Rəsulzadə barədə ziddiyyətli fikirlər çox olmasa da, var. Ümumi götürəndə isə ona Azərbaycanda hörmət var. Düşünürəm ki, bu, 2 səbəbdəndir:
1) Rəsulzadənin korrupsiya ilə məşğul olduğu barədə nə bir sübut, fakt, nə də bir iddia var. İnsanlar onu təmiz sayırlar. “Siyasətçi” və “təmiz” sözləri müasir Azərbaycanda çox çətin yan-yana gəlir.
2) Rəsulzadə hekayə müəllifidir.
Bu, artıq elə bir şeydir ki, bunda Elçibəy də ona uduzur. Elçibəy də korrupsioner olmayıb, insanlar onu da təmiz adam kimi xatırlayırlar. Amma Elçibəyin hörməti heç vaxt Rəsulzadə qədər olmayıb. Cümhuriyyət komandasındakı digər xadimlər də hətta Rəsulzadə qədər xətir-hörmət yiyəsi deyillər. Məmməd Əmin Cümhuriyyətdə rəsmi vəzifə tutmayıb, təklif edilmiş parlament sədrliyindən imtina edib. Dövlət qurumu olmayan Milli Şuraya başçılıq edib və onu da osmanlıların tələbi ilə buraxıblar. Amma yenə də Cümhuriyyət deyəndə ağıla Rəsulzadə gəlir.
İndiki sovetdənqalma idarəçilik də özünün Rəsulzadə düşmənçiliyini bununla əsaslandırır ki, guya onları Cümhuriyyətin digər xadimlərinin Rəsulzadənin kölgəsində qalması narahat edir. Amma çox vaxt nəzərə alınmayan bir məqam var: Məmməd Əmini masonlar, ya da həzrəti Cəbrayıl bu səviyyəyə qaldırmayıb. Bunun real əsasları var. Ən böyük səbəb isə yazdığım hekayə məsələsidir.
Rəsulzadə Azərbaycan hekayəsinin müəllifidir. Mən həbs edilənə qədər “Əsrimizin Səyavuşu”nu oxumamışdım. Türmədə oxudum. O əsərlə Azərbaycan adlı bir dövlətin, xalqın əsası qoyulub. Biz hardan gəlmişik, hardayıq, hara getməliyik kimi milli əhəmiyyətli suallar qoyulub və onlara cavab verilib. Mən o əsəri oxuyanda öz-özümə dedim ki, nə yaxşı, təsadüfən də olsa, mən bu ideyaların daşıyıcısı olmuşam. Ona görə “təsadüfən” deyirəm ki, “Əsrimizin Səyavuşu”nu oxumadan o ideyaların daşıyıcısı olmaq xoşbəxt təsadüfdür.
Rəsulzadə bir əsər yazmayıb, onun irsi çox zəngindir. Bütün irsində ana xətt Azərbaycandır. Oxuyanlar bilir ki, “Əsrimizin Səyavuşu”nda Azərbaycan Səyavuş kimi təqdim edilir. Maraqlıdır ki, Məmməd Əmin özü də o kimliyə uyğun gəlir – fars və türk kimliklərinin qarışmasından ortaya çıxan etnik-millətçilikdən daha yüksəkdə dayanan liberal milli dövlət modeli. Əslində Azərbaycan kimliyini öz şəxsi həyatı üzərindən qurması ilə Rəsulzadə nəhəng məsuliyyət götürüb. Amma həyatına baxdıqda görmək olur ki, o, bu məsuliyyətin öhdəsindən gəlib. O, öz əsərləri, həyatı, mübarizəsi, ölümü ilə bütöv bir Azərbaycan hekayəsi yazıb.
Cümhuriyyətin digər yaradıcılarının, 1992-93 milli hökumətinin, eləcə də indiki demokratik mübarizə liderlərinin Rəsulzadə kimi ola bilməməsinin əsas səbəbi budur – o, hekayənin müəllifidir. Hamımız onun hekayəsindəki surətlərik. Kim istəsə, hekayədən çıxa bilər, Azərbaycan uğrunda çalışmaz, başqa işlərlə məşğul olar. Amma Azərbaycanı mərkəzə qoyub hərəkət edən hər kəs Rəsulzadənin Azərbaycan hekayəsinin bir hissəsidir. Obraz müəllifi ötə bilmədiyi kimi biz də bu mövzuda onu keçə bilmirik.
Amma bu, o demək deyil ki, robot kimi onun əsərlərini oxuyub dindar olmalıyıq. Əslində bədbəxtliyimiz həm də bundadır ki, Rəsulzadədən sonra hekayə yazan, mövcud hekayəni zənginləşdirən olmadı. Bilirsiniz, kütlə üçün populist sözlər lazımdır, işin “olmazsa, olmazı”dır. Amma eyni zamanda bunun bir dayaqlandığı əsas da olmalıdır axı. Arximedin “Mənə bir dayaq nöqtəsi verin, dünyanı yerindən tərpədim” deyimini hamımız eşitmişik. O, ling qanunu haqqında demişdi bunu. Bir dayaq nöqtəsi olsa, onun bir gözünə Yeri qoyub, digər qolu o qədər uzatmaq olar ki, Yer yerindən tərpənər.
Mübarizənin dayaq nöqtəsi hekayədir. Onun üstündə nə qədər desən, populistlik eləyib lingin qolu kimi uzatmaq olar. Əgər sənin hekayən 80-90 il əvvəl yazılıbsa və bu müddətdə heç bir “update” görməyibsə, eləcə 1.0 variantında işləyirsə, sən nə qədər uzun ling qolu tapsan da, uduzacaqsan. Biz 1 əsrə yaxındır, Rəsulzadənin yazdığı hekayəni yeniləmədən, heç nə yazmadan nə isə etməyə çalışırıq. Yazısız mübarizə fiaskodur. Onun nəticəsi acınacaqlı olur. Necə ki, biz bu acınacaqlı nəticənin göbəyindəyik.
“Facebook”-da uzun-uzun statuslar yazıb “bu rejim getməlidir” deməklə siz sadəcə lingin qolunu uzadırsınız. Dayağınız çox köhnədir, saxlamır bu dövrü. Yazmaq lazımdır. Yazmaq. Yaza bilən adamların yalnız populizmlə məşğul olması çox ağır mənzərədir.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.