Hər iki ölkə Mehman Əliyevin azad olunması ilə bağlı bəyanat yayıb
Almaniyanın İnsan hüquqları üzrə federal komissarı Berbel Kofler avqustun 29-da Azərbaycanda ”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanatla çıxış edib.
“”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi haqqında xəbərdən narahat oldum”, – deyə Kofler bildirib.
M.Əliyevə qarşı cinayət təqibi nəticəsində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. ”Turan”-ın bank hesablarının bağlanması ilə əlaqədar agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətindədir.
“Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət əvvəlkindən daha çox narahatlıq doğurur. Mən Azərbaycan hökumətini fikri ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə çağırıram. Mehman Əliyevin məsələsini və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti diqqətlə izləməyə davam edəcəyəm”, – deyə Kofler bildirib.
Norveç Xarici İşlər Nazirliyi isə rəsmi ”Twitter” hesabında Mehman Əliyevi azadlığa buraxmağa çağırıb.
””Turan” İnformasiya Agentliyinin düşdüyü vəziyyətdən və Azərbaycandakı azad medianın hazırki durumundan narahatıq”, – deyə bildirib.
”Turan” uzun illərdir Azərbaycanda yeganə müstəqil informasiya agentliyi olaraq qalırdı. Azərbaycan 2017-ci ildə “Sərhədsiz Reportyorlar”ın Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri tutub.