Mən doğulan gün atam anamla dalaşıb. Qızı olduğuna görə. Həmin gün kəndimizdə fiziki məhdudiyyəti olan bir kişinin oğlu olubmuş. Atam ikiqat hirslənib.
Filankəsin belə oğlu oldu, amma mənim qızım oldu – deyib, bir il məni qucağına almayıb. Anamla isə ürəkdən düz 3 il sonra barışıb – ilk oğlu dünyaya gələndə, qızıl üzük alıb, taxıb arvadının barmağına.
Valideynlərim bu söhbəti mənim yanımda heç çəkinmədən edərdilər. Belə bir şeylə məni yaralayacaqları heç ağıllarına da gəlməzdi. Əslində, ağlım kəsəndən ailədə gördüyüm münasibətin yanında bu söhbət o qədər xırda bir şey idi ki, məni, doğrudan da, yaralamırdı.
Sən doğulan gün atan səni bağrına basıb, sənin doğulmağının səadətini yaşadı.
Beşinci sinifdə oxuyanda bir dəfə evə şosse yolla deyil, kənd bağlarının içi ilə gəldim. Romanlar oxuyub, şeir yazan qız idim, təbiətin, ağacların, gözəlliyin fərqinə varırdım, artıq ali hisslərlə təmas edirdim ədəbiyyat sayəsində. Evə çatanda bağ yolu ilə gəldiyimi öyrənən anam məni ağzımdan qan gələnə qədər döydü: “Biri çıxıb səni orda zorlasaydı, atanın papağını yerə soxacaqdın!”- deyə. Mənim zorlanma ehtimalım onun üçün ancaq buna görə qorxulu idi – mən özümə aid deyildim, nəsildəki bütün kişilərin namusu idim, buna görə də bədənimi göz bəbəyi kimi qorumalı idim.
Həmin gün anladım ki, bir gün başıma belə bir iş gələrsə, zorlansam, mütləq susacam. Bərk-bərk susacam ki, sağ qalım. Çünki məni zorlanmanın ehtimalına görə elə döyən ana, yəqin ki zorlanmaya görə öldürərdi də.
Sənə ömrün boyu şiddətin nə olduğunu göstərməyəcək, hər addımında, hər dərdində, hər səhvində, hər doğrunda yanında olacaq anan var.
18 yaşıma qədər oxuduğum bütün kitablar mənə fiziki ağrı bahasına başa gəldi.
Sənin axtaracağın kitabları almaq üçün valideynlərin bütün zəhmətə qatlaşmağa hazır olacaqlar.
Mən doğulan gündən yanımda ərə getməli olduğumu o qədər demiş, məni bu ayindən keçməyə o qədər hazırlamışdılar ki, atanla toy günümüzə qədər içimdəki qırıqlıq məni bir an olsun tərk etmirdi. Ölkəmin qadınları bəzən o qədər qəddar olurdu ki, öz körpələrini mənə göstərib: “Barsız ağacın heç kölgəsində də oturmurlar, sən niyə doğmursan?” deyir, acıq verirdilər. Qardaşın doğulan günə qədər mən onlar üçün bədbəxt, uduzmuş, yarımçıq qadın idim və işimdən, imkanlarımdan, gələcəyimdən, yaşadığım dolu, maraqlı həyatdan asılı olmayaraq, xoşbəxt ola bilməzdim. Anam cehizlərimi gözümə soxur, qohumlar tənə edir, atam-qardaşlarım az qala təhdid edir, başqaları “əşi, ərsiz, övladsız qadın nəyə lazımdır” deyib, ikincidərəcəli məxluq kimi baxırdılar mənə. Məni bu vəziyyətdən iki kişi çıxartdı – atan və qardaşın. Mən onların sayəsində kiminsə arvadı və anası oldum və bununla da qadın kimi təsdiqləndim. Zira, o ölkədə qadın kimi təsdiqlənmək ancaq bu yolla mümkündür. O ölkədə qadın kimi təsdiqlənməyin iki simvolu var – gəlinlik paltarı və uşaq arabası. Onlar sənin həyatında peyda olmayana qədər, sən qadın kimi təsdiq olunmamısan.
Sən dünyanın ən feminist ölkəsində doğuldun, qızım. Elə bir ölkədə ki, burda qadınlar o qədər azad, o qədər həmrəydilər ki, təkcə öz azadlıqları bəs etmir onlara. “Hamımız azad, hamımız bərabər olmayana qədər, heç birimiz azad, bərabər deyilik!”-deyir sənin ölkənin qadınları. Sənin ölkəndə qadın kişiyə özünütəsdiq vasitəsi kimi baxmır, uşağı ancaq özü ana olmaq istədiyi üçün doğur, sənin ölkəndə qadın ərə getməyə həyati qayda, həyati norma kimi baxmır.
Mən sənə cehiz almayacam, sən heç vaxt məndən “ərə getmək” sözünü eşitməyəcəksən, sənin öz həyatınla, necə qadın olmağınla bağlı sonsuz seçimlərin olacaq. Ömür boyu ailə qurmasan, özünü bir qram da narahat hiss etməyəcəksən, çünki sənin üçün evlilik də, subaylıq da, vətəndaş nikahı, sadəcə ömürlük sevgili olmaq da seçimlərdən biri olacaq və heç bir variant o birindən daha üstün olmayacaq.
Mənim doğulduğum ölkədə, cinslər ancaq qadın və kişiyə bölünür. Qalan bütün cinslər lənətlənir, döyülür, öldürülür, işdən atılır, cinsini gizlətməyə məcbur olur, məcbur ailə qurur. Mənim doğulduğum ölkədə, ümumiyyətlə, cinsi həyat sənin deyil, intim deyil, hamının o həyata müdaxilə etmək haqqı, imkanı var.
Sənin tam azad, sərbəst cinsi həyatın olacaq. Sənin bədənin ancaq sənə aid olacaq. Bədəninlə bağlı qərarları ancaq özün verəcəksən. Sən sevişdiyin hər partnyora görə utanc hissi yaşamayacaqsan, əxlaqsız bir iş gördüyünü düşünməyəcəksən. Sən heç kimin namusu olmayacaqsan, bədənin özündən başqa heç kimə aid olmayacaq.
Mən elə bir səfalətin, elə bir xaosun içində doğulmuşdum, batmaq, məhv olmaq, ömürlük səfalətə düçar olmaq təhlükəsi o qədər gerçək idi ki, istəmədiyim bir ixtisasa görə ali təhsildən saman çöpündən yapışan kimi yapışdım, 15 il nəfəs dərmədən işləməli oldum, gücüm çatan, çatmayan bütün yüklərin altına girdim.
Sənin onlarla seçimin olacaq. Məni gözləyən təhlükələr səni gözləməyəcək. Arxanda valideynlərin, dövlətin dayanacaq. Alim olmaqdan tutmuş rəssam olmağa, İT mütəxəssisi olmaqdan tutmuş, dönərsatan olmağa qədər, ürəyin nə iş görmək istəsə, onu da seçə biləcəksən. Çünki sənin ölkəndə həkimlə fəhlənin maddi rifahından tutmuş, cəmiyyətdə hörmətinə qədər hər şey bərabərdir.
Mənim biləklərim, ayaqlarım hələ bərkiməmiş, anam mənə ev işləri, qardaşlarıma baxmağı, uşağın deyil, böyük adamın belə çətinliklə gördüyü işləri öyrədirdi.
Sən həyata ananla müqayisədə bu qədər üstünlüklə gəlmisən, balaca mələyim. Amma inan ki, anan içində doğulub, böyüdüyü əziyyətlərin, bərabərsizliyin, tabuların ortasında belə azadlığın və xoşbəxtliyin dadını anlaya bildi. Sənə də anan kimi, ancaq iki şey öyrədəcəm, qızım.
Azad və xoşbəxt olmağı.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.