Zərdüşt Əlizadə
Dünya bizə baxıb bir daha əmin olur ki, Şərq xalqları tarixin sürət qatarından geri düşüb gələcəyə yabının belində yırğalana-yırğalana tələsmədən gedir
Qara camaatda belə bir təsəvvür var ki, hakimiyyətin ali səfində əyləşən vücudlar hansısa hamıda olmayan zəka və bacarığın sahibidirlər. Dövlətlərin yuxarısını və aşağısını görmüş adam kimi sizi əmin edirəm ki, belə şey yoxdur, ali məqamlı vücudların arasında ağıllıların və səfehlərin nisbəti sadə xalqın içindəkindən fərqlənmir. Öz tariximizi xatırlayın, istəmirsinizsə, lap elə Amerikanın və ya Fransanın tarixinə baxın. Billi Klintonu və Fransua Ollandı, lap elə bizim bu müsyö Fransua Makron müəllimi xatırlayın. Dəxi xırdalamıram, arifə işarə bəsdir.
Azərbaycanla Ermənistan arasında Qarabağ qovğası qurtarmaq bilmir. Hər iki xalqa və dövlətə hədsiz ziyan vurmuş bu münaqişənin sona yetməsində hər iki tərəf maraqlıdır. Di gəl hər iki tərəf dirənib barış naminə tələb olunan işləri görmək istəmir. Dirəniblər. Niyə?
Hakimiyyət maraqları milli maraqları üstələyir. Nikol Paşinyan şirin hakimiyyətinə dəyə biləcək sədəmələrdən çəkinir. İlham Əliyev belə ciddi-cəhdlə qurulmuş kamil istibdad quruluşunun azca da olsa zəifləməsindən narahatdır. Bu səbəbdən hamının gördüyü sülh yoluna qədəm qoymaqdan vaz keçirlər, dirənib razılaşmanı yubadırlar, danışıqları süründürməçiliyə çeviriblər.
Ermənistan müharibədə aşkar məğlubiyyətə uğrayıb və yeni müharibəyə başlamaq qüdrəti yoxdur. Son parlament seçkisi göstərdi ki, əhalinin əksəriyyəti müharibədən bezib. Ermənistanın fəal və müqtədir savaş müttəfiqi yoxdur. Rusiya Qarabağa görə Azərbaycanla savaşa başlamaqdan açıq imtina etdi. Ukraynaya qarşı təcavüzünün gedişini nəzərə alsaq, heç hərbi imkanı belə yoxdur ki, Cənubi Qafqazda ikinci cəbhə açıb yeni müharibə başlasın.
Erməni ictimai fikrində Fransa, İran və Hindistanın hərbi müdaxiləsi barədə xam xəyallar öz puçluğunu sübut etdi.
Nikol Paşinyana qalır siyasi səhnədə ovuclarını sinəsində qoşalayıb 1950-ci illərdə Azərbaycanda dəbdə olmuş, Rəşid Behbutovun ifasında səslənən “Yalqızam, yalqız” mahnısını oxumaq.
Qarabağ tamaşası qurtarıb, son səhnəni ədəbli və itkisiz oynayıb yeni quruculuq mərhələsinə qədəm qoymaq dəmidir.
Lakin Nikol hakimiyyətini itirməkdən çəkinib bu labüd yekun qərarı verməkdən boyun qaçırır. Elə-hey hoppanır, gah sağa, gah sola, gah irəli, gah geri. Bəzən isə elə yerində hoppanır. Zira erməni ictimai fikri gün kimi açıq olan bu sadə həqiqəti heç cür həzm etmək istəmir: “Qarabağın sahibi Azərbaycandır”.
Gülmək istəsəniz, buyurun gülün: ictimai və siyasi fəallar Ermənistanda imza toplayırlar. Kim desə ki, Qarabağ Azərbaycan ərazisidir, cinayət məsuliyyətinə cəlb edilməli və həbsə salınmalıdır.
Halqa isə daralır, yeni qanlı toqquşma təhlükəsi gerçəkliyə çevrilir. Bu dəfə Azərbaycan ordusu Xankəndi ətrafında düşərgə salmış təxminən 10 minlik erməni hərbi hissəsini vuracaq.
Azərbaycan bu hərbi hissəyə “qanunsuz erməni hərbi birləşməsi”, ona qarşı hazırlanan həmləyə isə “antiterror əməliyyatı” deyir. Azərbaycanın buna tam haqqı çatır. Çünki 2020-ci ildə 44-günlük müharibəyə son qoymuş Üçtərəfli Bəyannamədə açıq yazılıb ki, “rus sülhməramlıları Qarabağa yerləşdirildikcə, erməni ordusu bu ərazidən çıxarılmalıdır”.
Rus ordusu gəlib yerləşdi, erməni ordusu çıxmadı. RF-nin Müdafiə Nazirliyi xala xətrin qalmasın bu istiqamətdə hətta bir addım da atdı, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri (özü özünü belə təqdim edir) Vladimir Poğosyanın dediyinə inansaq, 2021-ci ildə Moskvadan yüksək rütbəli bir zabit Yerevana gəlib bu tələbi Baş Qərargah rəisi Onik Qasparyanın qarşısında qoyanda erməni həmkarından qəti imtina cavabını almışdı.
Neynək, ermənilər öz cəzalarını özləri könüllü qazanırlar. Özləri də gözəl anlayırlar ki, bu hərbi birləşmənin mövqeləri Azərbaycan ordusunun ovcunun içindədir, hər bir tankın, hər bir zirehli piyada maşınının, hər bir topun, hər bir “Qrad”ın yeri santimetrinə kimi xəritədə və kamikadze dronların beynində həkk edilib. Anlayırlar ki, Azərbaycan ordusunun məqsədi canlı qüvvənin məhvi olmasa da, heç bir döyüş itkisiz ötüşmür, qırılan qırılacaq. Bunu bilirlər, lakin yenə dirəniblər. Niyə?
Çox sadə izahı var. Bu, onların mövcudluğunun qayəsidir. Necə ki, Azərbaycanın ali məmurları oğurlamadan işləyə və yaşaya bilmirlər, erməni siyasiləri və hərbçiləri də Qarabağ ilğımı olmadan yaşaya bilmirlər. Qarabağa iddia, torpağın işğalı və qamarlanması erməni gerçəkliyinin təməl meyarıdır. Bunsuz yaşamağın ləzzəti yoxdur. Kimsə, hansısa xalq qurmaq, yaratmaq, keflə yaşamaq istəyir, erməni insanı isə Qarabağ naminə fəda, “matağ” olmaq istəyir.
Əlbəttə, hamısı yox, lakin əhalinin ciddi bir kəsimi buna hazırdır və bunu həyatının məqsədi sayır. Onları belə tərbiyə ediblər. Azlıq bu səfeh amal naminə qalxmağa, ölüb-öldürməyə, əksəriyyət isə bu səfeh məqsəd naminə törədilən cinayətlərə müsbət yanaşmağa amadədir.
Tarixin son iki yüz ilinin hadisələri danılmaz tərzdə sübut edir ki, dünya xalqlarının təcrübəsində “erməni davranışı” adlı nadir bir nümunə yaranıb. Nədir bu nümunə? Çox sadə. Hamıya aydın olan bir həqiqəti və məsələni qonşu xalqımız qəti şəkildə danır, dirənir. Çox dilə tuturlar, inandırırlar, fəqət razılaşmır. Nəhayətdə çarəsiz qalan tərəfi-müqabil erməni tərəfinə amansız zərbə endirəndə və erməni tərəfi böyük itki verdikdə bir müddət ahu-nalə və lənət-qarğış yağdırılandan sonra həmin bu həqiqət və məsələ dərk və qəbul edilir.
Təəssüf ki, erməni xalqının müasir bəşəriyyətə bəxş etdiyi analoqu olmayan yenilik bundan ibarətdir.
Bəs Azərbaycan hakimiyyəti nədə və niyə dirənir? Ölkə müharibə aparıb və böyük itki hesabına qələbə qazanıb. İndi sülhü sənədləşdirmək lazımdır. Məğlub ölkədə çətin məfkurə mübarizəsi gedir. Sülhün düşmənləri yaxın tarixin qanlı hadisələrindən sui-istifadə edirlər, xalqı növbəti “genisid” uydurması ilə qorxudurlar. Yerindən duran erməni siyasətşünası bülbül kimi ötüb avam erməniləri inandırmağa çalışır ki, azərbaycanlılar səhərdən axşama kimi yalnız bir arzu ilə alışıb yanır: erməniləri öldürmək, yaxşı olardı ki, vəhşiliklə və ağlasığmaz qəddarlıqla öldürmək!
Bu iddianın səfehliyi və məkri şübhəsizdi. Onu dağıtmadan və ictimai şüuru sağlam məcraya yönəltmədən Ermənistanda düzgün, Azərbaycana əl verən münasib qərarın qəbul ediləcəyinə ümid azdır. Deməli, Azərbaycan öz informasiya siyasətini fəal şəkildə bu erməni yalanlarının ifşasına yönəltməlidir, göstərməlidir ki, bizim belə niyyətimiz yoxdur, əksinə, hökumət erməni əhalisinin reinteqrasiyası üçün faydalı və əlverişli təkliflər hazırlayıb.
Lakin hakimiyyətimiz belə sadə və xeyirli işi görmür. Nyə?
Məncə, iki səbəbdən. Əvvəla, hakimiyyət razı deyil ki, öz siyasətini aşkar aparsın və cəmiyyət bu siyasətin təfsilatından xəbər tutsun. Dövlət siyasətinin xalqa dəxli yoxdur, qoy ağzını naqqa balıq kimi açıb yuxarıların müdrik göstərişlərinin səsləndirilməsini gözləsin.
Saniyən, Qarabağın erməni əhalisi üçün dünyada qəbul edilmiş insan haqları və təhlükəsizlik sahəsindəki zəmanətlər ümumi müzakirəyə çıxarılsa, camaatda tam qanuni və təbii sual yarana bilər: bu hüquqlar niyə məğlub ermənilərə xoşluqla verilir, lakin azərbaycanlılardan zor və cəbrlə alınır? Erməninin nəyi azərbaycanlıdan artıqdır ki, ona bu hüquq verilir, lakin azərbaycanlıya qıyılır?
Bax, bu ikinci səbəb 50 ildir ki, Azərbaycan xalqını məlul və mağmın rəiyyət sürüsü kimi tərbiyə edən və bu işdə nəhəng nailiyyətlər əldə etmiş hakimiyyətə əsla əl vermir.
Buna görə hər iki hakimiyyət iki il yarımdan çoxdur ki, dirənib höcətləşirlər.
Dünya isə bizə baxıb bir daha əmin olur ki, Şərq xalqları tarixin sürət qatarından geri düşüb gələcəyə yabının belində yırğalana-yırğalana tələsmədən gedir.
Dərindən fikirləşəndə, düz də əmin olurlar. İnsanlar zahirən eynidirlər, iki əl, iki ayaq, bir baş və bir beyin. Fəqət Lüksemburq, İsveç, İsveçrə, Niderland və Norveç insanının həyatı ilə Cənubi Qafqaz xalqlarının həyatını müqayisə etsən, bizim də “homo sapiyens” növünə mənsub olmağımıza dərin şübhə yarana bilər.