Zərdüşt Əlizadə

Mənbə: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Nooldu, Paşinyan?

Məqalə yeniləndi:  13 Noyabr 2020

Xankəndinin 2-3 kilometrliyində dayanmağın səbəbi

Ermənistanın Baş naziri, əlbəttə, bu kinayəli suala cavab verməyəcək. Ona görə yox ki, deməyə sözü yoxdur. Xeyr, Nikol dildən pərgardır və çox söz deyə bilər. Sadəcə indiki məqamda başı qarışıqdır.

Bu sualın cavabı mənə də, son iki ildə Ermənistandakı hadisələrə azı on məqalə həsr etmiş jurnalistə də maraqlıdır. Bu sual məni də düşündürür. Odur ki, vəziyyəti təhlil edib ağlıma gələn fərziyyələri oxucumun ekranına qoymağı özümə borc və haqq bilirəm.

Ən əvvəl, birincidən də birinci! Ermənistan Qarabağ müharibəsini uduzmuş, Azərbaycan qazanmışdır. 27.09.2020-yə qədər mövcud olmuş siyasi-hərbi mizan keçmiş tarixdə qalmışdır. İlham Əliyev “Biz yeni reallıq yaratdıq, biz status-kvonu dəyişdik” deyəndə tam haqlıdır.

Lakin... Məncə, Paşinyan belə yeni reallığı istəmirdi. O istəyirdi ki, Azərbaycan Dağlıq Qarabağı tam tutsun. Məhz bu halda onun da, erməni xalqının da canı bu qanlı-qadalı və nəhayətsiz “Qarabağ problemindən” qurtulurdu. Qarabağ ermənilərinin faşizoid liderləri Ermənistanı minib sürən milli qəhrəman statusundan məhrum olub dönürdülər qaçqın statusunun sahiblərinə, Ermənistan isə Rusiyanın Qarabağ qarmağını qabırğasından ağrı ilə də olsa, çıxarırdı və səmtini Qərbə tuturdu.

Bu, Qərb başbilənlərinin məsləhətini icra edən Paşinyanın milli xilas planı idi. Əliyev bu planın uğurlu icrasını pozdu. Hər şey əla gedirdi, lakin Əliyev tam qələbənin yarım addımlığında dayandı və ölkəsinin 30 il ərzində qətiyyətlə rədd etdiyi “Azərbaycan ərazisində rus sülhməramlıları” təklifini qəbul etdi.

Nəticədə qurtarmalı olan oyun yenidən başladı. Rusiya tam olmasa da, natamam “DQR” kartı ilə həm Ermənistana, həm Azərbaycana təsir etmək imkanını özündə saxladı.

Nooldu, Əliyev? Niyə Xankəndinin 2-3 kilometrliyində dayandın?

Səbəb rusların noyabrın 9-da Bakıya atdığı və yerli Hava Hücumundan Müdafiə qoşunlarının vurub zərərsizləşdirdiyi 2 ballistik taktiki “İskəndər” raketi idimi? Yəni ardıyca 10 raket də gələ bilərdi?

Yoxsa səbəb sizinlə Putin arasında Paşinyanın devrilməsi məqsədilə əvvəlcədən gizli razılaşdırılmış məqamın yetişməsi idi?

Yoxsa səbəb bölgəyə ağalıq edən yırtıcı dövlətin başçısı ilə məhrəmanə münasibət yaradaraq öz hakimiyyətinizi möhkəmlətmək istəyi idi?

Bunu iki nəfərdən savayı heç kim bilmir və bilə də bilməz. Qalır bu oyunun gələcək gedişi barəsində yalnız ehtimal və fərziyyələr qurmaq.

Ehtimallar birinci Ermənistanın, ikinci Dağlıq Qarabağın, üçüncü Azərbaycanın gələcək taleləri ilə bağlıdır.

1.Ermənistanda hakimiyyətdə Paşinyan və onun Qərbpərəst şərti “Soros” komandası qalsa, vay onların halına! Paşinyan həm müharibədə məğlubiyyət acısını dadmaqla yanaşı, həm də tam yararsız hala düşmüş yarımcan “guya ki, DQR”-in qalıqlarını yedirtməlidir. Büdcə və iqtisadiyyat isə bərbad haldadır və kənardan köməyin həcmi əsla kifayət etməyəcək. “DQR”-də qalacaq çoxu 15-20 min adam sınıb parçalanmış xam xəyalların qırıqları kimi hələ uzun müddət nifrət və ədavət şüaları saçacaq və nə özlərini, nə də Ermənistandakı xalqı rahat yaşamağa qoyacaqlar. Ermənistanda Paşinyandan savayı kütlə rəğbətinə söykənən digər siyasi qüvvə yoxdur. Daşnaksutyun bihörmətdir, Robert Köçəryan hakimiyyətə qayıtsa belə, ortaya bir dəfə vurulmuş “Artsax” kartından başqa heç nə qoya bilməyəcək. Bu kartı isə dübarə oynamağa Ermənistanın heç bir taqəti qalmayıb. 30 il borc-xərc Rusiyanın yardımı ilə yığdığı köhnə silah cəbbəxanası son müharibə zamanı 90% məhv edilib, yenisini yığmağa isə heç bir imkan və məna yoxdur, ölkənin nəyi vardısa, hamısına Rusiya sahibdir. Qərbə yönəlmək imkanını “DQR”-in yarımçıq qalığını saxlayıb dolandırmaq öhdəliyi heçə endirir.

Ermənistanın yeganə nicatı “denasifikasiya” əməliyyatındadır, keçmişinə tənqidi baxıb ziyanlı xülyalardan qopmaqdadır, fəqət bunu nə kənardan hansısa xeyirxah qüvvə, nə də daxildə sağlam bir rəhbər və ya partiya etmək iqtidarındadır.

Təbii ki, millət ölməyəcək, sarsıntı və bəlalardan sonra hansısa çıxış yolu tapacaq, fəqət bu nicata qədər nə qədər irkilər verəcək? Bunu yalnız Astvats bilir.

2.Dağlıq Qarabağda bundan sonra əsas müşkül “təhlükəsizlik” olmayacaq, zira təhlükəsizliyi rus sülhməramlıları təmin edəcək. Keçmiş tanınmamış respublikanın əhalisinin qalığının əsas müşkülü “dolanışıq” olacaq.

Ermənistan əvvəl bu oyuncaq qurumun büdcəsinin 70%-ni ödəyirdi. Bunun da şir payı gedirdi “təhlükəsiz”liyə, yəni quldur dəstələrinin başçılarının cibinə. İndi tamam fərqlı mənzərə yaranır, BMT-nin təsdiqlədiyi sülhməramlıların fəaliyyət qaydalarına əsasən, bu qüvvələr məsuliyyətləri dairəsinə düşən ərazidə yaşayan əhalini “silahsızlaşdırmalı”dır. Yəni rus sülhməramlıları başlamalıdır, lap elə 1988-1990-cı illərin sovet milisi kimi, yerli əhalidən silahları yığmağa. Azərbaycan hakimiyyətinin cəsarəti bunu ruslardan tələb etməyə çatsa (Azərbaycanın partokrat rəhbərliyinin buna cəsarəti çatmırdı), bir neçə aydan sonra bu ərazidə heç bir silahlı qüvvə qalmamalıdır. Deməli, Ermənistan sabiq “DQR”-in ordusuna pul xərcləməyə bilər. Qaldı onların “dolanışığı”, ə bə İlham Əliyev xarici jurnalistlərə verdiyi 30 müsahibəsində demirdi ki, “Dağlıq Qarbağda qalacaq mülki ermənilər Azərbaycan vətəndaşlarıdır və hökumət onların qayğısını çəkəcək”?

Di dolandır onları...

Kimi? Əlində silah hakimiyyətə və dövlətə qarşı qiyam etmiş caniləri? Əvvəl baxaq bu qalmış ermənilər kimdir, nəkarədir, hansı işin-peşənin sahibidir! Əməli-saleh, Azərbaycan dövlətinə sadiq qalmış erməni vətəndaşımıza eşq olsun, separatçılar isə buyursun istintaqa.

Yəni, bu ehtimal mövcuddur, lakin sadəcə ehtimaldır. Başqa ehtimala görə, Dağlıq Qarabağda qalacaq erməniləri Ermənistan Laçın dəhlizi vasitəsilə dolandıacaq. Lakin belə olan halda Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasından danışmaq yersiz olacaq.

Digər ehtimal isə ondan ibarətdir ki, vəziyyətin çıxılmazlığını anlamış yerli əhali tədricən axışıb 3-5 ilə Ermənistana köçəcək.

3.Azərbaycan xalqın şüurunun əsas hissəsini çulğalamış Qarabağ müşkülündən xilas olduqdan sonra ciddi bir seçimlə üzləşəcək: biz hansı növ dövlətdə yaşayırıq? Bihörmət, əski feodal qaydalarla sürülən və təbii sərvətlər hesabına yaşayan tüfeyli bir dövlətdə, yaxud insanların asudə və xoşbəxt yaşayıb-yaratdığı azad ölkədə?

Bax bu sualın cavabı “Dağlıq Qarabağ problemi”ndən qat-qat daha qəlizdir və azərbaycanlılardan daha böyük vətəndaş cəsarəti tələb edir.

Tapılacaqmı?

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/la6ujw

Ən çox baxılan