlanan video haqqında danışarkən soyunmağa məcbur edildiyini, bundan sonra onun videosunun çəkildiyini, ailəsi və ya hüquqşünasla xəbərləşmədən bir neçə gün İnsan alveri ilə Mübarizə Baş İdarəsində saxlanıldığını iddia edir.
Bu məqalə üçün müsahibə verərkən Mövlamlı qaçırılmasını gözləmədiyini söylədi:
“Mənim yalnız 17 yaşında olmağım və təcrübəmin olduqca məhdud olması faktını nəzərə alsaq, təbii ki, baş verən hadisələri çox dəqiqliklə öncədən görə bilmirdim. Mən həbs oluna biləcəyimi düşünürdüm. Lakin qaçırılmağımı, böhtan atılmasını gözləmirdim. Belə güclü hökumətin 17 yaşlı bir qızla bu cür amansız və qeyri insani rəftar edəcəyi ağlıma da gəlməzdi”.
Mövlamlı və 11 apreldə keçirilən növbədənkənar seçkinin əleyhinə aparılan bu kampaniyada iştirak edənlər düşünür ki, faktiki olaraq seçkilərə beynəlxalq ictimaiyyət tərəfindən çox qınaq olmadı və İlham Əliyevin dördüncü dəfə prezident seçilməsi faciə idi. Ancaq Avrasiyadakı digər diktaturalar kimi Əliyev rejimi üçün də bu seçkilər yalnız güclü qəsbkarlıq mexanizmidir.
Növbədənkənar seçki epidemiyası
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Böyük Britaniyada, Çexiyada və Türkiyədə keçirilən seçkilərə istinad edərək deyir ki, demokratiyada növbədənkənar seçkilər adətən siyasi böhran dövründə baş verir. Lakin 2015-2016-cı illərdə Qazaxıstan və bu il də Azərbaycan kimi avtoritar ölkələrdə növbədənkənar seçki mexanizmi hakimiyyətin daha da möhkəmləndirilməsi üçün tətbiq olunur:
“Ancaq Əliyev dərhal seçkiyə çağıra bilməzidi.Buna görə də, o, əvvəlcə 2016-cı ildə referendum keçirdi. Bununla da prezidentlik müddətini uzatdı və prezidentə istədiyi vaxt seçki keçirməsi üçün səlahiyyət verdi”.
Anar Məmmədli əlavə edir ki, bu addımlar 2018-ci ilin aprel ayında növbədənkənar seçkilərin keçiriləcəyindən xəbər verirdi:
“Referendum Prezidentə prezidentlik müddətini yeddi ilə kimi uzatmaq, prezident tərəfindən təyin olunan vitse-prezident institutunu formalaşdırmaq kimi əlavə səlahiyyətlər verdi. Eyni zamanda 2016-cı ildə Azərbaycanda insan haqları böhranı daha da pisləşdi. Beləliklə, Qərblə münasibətlər yarandı, sosial-iqtisadi böhran xalq arasında müəyyən bir narazılıq doğurdu” – Anar Məmmədli qeyd edir. O, 2018-ci ilin aprel ayında növbədənkənar seçki keçirməklə Əliyevin maksimum nəzarəti gücləndirməyə və səlahiyyətlərini daha da artırmağa çalışdığını əlavə edir.
Anar Məmmədlinin fikrincə, heç bir səbəb olmadan keçirilən növbədənkənar seçkilərin qarşısını almaq üçün xüsusi beynəlxalq mexanizmlər yoxdur. Ancaq o qeyd edir ki, belə seçkilərin keçirilməsi prinsiplərini ifadə edən beynəlxalq sənədlər var:
“BMT-nin mülki və siyasi hüquqlara dair konvensiyasına əsasən seçkilər məqbul vaxtda keçirilməlidir. Bu, o deməkdir ki, belə bir prinsip var, amma heç bir mexanizm yoxdur. Çünki seçki prosesinin bir çox milli xüsusiyyəti var və bunu hesablamaq çətindir. Heç bir universal mexanizm yoxdur. Bu baxımdan hər kəs hər bir vətəndaşın siyasi seçim etmək üçün öz hüququnundan istifadə etmək imkanını nəzərə almalıdır”.
Hətta mən 44 yaşımda olsam da
Sadə bir suala, “İlham Əliyevin yenidən seçilməsindən xəbər tutanda nə hiss etdiniz?” sualına Fatimə Mövlamlı cavab vermədən öncə bir az dayanıb düşündü:
“Mən yalnız insanları günahlandırdım. Niyə? Çünki bir uşaq da Əliyevin yenidən prezident seçiləcəyini təxmin edərdi. Bunun qarşısını almaq üçün lazım olan tək şey xalqın qalxması idi, onu da etmədilər”.
Onun fikrincə, Əliyev rejiminin qurulması və möhkəmlənməsi səssiz qalan insanlardan asılıdır və insanlar səssiz qaldıqdan sonra prezident özünü dördüncü dəfə deyil, on dördüncü dəfə yenidən seçə bilər:
“Tək çıxış yolu xalqın sivil cəmiyyətlərdə olduğu kimi ayağa qalxması və etiraz etməsidir”.
İndi ölkədən çıxışına qadağa qoyulması məsələsi ilə qarşılaşan Mövlamlının Əliyevin hazırkı prezidentlik müddəti başa çatanda 24 yaşı olacaq . Bu həqiqətə toxunaraq o deyir: “Mənim mübarizəmin arxasında dayanan əsas səbəb ədalətsizliyə qarşı mübarizənin mənim vətəndaşlıq vəzifəm olduğunu başa düşməyimdir. 24 yaşımı unudun. Əgər o prezident olmağa davam etsə, 44 yaşı olsa belə Fatimə Mövlamlı öz mübarizəsini davam etdirəcək”.
“Ən qorxulusu budur ki, növbəti hakimiyyət illərində iqtidar xalqın gücünü görməsə, onların qalxdığını görməsə, mən düşünürəm ki, daha faciəvi hadisələr görəcəyik. Azərbaycan Şimali Koreyadan fərqlənməyəcək və mən bunun baş verməsini istəmirəm”.
(Məqalə ixtisarla tərcümə olunub)