Niyə Rusiya bu qədər qeyri-cazibədardır?

Onu uzaqdan sevmək…

Source:

Yumşaq desək, Rusiya sözün bütün mənalarında cazibəsi az olan ölkədir. Əlbəttə o, Belarus, Cənubi Qafqaz, Şərqi və Qərbi Ukraynanı, Ermənistanı və bəzi digər ölkələri məcburi və ya könüllü özünə cəzb edə bilər. Lakin həm öz müttəffiqləri, həm qonşuları, həm də bütün dünya üçün Rusiya dəhşətli, izahedilməz vəhşi, ən əsası da – etibarsız partnyor olmaqda davam edir. İqtisadi cəhətdən də.

Bir dəfə Putin səmimi şəkildə sual verdi ki, Yunanıstan kimi qeyri-stabil ölkə investorlar üçün necə və nəyi ilə cazibədardır: “Son zamanlar Yunanıstan iqtisadiyyatına kifayət qədər ciddi investisiya yatırılması məni təəccübləndirir. Yunanıstan nəyi ilə bizdən yaxşıdır?” – deyə, o, çaşqınlıqla soruşurdu.

Ölkəsinin yalnız “spesefik” biznes növləri üçün cazibədar olduğunu, əlbəttə, ondan yaxşı bilən olmaz. Rusiya – dünya imperializminin xam törəməsidir. Trotskinin o vaxtlar görmək istədiyi kimi. Putin bunu anlayır və yaxın xarici öz qayğıkeş himayəsinə götürməyə çalışır – necə deyərlər, barıt iyini çəlləkdəcə qoxlatmaq üçün.

Bu müddətdə Putinin öz vətəndaşları dəstə-dəstə Qərbə miqrasiya edir. 2013-cü ildə Rusiya emiqrantların sayına görə dünyada Suriyadan sonra – ikinci yeri tuturdu. 40 min rusiyalı inkişaf etmiş ölkələrə yaşamaq üçün müraciət etmişdi. Bu, çox ciddi göstəricidi və aydındır ki, Rusiyanın xeyrinə deyil. Görünür, bu ölkə ilk növbədə öz əhalisi üçün cazibədar deyil, odur ki, Putin orda nə nağıl danışır-danışsın, bu rəqəm imperiya iddiasında olan ölkə üçün biabırçılıqdır. Rusun qarnını düşünmək onun “yaşayış yerini” genişləndirməyi düşünməkdən daha məntiqli olardı.

Bu, Rusiyanın taleyidir – burda həmişə qidadan çox lazımsız söz-söhbət və hərəkət olub. Bax, Sovet vaxtı kosmos da vardı, balet də, ballistik raketlər də, ancaq dükanda kolbasa yox idi. Ac homo soveticus da qərb mehmanxanalarından külqabı oğurlayırdı. Vətəndaşlara Rusiya sivilizasiyasına, Puşkin və Leninin dilinə qoşulmanın, Qaqarinin uçuşunun verdiyi qürurla qidalanmaq təklif olunurdu. İmperiya kosmosu fəth edirdi, ancaq birdən “Kosmos” siqaretləri qıtlığa çıxdı, xalq başladı kötük çəkməyə.

Sovet təcrübəm azdır, RF təcrübəmsə heç yoxdu. Dəqiq desəm, Moskvaya səkkiz günlük ezamiyyətlə məhdudlaşır. Ancaq bu səkkiz gün qəti nəticə çıxarmaq üçün kifayət etdi: pulsuz da düşsə, bura bir də gəlməmək və gələcəkdə burada yaşamaq haqda hər növ planı indidən silmək. Bu soyuq, hədələyici dərəcədə monumental, kədərli, qonaqsevməz, küçələrində məyus snobların gəzdiyi şəhəri xatırlayanda indi də tüklərim biz-biz durur.

Əlbəttə Moskva sərtliyini bütün Rusiyanın ayağına yazmamı irad tuta bilərsiniz, ancaq məncə mən ölkəni onun vizit kartı ilə, əsas vitrini ilə qiymətləndirməkdə haqlıyam. Azərbaycan-Dağıstan sərhəddi bütün ömrüm boyu mənə ən dəhşətli yer kimi görünüb, mən bu sərhəddin arxasında qanunsuzluğu, banditizmin özbaşınalığını gördüm. Mən bu sərhəd məntəqəsində özümü sərhədçilər və polislə nəsə danışan, onlara pasport uzadıb axmaq suallarına cavab verən, onların kobudluqlarına, mədəniyyətsizliklərinə və heç nəyə əsaslanmayan dikbaşlığına dözən təsəvvür edə bilmirəm. Bu mənzərənin təsəvvürü belə alçaldıcıdır.

Mən başa düşdüm ki, Rusiya həqiqətən də Sorokinin buzu, Pelevinin boşluğu, Balabanovun dəhşətidir. O iri, narahat və hüznlüdür. Anladım ki, mənim yerim ora deyil, mən Avropada və ya elə öz evimdə, Cənubi Qafqazda sevinclə rus traktirinə gedib soyutma kartof, selyodka, duzlu xiyar, ətirli yağla qara çörək, soyuq araq içərəm, bu qostronomik simulyasiyanı Rusiyadakı orijinalından üstün tutaram. Ermitaja da eyni şey aiddir – yaşasın virtual ekskursiya.

Rusiyanı uzaqdan sevmək daha rahatdır. Təkrarsız malikanə romanları olan klassikasını… Mən Rusiyanı Ryazanovla, Qaydayla sevmək istəyirəm. İstəyirəm boş vaxtımda “artıq əvvəlki kimi olmayan” KVN-ə baxım, “Pyatiqorsk” komandasına azarkeşlik edim.

Rusiyanı Dimitriy Bıkovu dinləyərək, “Snob” oxumaqla, hər gün colta.ru-ya baxmaqla sevmək seçirəm. Yalançılıq eləmək istəmirəm, mən Rusiya təsirinə düşmüş, özümü bir qədər rus sivilizasiyasına aid edən adamam. Belə alındı, bu, mənim seçimim olmasa da heç nədən peşman deyiləm. Mən Rusiyada kimin nə ilə nəfəs aldığını bilirəm, bütün aparıcı intellektualları tanıyıram, rus yumorunu, sarkazmını anlayıram, eyni zamanda Rusiya və rusiyalılardan çox uzağam. Bütün bunlar dəqiq mənlik deyil.

Türklərin bir misalı var: “Ağzınla quş tutsan da yarımazsan”. Rusiya da elədi, hətta metropolun əyalətində böyümüş adamı da qəbul edə bilməz. Gürcülərin, ukraynalıların, pribaltların, moldovanların onun mahnısına çəpik çalmaq istəməmələrini yekəxanalıq kimi qiymətləndirir. Görmürsən, bəs o, hamıya ən yaxşısını arzulayır, ancaq onu anlayan yoxdu.

Onu isə sadəcə sevmirlər, etibar etmirlər və ondan qorxurlar. Yəqin buna bir səbəb var. İlk səbəb də Rusiyanın hər cür dialoqu inkar edib öz monoloqunu dinlətməyə çalışmasındadır.

Ermənistana gəlincə, onun Putin qarşısında quyruq buladığını görmək mənimçün ağırdır. İyrənc mənzərədir. Hər şeyin də səbəbi Rusiya adlı dəhşətli məxluqun bu regionda sülh və inkişaf görmək istəməməsindədir. Rusiya olmasaydı, Cənubi Qafqazda müharibələr və münaqişələr olmazdı, çünki bütün bu zir-zibili bura o əkib. Bu Rusiyaya görə biz yüz ildən çoxdu ermənilərlə qırğındayıq.

Mən xalqlar arasındakı tarixi düşmənçiliyə inanmıram, elə şey olmayıb. Ruslar peyda olana qədər ermənilər Osmanlıda “etibarlı xalq” sayılırdı. Yalnız rus işə qarışandan sonra ermənilərlə türklər qanlı düşmən oldular. Qarabağsa sadiqliyinə və tabeiliyinə görə Ermənistanın qarşısına tullanmış sümükdür.

İstənilən postsovet ölkəsinin ərazi bütövlüyü bu ölkənin Rusiya ilə münasibətindən asılıdır. Bunu mən yox, “ümumrusiya xor”unun ideoloqu Aleksandr Duqin deyir. Özü də bu sözü erməni portalı 1in.am-a müsahibəsində deyir. “Rusiya ilə dost münasibəti saxlamağa davam etdikcə Ermənistan hərbi, siyasi, iqtisadi dəstək alacaq”.

Sitatın sonu.


Məqalə müəllifin facebook səhifəsindən götürülüb və Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəNiyə Rusiya bu qədər qeyri-cazibədardır?