Norveç Helsinki Komitəsi

Mənbə: Norveç Helsinki Komitəsi

Başlıq: Norveç Helsinki Komitəsi

Norveç Helsinki Komitəsi: Azərbaycanda qadınlar müdafiəsizdir

Məqalə yeniləndi:  24 May 2021

Vəfa Rüstəm: “Qanunlar yalnız kağız üzərindədir”

“Azərbaycanda qadınlara qarşı məişət zorakılığı var. Bu, qadınlara qarşı zorakılıqla mübarizənin təməl prinsipinə ciddi zərbədir”.

Norveç Helsinki Komitəsinin bu yaxınlarda açıqladığı hesabatda belə deyilir.

Komitə bildirir ki, məişət zorakılığı ilə üzləşən qadınların müdafiə və dəstəyə ehtiyacı var: “Ancaq bu baxımdan Azərbaycan qanunvericiliyində boşluqlar var. Eyni zamanda, hüquqi qoruma qeyri-adekvatdır və məişət zorakılığı kimi hallarda qadınlar müdafiəsizdir”, - hesabatda qeyd edilir.

“Azərbaycan vəziyyəti düzəltmək üçün təcili tədbir görməlidir”

Norveç Helsinki Komitəsi bəyan edir ki, Azərbaycan hökuməti vəziyyəti dəyişmək üçün addım atmasa, qadınların həyatını riskə atmağa davam edəcək: “Azərbaycan hökuməti məişət zorakılığı üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün təcili tədbirlər görməlidir”.

Hesabatın 2020-ci ildə Azərbaycanın aparıcı fəalları ilə əməkdaşlıq əsasında hazırlandığı vurğulanır.

Azərbaycanda Məişət Zorakılığı Haqqında Qanun 2010-cu ildə qəbul edilib, ancaq həmin qanunun fəaliyyət planı 2020-ci ilin noyabrında təsdiqlənib.

Fəaliyyət planının təsdiqlənməsi ümumi mənzərəyə nə qatıb?

Hüquqşünas Vəfa Rüstəm deyir ki, 11 il əvvəl məişət zorakılığı ilə bağlı qanun qəbul edilib və qüvvəyə minib: "Qanundan 10 il sonra 2020-ci il noyabrın 27-də "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" qəbul edildi, amma real praktikada çox az irəliləyiş görə bilirik. Müşahidələrimə əsasən, bir qism vəkillərə bu sahədə təlimlər keçirilir, qadın hakimlərin, vəkillərin, deputatların sayı artıb, az-maz avtobus və başqa ictimai yerlərdə qadın hüquqları ilə bağlı posterlər görə bilirik (ondan da çox azı həqiqətən stereotiplərdən uzaq və faydalı olur), etiraz edən, boşanmağa cəsarət edən qadınların az da olsa, sayı artıb. Bununla belə, qanun illərdir qüvvədə olsa da, bu günədək zərərçəkmişlərə pulsuz hüquqi yardımla bağlı mexanizm yoxdur”.

Vəfa Rüstəm

Vəfa Rüstəm

Mənbə: Vəfa Rüstəmin şəxsi arxivindən

“Ucqarlarda, əyalətlərdə qadın sığınacaqları yoxdur”

Hüquqşünasın fikrincə, beynəlxalq standartlara əsasən, hər 10 min nəfərə bir məişət zorakılığından zərərçəkmiş qadını öz uşağı ilə qəbul etmək qabiliyyətinə malik sığınacaqlar olmalıdır: "Bizdə cəmi 2 sığınacaq var və 1-i də açılmaq üzrədir. Ucqarlarda, əyalətlərdə yaşayan qadınların əhəmiyyətli hissəsi üçün həmin sığınacaqlar əlçatmazdır. Mühafizə orderlərinin verilməsi yerli icra hakimiyyəti orqanlarına və icrası icra məmurlarına həvalə olunub. Onlar 7/24 saat iş başında deyillər, həftə sonları fəaliyyət göstərmirlər. Yerli icra hakimiyyəti orqanlarının böyük əksəriyyəti ümumiyyətlə, bilmir mühafizə orderi nədir və dərhal verilməlidir”.

“Qadınların böyük əksəriyyəti hüquqlarından xəbərsizdir”

Vəfa Rüstəm deyir ki, digər problem döymə, psixoloji zorakılığın kriminallaşdırılmamasıdır. Hüquq mühafizə orqanları tərəfindən məişət zorakılığından zərərçəkmiş qadınlara gender həssas yanaşma tətbiq edilmir: “Bütün bunlar qadınlara qarşı zorakılıq o cümlədən məişət zorakılığı sahəsində mexanizmlərin səmərəsizliyini göstərir. Maarifləndirmə işləri zəifdir. Qadınların böyük əksəriyyəti hüquqlarından xəbərsizdir. Halbuki məişət zorakılığı ilə mübarizədə gender bərabərliyinin təbliği, gender stereotiplərlə mübarizə vacib məsələdir, ancaq bizdə yox dərəcəsindədir”.

“Hüquq müdafiə mexanizmi yoxdursa, deməli, qadınların hüquqları real yox, xəyalidir”

Ölkədə məişət zorakılığı qurbanları üçün xüsusi fondların olmamasına da toxunan hüquqşünas bildirir ki, onlara dövlət tərəfindən kompensasiyaların ödənilməsi də nəzərdə tutulmayıb: “Bu sahədə qanunların olması yaxşıdır, amma tətbiqi yoxdursa, səmərəli hüquq müdafiə mexanizmləri yoxdursa, o deməkdir ki, qadınların hüquqları real yox, xəyali hüquqdur”.

“Qanunlar yalnız kağız üzərindədir”

Gender aktivisti Gülnarə Mehtiyeva isə bildirir ki, məişət zorakılığının aradan qaldırılacağını təmin etməli olan hər hansı sənəd və qanunu o yalnız kağız üzərində görə bilir: “Ökədə çoxlu sayda qadın öz hüquqlarından xəbərdar deyil, yaxud məişət zodakılığı halında müdafiə olunacağına dair dövlətə hər hansı etibarı yoxdur”.

Gülnarə Mehdiyeva

Gülnarə Mehdiyeva

Mənbə: Meydan TV

Gülnarə Mehdiyeva polis və məhkəmə sisteminə qarşı da əhalidə etimadın az olduğunu söyləyir: “Məişət zodakılığı ölkədə hələ də kriminal deyil. Əgər şikayətçi ilk dəfə zorakılıqdan şikayət edirsə və sağlamlığına ağır ziyan dəyməyibsə, bu halda zərərverən şəxs kiçik cərimə ilə vəziyyətdən xilas ola bilər və ardınca belə bir şikayəti etdiyi üçün zərərçəkən şəxsi daha böyük təzyiqlərə məruz qoya bilər”.

Gender aktivisti deyir ki, bu da əksər hallarda şikayət etmək üçün motivasiyanı azaldır: “Ötən ilin dekabrında verilən vədlərə görə, qarşıdakı illərdə ölkədə sığınacaqların sayı artırılacaqdı. Hələlik bu sahədə hansı yeniliklərin olacağını gözləyirik”.

“Real rəqəmlər zorakılıqla bağlı rəsmi statistikadan qat-qat yüksəkdir”

Dövlət Statistika Komitəsi 2020-ci ildə qadınlara qarşı 1180 məişət zorakılığı halının qeydə alındığını bildirir.

Vəfa Rüstəm isə bildirir ki, zorakılıqların latent xarakteri nəzərə alınsa, real rəqəmlər qat-qat yüksəkdir, çünki bir qayda olaraq məişət zorakılığından zərərçəkmiş şəxslər bu barədə danışmamağa, dövlət orqanlarına müraciət etməməyə meyllidirlər: “Bunun da çeşidli səbəbləri var, başına gələnlərdən utanmaqdan tutmuş, hüquqlarını bilməməyə, yaxud hüquqlarını müdafiə edən qadının ətrafdakılar tərəfindən damğalanmasına, hüquq mühafizə sisteminin səmərəli olmamasına, ədalət mühakiməsinə çatımlılığa maneələrin olmasına kimi müxtəlif səbəblər göstərə bilərik".

"Dövlət Statistika Komitəsinin 2019-cu ildəki rəsmi dövlət statistikasına əsasən, məişət zorakılığı nəticəsində zərərçəkənlərin 76.4 faizi (1038 nəfər), məişət zorakılığı zəminində öldürülənlərin 84.1 faizi, əzaba verilmiş zərərçəkənlərin isə 88.9 faizi qadın olub. Bu rəqəmlər açıq-aşkar göstərir ki, ölkədə qadına qarşı ciddi ayrı-seçkilik var. Bu ayrı-seçkiliyi əhalinin məşğulluğu, iqtisadi göstəricilərlə bağlı statistikada da görürük. Qadınlar patriarxal ənənələrin, gender bərabərsizliyinə əsaslanan stereotiplərin qurbanıdırlar”, - Vəfa Rüstəm belə deyir.

Pandemiya dövrü məişət zorakılığı artıb?

COVID-19 pandemiyası dövrünə düşən son bir il, yəni karantin dövründə bütün dünyada olduğu kimi Azərbaycanda da ailədaxili zorakılıq halları artıb.

İzolyasiya şəraiti və eləcə də qurbanlara yardım imkanlarının məhdud olması onların lazımı kömək almasını çətinləşdirib.

COVID 19-la mübarizə məqsədi ilə tətbiq edilən karantinin elə ilk həftələrindən bəzi Avropa Birliyi və eləcə də digər ölkələrdə ailədaxili zorakılığın üç dəfə artığı müşahidə edilib.

Bakıdakı Qadın və Uşaq Sığınacağına isə karantinin ilk ayında 14 qadın müraciət edib. Sığınacağın rəhbəri Mehriban Zeynalova belə deyir.

Mehriban Zeynalova

Mehriban Zeynalova

Mənbə: Meydan TV

BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk günlərdən karantin rejiminin dünyanın bütün ölkələrində ailədaxili zorakılığın artmasına səbəb olacağını bildirmişdilər.

ÜST-ün məlumatına əsasən, qadınlara dəstək xidmətlərinə ərləri və ya partnyorları tərəfindən zorakılığa məruz qalmaları haqda müraciətlər 2019-cu ilin apreli ilə müqayisədə 2020-ci ilin eyni dövrü 60 faiz artıb.

“Qaynar xətt”lərə müraciətlər isə ümumilikdə beş dəfə çoxalıb.

ÜST-nın nümayəndəsi Hans Klüqen bildirib ki, zorakılığın artmasının səbəbləri arasında iş yerlərinin itirilməsi, alkoqol istifadəsinin artması, eləcə də çoxunu narahat edən stress, qorxu və həyəcan da var.

“Hökumət qadın hüquqlarını müdafiə edən aktivist və feministlərə də təzyiq edir”

Gülnarə Mehdiyeva deyir ki, Azərbaycandakı durumun ağırlığı hökumətin vəziyyətdən çıxış yolu üçün hər hansı addım atmaq istəməməsidir: “Hökumət bu sahədə islahat aparmaq üçün ciddi maraq göstərmir. Bu azmış kimi, qadın haqlarının qorunması üçün tələblər irəli sürən və fəaliyyət göstərən aktivistlərə, feministlərə də təzyiqi davam etdirir”.

“Amnesty İnternational” Beynəlxalq Təşkilatı da mayın 12-də keçirdiyi brifinqdə Azərbaycan hakimiyyətini qadın hüquq müdafiəçiləri və fəallara qarşı gender əsaslı şiddət kampaniyasına dərhal son qoymağa, vəziyyəti araşdırmağa və istər fərdi, istər vəzifəli, istərsə də təhlükəsizlik qüvvələrinin əməkdaşları olan şəxsləri ədalət mühakiməsinə cəlb etməyə çağırıb.

“Azərbaycanda ictimai fəallıqla məşğul olan qadınlara böhtan atılır”

Təşkilat bildirib ki, qadın aktivistlərin şiddətə məruz qalması Azərbaycan hökumətinin tənqidçilərini susdurmağa və qadınların siyasi və ictimai fəallığını yatırmağa yönəlmiş strategiyanın bir hissəsidir.

Təşkilat həm özləri siyasi və ya ictimai fəallıqla məşğul olan qadınlara, həm də kişi fəallarla əlaqəsi olan qadınlara böhtan atmağa və onları susdurmağa yönəlmiş sistemli cəhdləri sənədləşdirib.

“Bir tərəfdən onlar böhtan kampaniyalarına məruz qalır və “pis həyat yoldaşı” və ya “pis ana” olmaqda ittiham olunur. Digər tərəfdən, onlar sosial şəbəkələrdəki hesabları sındırılmaqla və şəxsi yazışmalarının, şəxsi məlumatlarının və cinsi xarakterli materialların dərc edilməsi ilə şantaj edilir. Son iki ildə ən az 15 belə hadisə olub və bu halların sayı artır”, – təşkilat bəyan edib.

"Dövlət müvafiq addımlar atılmalıdır"

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Asim Mollazadə deyir ki, qadınlara qarşı zorakılıq əsasən pandemiya dövründə artıb: "Qadınlara qarşı zorakılıq dünyanın bir sıra bölgələrində də artıb. Bu, pandemiyanın olduğu müddətdə daha çox diqqət çəkir".

Asim Mollazadə

Asim Mollazadə

Mənbə: Asim Mollazadənin şəxsi arxivindən

Deputat hesab edir ki, bu halların qarşısını almaq Azərbaycan üçün də çox mühüm əhəmiyyət kəsb edir:

"Qadınların cəmiyyətdə rolu Azərbaycan üçün tarixi dəyərdir. Çünki Azərbaycan əksər Avropa ölkələrdindən qadınlara daha tez seçmək və seçilmək hüququ verib. Şərqdə təhsil hüququ və cəmiyyətdə dialoq əldə etmək haqqını ilk dəfə məhz Azərbaycan qadınları qazanıblar. Onun üçün qadınların hüquqları ilə bağlı bütün problemlərə diqqətlə yanaşmaq lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərə ciddi yanaşıb hər bir faktı araşdırmalı, dövlət tərəfindən müvafiq addımlar atılmalıdır. Nəhayət, Milli Məclisin müvafiq komitəsi də dövlət komitəsi ilə birgə hər bir faktı araşdırıb iş planını müzakirə etməli və zəruri addımlar atmalıdır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7htw4i

Ən çox baxılan