Niyaməddin Əhmədovun apelyasiya şikayəti təmin olunmadı

Illustration: Meydan TV

Əli Kərimli: “Putin Ukraynada dinc əhalini bombalayır, Əliyev Azərbaycanda günahsız insanlara divan tutur…”

Martın 2-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun şikayətinə baxılıb. Şikayət təmin olunmayıb – onun 13 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanıb.

Məhkəmədən sonra Niyaməddin Əhmədovun atası Arif Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək: “Vətənini sevən, mərd oğullardan nə istəyirlər, anlamaq olmur. Günəmuzd işləyən, kirayə qalan adamın nəyi var ki, terroru da maliyyələşdirsin? Bu məmurlar qeyrətli gənclərə qənim kəsiliblər”.

AXCP sədri Əli Kərimli qərarın sifarişli olduğunu vurğulayıb: “Hamı bilir ki, Niyaməddin günahsızdır, bu qərar sifarişlidir. Birinci instansiya məhkəməsində ifşa olunmuş bu saxta cinayət işi üzrə çıxarılmış hökmü utanmadan qüvvədə saxladılar. Putin Ukraynada dinc əhalini bombalayır, Əliyev Azərbaycanda günahsız insanlara divan tutur…”

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.

AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.
Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

Ana səhifəSiyasətNiyaməddin Əhmədovun apelyasiya şikayəti təmin olunmadı