Niyə ''russektor''da şagirdlər artır?

Rus İqtisad məktəbi

Rus İqtisad məktəbi

Bu il orta məktəblərin rus dili bölməsinə müraciət edənlərin sayı o qədər çox olub ki, müəllim, məktəblərdə şagird yeri çatışmayıb, inzibati müdaxilələr olub. Rayonlarda hətta uşaqları müdiriyyət özbaşına o sinifdən bu sinifə, rus dili bölməsindən Azərbaycan dili bölməsinə keçirib.

Bəs səbəb nədir bu basabasa? Niyə get-gedə daha çox valideyn uşaqlarının rusca təhsil almasını istəyir? Bu, “cool” görünmək istəyidir, yoxsa rus dilində ədəbiyyatın çoxluğuna görə, valideynlər uşaqlarının daha çox kitab oxumasını istəyirlər?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2010-11-ci tədris ilində rus dili bölməsində təhsil alan şagirdlərin sayı 90235 nəfər idisə, 2017-ci ildə bu ədəd 130 minə çatmışdı. Əlbəttə, əhalinin təbii artımı da var, amma rus dili bölməsində oxuyanların faiz nisbəti də son illər üzü artmağa gedir.

Valideynlər uşaqlarını rus dili bölməsinə qoymalarını belə izah edirlər ki, bu bölmədə Azərbaycan dili bölməsinə nisbətən daha yaxşı dərs keçilir, uşaqlar daha çox dünyagörüşünə yiyələnirlər, daha aktiv və müasir olurlar. Bəs bu bölmələr arasında belə fərqin yaranmasının səbəbi nədir?

Deyilə bilər ki, SSRİ dövründə qəsdən belə fərq yaradılmışdı. Amma rus dili bölməsində son artım SSRİ-nin dağılmasından xeyli sonra baş verir. Hesab edirəm ki, SSRİ çoxdan dağılsa da, köhnə partnomenklatura, “əqidəli korrupsioner kommunistlər” hələ də hakimiyyətdədirlər. Ona görə də nəticə bu şəkildədir.

Məsələn, rus dili bölməsində uşaqlar orta məktəbdə Dostoyevski, Tolstoy kimi dünya səviyyəli yazıçıları oxuyurlar. Azərbaycan dili bölməsinin ədəbiyyat dərsliyi isə get-gedə bərbad hala düşür. Çünki Azərbaycan ədəbiyyatını vaxtilə öz üzvlərini satmış, güllələtmiş bir təşkilat kolxoz kimi idarə edir. Öz atalarının, balalarının əsərlərini dərsliyə salırlar, amma Dostoyevskinin adı Rəsul yox, Fyodor olduğuna görə qalır dərslikdən kənarda.

Ədəbiyyat demişkən, bu dərslikdən son illər Rəsulzadə çıxarılıb. Azərbaycan dövlətinin yaradıcısı öz nəhəng ədəbi irsi ilə bərabər dərsliklərimizdən “qovulub”. Səbəb? Bayaq dediyimdir. Bizi hələ də Rəsulzadə düşmənləri, müsavatçıları “cəlladlar” adlandıran insanlar idarə edir. Rəsulzadəyə qarşı ədəbiyyat dərsliyindəki bu münasibət nəhəng bir prosesin tərkib hissəsidir.

Bu proses milli özünüdərkin baş verməməsi uğrunda həyata keçirilən fəaliyyətdir. Azərbaycan xalqı hər bir xalq üçün zəruri olan milli özünüdərk prosesini keçməyib, cəhdlər olsa da, bunu tamamlamağa imkan verməyiblər. 1918-20, 1988 noyabr-dekabr, 1990 yanvar, 1991-93 – bütün bu cəhdlər bolşeviklər, sonra isə partnomenklatura tərəfindən boğulmuşdur. Amma milli özünüdərkə azı 4 dəfə cəhd etmiş xalqı boğmaq da asan məsələ deyil.

Artıq son 25 ildə fasiləsiz olaraq, bu proses gedir, böyük və dağıdıcı nəticələri var. Nəticələri hər sahədə hiss etmək olar. Son vaxtların trendi olan “ölkədən getmək” məsələsində bu nəticəni izah edim. Ölkədən gedənlərin çoxu “beyin axını” adlandırılan ziyanlı prosesin tərkib hissəsidir. Amma onların xırda bir hissəsi “vicdan axını” adlandıra biləcəyimiz daha ağrılı bir prosesin içindədirlər. İxtisaslı, ali təhsilli kadrları pulla tapıb, gətirib, işlətmək olar.

Lap əcnəbi olsun. Amma Azərbaycan üçün ürəyi yanan, bu ölkəni sevən insanları tapıb, gətirmək, onların incikliyini sağaltmaq asan olmayacaq. Xaricdəkilərin içərisində belə insanlar o qədər azdırlar ki, Qərbdə on minlərlə azərbaycanlı qaçqın, ümumiyyətlə, milyonlarla azərbaycanlı olsa da, mühacir siyasi hərəkatımız, mühacir ədəbiyyatımız, mühacir incəsənətimiz yoxdur. Ölkə üçün yanan çox azdır. Çünki biz milli özünüdərki başa çatdırmamış, özümüzü millət olaraq dərk etməyən, hekayəmiz olmayan toplumuq. Biz 1918-də ad qoyulmağa çalışılan “müsəlman” kütləsindən o qədər də fərqlənməyən böyük qrupuq.

Ölkədə milli azlıqların (məsələn, şimalda) arasında, az da olsa, qonşu ölkələrə, onların ideologiyalarına meyllənmə var. O adamları Azərbaycana dartmaq üçün nə deyəcəyik? Azərbaycanı seçməyinin zəruriliyini nə ilə əsaslandıracağıq? Nə danışacağıq? Hanı hekayə? Hanı o hekayənin xalq dilinə, müxtəlif təbəqələrin anlayacağı öz dillərinə tərcüməsi? Hanı bizim kitablar? Pardon, “Facebook” statusları var. Yığsan, qalaq-qalaq kitab çıxar – təkrar-təkrar şikayətlər, düşük zarafatlar, söz soxmalar, bir atımlıq barıtlar. Rəsulzadədən başqa bir başıpapaqlı çıxıb bu xalqın hekayəsini yazmayıb, təkmilləşdirməyib.

İndi rus dili bölməsini seçən valideynlərə “öz dilinizi yaşadın” deyəndə onların verdiyi “niyə?” sualına nə cavab verək? Mən hər gün daha çox adam görürəm ki, öz uşağı ilə rusca danışır. Uşaqlar rusca dil açır. Bəs nə bilmişdiniz? 1992-93-ün, 1988-in barıtı bitəcəkdi də bir gün. Bax, belə yazırıq hələ. Bir azdan biz də tükənəcəyik. Başqaları da.

Etirazlarsa yenə olacaq. Azadlıq insanın xislətidir. Həmişə ona can atır. Əvvəl-axır demokratik hökumət qurulacaq bu ölkədə. Amma kimlər quracaq? Milli özünüdərki olmayan, milli hekayəsi olmayan, İranın şiəliyinə, Türkiyənin sünniliyinə, Səudiyyənin sələfiliyinə, Rusiyanın bolşevizminə qonmuş, özünü tanımayan, assimilyasiyanın bir addımlığında olan kütlə. Onlar demokratiyanı yalnız öz çirkin məqsədləri üçün alət olaraq, görürlər. Nə qədər ki, gec deyil, bu xalqın milli hekayəsi yazılmalıdır. Yazı ən vacibidir. Şifahi nitq qalmır, təhrif olunur, sosial şəbəkələr yazılı vəziyyətdə olan şifahi nitq kimi bir şeydir, qalmır, itir, ciddi təsir gücünə malik deyil. Rusiya öz sınıq-salxaq, qabağı qaldırılmış VAZ 2107-ə oxşayan mədəni təsiri ilə bizi yenidən işğal edir. Nicatımız Qərbdədir, Qərbin institutlarındadır, liberal-milli dövlətdədir.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dnudkh

Ən çox baxılan