Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azadlığa buraxmağa çağırıb

Tofiq Yaqublu – Foto: Facebook şəxsi arxivindən

“Onun sağlamlığı təhlükə altındadır”

Beynəlxalq İnsan Haqları Təşkilatı Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunu dərhal azadlığa buraxmağa çağırıb.

Bəyanatda bildirilib ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhəti, yaşı və onilliklər boyu fəaliyyətinin qeyri-zorakı xarakterini nəzərə alaraq, onun azad olunması həm əhəmiyyətli humanitar jest olar, həm də mümkün faciəni önləyə bilər.

“Aclıq aksiyasındakı hər gün onu geri dönüşü olmayan sağlamlıq problemlərinə bir addım da yaxınlaşdırır – onun sağlamlığı təhlükə altındadır”, – komitənin bəyanatında deyilir.

Bu gün, aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe də Tofiq Yaqubluya azadlıq tələb edib.

“Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir. O, haqsız yerə həbs edilib.  Həyatı təhlükədədir. O, dərhal azad edilməlidir”, – Şvabe bildirib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib. O, qərara etiraz olaraq aprelin 1-dən aclıq elan edir.

Ana səhifəSiyasətNorveç Helsinki Komitəsi Tofiq Yaqublunu azadlığa buraxmağa çağırıb