Norveç Helsinki Komitəsi Azərbaycan hökumətinə çağırış edib

Söz azadlığı. Foto: Meydan TV

“Həbs edilmiş jurnalist və hüquq müdafiəçiləri dərhal azad edilməlidir”

Norveç Helsinki Komitəsi jurnalistlər Şəmşad Ağa və Şahnaz Bəylərqızının həbsinə reaksiya verib.

Komitə bəyanatında jurnalistləri azad etməyə çağırır.

“Ötən həftə Azərbaycanda iki tanınmış jurnalist hakimiyyət orqanları tərəfindən saxta ittihamlarla həbs edilib. Şahnaz Bəylərqızı son aylarda həbsdə olan səkkizinci qadın jurnalistdir. Bəylərqızı və keçmiş həmkarı Şəmşad Ağa hər ikisi 2024-cü ildə bağlanan müstəqil xəbər orqanı olan “Toplum TV”-də işləyiblər. Norveç Helsinki Komitəsi qanunsuz həbs edilmiş jurnalistləri və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır”, – Komitənin bəyanatında deyilir.

arqument.az” saytının baş redaktoru, Meydan TV-nin əməkdaşı Şəmşad Ağa (Ağayev) 2025-ci il fevralın 5-də “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş (Qənbərova), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.

Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırkı iş “Toplum TV” ilə bağlı cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Son il yarım ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub.

Onların arasında “AbzasMedia”, “Toplum TV”, “Kanal 13”, “Meydan TV” və digər media orqanlarının əməkdaşları var.

Ana səhifəXəbərlərNorveç Helsinki Komitəsi Azərbaycan hökumətinə çağırış edib