Notları ilə sevişdiyim musiqi…

Dinləməyə imkanım belə olmayanda, sevgilim kimi düşünürəm bu melodiyanı

Source:

Alman bəstəkarı Lüdviq Van Bethoven deyirdi: “Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır. Təəssüf ki, bunu anlayan insanlar çox azdır”. Richard Clayderman-ın məşhur bəstəsi “Coup de coeur” mənə bu dünyada bir növ ən ideal məkanda, ən gözəl qadınla sevişməyimi hiss etdirir. Bənzətməni yanlış anlamayın lütfən. Mən bu möhtəşəm ifanı dinlərkən gözlərim yaşarır, qeyri-ixtiyari dodağımı dişləyirəm. Qanımda avtomotik xoşbəxtlik hormonu “endorfin” əmələ gəlir. Əhvalım göyün yeddinci qatına yüksəlir. Uçuram…

Hazırda həmin melodiyanı dinləyirəm. Ah, bilsəniz indi necə üzüm gülür, necə xoşbəxt hiss edirəm özümü. Musiqinin notları ilə sevişirəm.. Mmm.. Hər gün bəlkə də 40 dəfə dinlədiyim bu musiqi mənim üçün dünyanın ən cazibədar və ən gözəl səsli qadının səsini duymaq, onu sevmək, oxşamaq və onun təravətli ətrini hiss etmək kimidir.

Bir çox insan bəlkə də aşırı mübaliğə işlətdiyimi düşünə bilər. Amma mən bu ifaya aşiqəm. Dinləməyə imkanım belə olmayanda, sevgilim kimi düşünürəm bu melodiyanı. Əsəbiləşəndə və sıxıntı keçirəndə mənə dərman olur. Məsələn, o gün evimizdə kiçik söz-söhbət olmuşdu, əvvəlki kimi (yəni gəzən vaxtlarımda) durub, çıxa bilmədiyim üçün evdən, (6-cı mərtəbədən əlil arabası ilə təkbaşına çıxmaq mümkünsüzdür) qulaqlığı taxıb, yüksək səslə pozitivə kökləndim. Musiqini dinlədim və çox yaxşı oldum.

Bilirsiniz, musiqinin insan orqanizminə və ruhuna faydaları çoxdur. ABŞ-dakı “Massaçusets” xəstəxanasında ürək əməliyyatı olan xəstələr arasında aparılan araşdırmalara görə, əməliyyatdan sonra Motsartın sonatalarını dinləyən xəstələr digərlərindən daha tez sağalıblar. Araşdırmalarda bu da müəyyən olub ki, səbəbi bilinməyən ağrılardan əziyyət çəkən xəstələr yalnız musiqi ilə ağrılarını azalda bilirlər. Bu xəstələrə daha çox klassik musiqi, xüsusilə də Motsart və Bax məsləhət görülür.

Yuxarıda xoşbəxtlik hormonu “endorfin”-i qeyd etdim. Adətən xoşladığım dondurma və şokoladı yeyəndə və ya öpüşəndə yaranan hormon, məhz “Coup de coeur”-u da dinləyəndə də əmələ gəlir qanımda. İnanın, əlilliyimə görə tez-tez yaranan ağrılarımı da unutdurur mənə. Endorfinin çox olduğu halda – insan özünü tam güclü, enerji dolu, optimistik və təmamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur. Hətta bir yerdə oxumuşdum: “O xəstələr ki, müalicəvi dozada musiqi və rəssamlıq təyin edilmişdir, onlarda digərləri ilə müqayisədə daha az ağrıkəsici preparatlara ehtiyac qalıb. Bundan əlavə onların qan təzyiqi normallaşıb”.

Məndə də çox vaxt təzyiq aşağı olduğu üçün, “endorfin”-ə həmişə ehtiyac duyuram.

“Coup de coure”-dən əlavə mənə xoşbəxtlik hissini Elton Conun ”Wiothout question” və Aygün Kazımovanın ”Məhəbbət üçbucağı” musiqiləri də bəxş edir. 2000-ci ildə ABŞ-da ekranlaşdırılmış “The road to El Dorado” uşaqlıqdan bəri ən sevdiyim animasiyalardan biridir. Elton Conun orda səsləndirdiyi “Without question” ifası məni xəyali olaraq, ideal və xoşbəxt insanların məkanı “El Dorado”-ya aparır və mənə sevinc hissi yaşadır.

Şəxsiyyətindən çox səsini bəyəndiyim Aygün Kazımovanın “Məhəbbət üçbucağı” musiqisi məni çılğın atmosferə salır. Musiqi mənə həm də ən sevdiyim əsərlərdən biri olan Haruki Murakaminin “Norwegian wood” (“Norveç meşəsi”)-ni xatırladır. Bir vaxt mən də həmin əsərin qəhrəmanı Vatanebe kimi qeyri-ənənəvi məhəbbət üçbucağı yaşamışdım. Nə yaxşı, bu musiqilər var.

Küçədə-bayırda həmişə yanımda qohum, dost-tanış olur. Onlarsız tez-tez rastlaşdığım maneələri keçə bilmərəm əlil arabamla. İnfrastruktur o qədər zaydır ki, bir neçə dəfə təkbaşına hərəkət edəndə yıxılmışam. Ona görə, tək çıxmıram ora-bura. Təbii ki, özümü “qarantiyaya” almalıyam. Amma çox vaxt şəhərin mərkəzində olanda bəzi yerlədə, əsas da dəniz kənarı bulvarda qulaqlıqları taxıb, əlil arabamla surətlə şütüyürəm müəssərlikdən istifadə edib. İlk dəfə bunu edəndə, özümü necə xoşbəxt hiss edirəmsə, həmişə bu duyğu məni qoynuna alır.

Vauu.. Musiqi ilə paralel insanların arasından keçmək, onlara gülümsəmək necə də xoş duyğu. Hərçənd bunu həmişə etmək imkanım olmur. Yenə də ağlamaq kimi sayılmasın, o qədər zəngin deyiləm ki, yaşadığım qəsəbədən şəhərin mərkəzinə hər dəfə gəlib-gedəndə, taksiyə 20-25 manat verim. Eybi yox. Darıxmayaq. Belə getməyəcək əlbəttə. Ədalət öz yerini tapacaq və mən musiqi ilə duyduğum ruhi xoşbəxtliyi cəmiyyətimizdə əyani şəkildə görəcəm!

Ana səhifəMənim FikrimcəNotları ilə sevişdiyim musiqi…