Onun üzərinə asetonla yağlı boya atılıb
Rusiyanın müstəqil qəzeti “Novaya qazeta”nın baş redaktoru, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratovun hücuma məruz qaldığı bildirilir.
“Novaya qazeta” xəbər verir ki, iki nəfər naməlum şəxs qatar vaqonunda Muratova hücum edib.
Jurnalistin sözlərinə görə, hadisə Moskvanın Kazanski vağzalında qatar kupesində baş verib, onun üzərinə asetonla yağlı boya atılıb.
“Onlar kupeyə asetonla yağlı boya töküblər. Gözlərim dəhşətli dərəcədə yanır. Moskva-Samara qatarının hərəkəti 30 dəqiqədir ki, dayandırılıb”, – Muratov bildirib.
Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Muratovun üzərinə qırmızı boya tökən iki şəxsi axtarır və faktla bağlı araşdırma aparılır.
Dmitri Muratov mart ayında Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb.
O, hərracdan əldə onunan gəliri Ukrayna Qaçqınlar Fonduna bağışlayacağını bildirib.
“Ukrayna qaçqınlarının sayı artıq 10 milyondan çoxdur”, – deyə Muratov medalın satılması üçün hərrac evlərindən yardım istəyib.
Baş redaktor həmçinin tərəfləri döyüşləri dayandırmağa, əsirləri dəyişdirməyə, həlak olanların cəsədlərini qaytarmağa, humanitar dəhlizlərin açılmasına, qaçqınlara yardım edilməsinə səsləyib.
Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.