Niyaməddin Əhmədov aclığı dayandırdı

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir.

Illustration: Meydan TV


AXCP: “Aclığı dayandırması o demək deyil ki, onun azadlığı üçün tələblər də dayanacaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sentyabrın 22-dən həbsdə aclıq edən Niyaməddin Əhmədov oktyabrın 13-də aclığı dayandırıb. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

“Niyaməddin Əhmədov 21 gün aclıq etdi. Əvvəlki günlərdə o, su da qəbul etməmişdi. Ona görə səhhətində çox ciddi problemlər yaranıb, hətta həyatına real təhlükə var idi. Həm partiya rəhbərliyi, həm də valideynləri vəkil vasitəsilə xəbər göndərib, israrla xahiş etdi ki, aclığı dayandırsın. Bu xahişləri nəzərə alaraq, aclığı dayandırıb. Amma Niyaməddin Əhmədovun aclığı dayandırması o demək deyil ki, onun azadlığı üçün tələblər, bu istiqamətdə addımlar da dayanacaq”, – AXCP-dən bildirilib.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.

AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.

Ana səhifəSiyasətNiyaməddin Əhmədov aclığı dayandırdı