AXCP sədri: “Şərləyib həbs etdikləri Niyaməddin Əhmədovu məhbəsdə də rahat buraxmırlar”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun saxlanıldığı 7 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) cərimə kamerasına- karserə salındığı bildirilir.
Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.
Partiya sədrinin sözlərinə görə, Niyaməddin Əhmədov 5 gündür ki, karserə salınıb.
“Şərləyib həbs etdikləri ictimai əsaslarla mühafizəçim Niyaməddin Əhmədovu 13 il müddətinə məhkum etdikləri məhbəsdə də rahat buraxmırlar. Niyaməddin bəy 7 saylı cəzaçəkmə müəssisəsində yenidən, cərimə kamerasına salınıb”.
Penitensiar Xidmət bu deyilənlərə münasibət bildirməyib.
N.Əhmədovun bu ilin yanvarında da karserə salındığı barədə məlumat yayılmışdı.
“Niyaməddin Əhmədov 7 saylı koloniyada məhbusun intihar etməsini ictimailləşdirdiyi üçün karserə salınıb. Etiraz olaraq aclıq elan edib”, – Partiyanın məlumatında deyilirdi.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.
AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak etsin.
Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.
AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.
Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.
2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.