“Onsuz da Allah mənim cəzamı verib”
Sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli dostunun ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirli bilinib və ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan bloger hökmdən sonra da həbs olunmayıb.
Hökmə əsasən, o, verilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Nicat Şakirliyə martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma – ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinib.
Hökmdən əvvəl “Nikosayağı”nın vəkilləri çıxış edib, özü məhkəmədə son sözünü deyib.
Vəkillər bildirib ki, hadisə vaxtı Nicat Şakirlinin sərxoş halda olması haqda ittihamda yazılanlar həqiqətəuyğun deyil. Müdafiəçiləri qəza nəticəsində onun özünün də bir qolunu itirirək əlil olmasını, peşmanlığını və s. nəzərə alınmasını xahiş ediblər. Vəkillər onun azadlıqdan məhrum edilməməsini, alternativ cəza verilməsini istəyiblər.
“Onsuz da Allah onun cəzasını verib…”, – vəkili Əli Hüseynov çıxışında bildirib.
Təqsirləndirilən bloger özü də son sözündə peşmanlığını dilə gətirib. O vurğulayıb ki, qardaş qədər yaxın olduğu dostunun ölümünə səbəb olduğuna görə çox peşmandır, daxilən əzab çəkir:
“Onsuz da Allah mənim cəzamı verib. Bu cəza, bu əzab ömür boyu mənim içimdədir. Məhkəmənin də mənə verəcəyi istənilən cəzaya hazıram”.
Blogerin son sözündən sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdayaq, hökmü elan ediblər.
Cəzaların İcrası Məcəlləsinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Bu səbəbdən “Nikosayağı” həbs olunmayıb. Onun haqqında hökm qüvvəyə minəndən sonra o, məntəqə tipli müəssisəyə getməlidir.
Əgər hökmdən apelyasiya şikayəti və ya protesti verilsə, o zaman apelyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək. Əgər şikayət verilməsə, o zaman 20 gün sonra hökm qüvvəyə minmiş sayılır.
Prokuror blogerin 6 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəmişdi.
Hadisə 2023-cü il avqustun 15-də gecə saatlarında baş verib. İttihama görə, hadisə zamanı Nicat Şakirli sərxoş olub, “Porsche” markalı avtomobili yüksək sürətlə idarə edib. Nəticədə onun idarə etdiyi avtomobil yük maşınına çırpılıb.
Qəza zamanı Nicat Şakirlinin yanında olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib, özü isə ağır xəsarət alıb. Bloger xəstəxanaya çatdırılıb, lakin onun qolu amputasiya olunub.
29 yaşlı Nicat Şakirli məhkəmədə ifadə verərkən bildirib ki, qəzaya görə özünü günahkar bilir. Lakin hadisə vaxtı spirtli içkinin təsiri altında olmadığını deyir.
Bloger hadisə barədə bunları danışıb:
“Nərimanov”da oturub domino oynayırdıq. Bir az sonra sıxıldıq, durduq maşınla gəzməyə. Evə gedib paltarımı dəyişmək istəyirdim. Ruslan dedi ki, pulqabım öz maşınımda qalıb, məni qaytar, götürüm. Hadisədən 1-2 saat əvvələ qədər hər şeyi xatırlayıram. Amma sonradan nə olduğunu videoya baxıb bilmişəm. İçkili olmamışam. Mən içmək istəsəydim belə, Ruslan qoymazdı. Mən bir gün əvvəl içmişdim. Mənə qaranlıqdır ki, məndən necə nümunə götürülüb, onu da bilmirəm. Bunları danışmaq çox ağırdır. Çünki qardaş kimi əziz olan bir adamı itirmişəm. O, ailəmizin bir üzvü idi. Günahkaram…”
Nicat Şakirli əlavə edib ki, 2015-ci ildə də travma alıb, bununla əlaqədar da yaddaşında problem var.
Nicat Şakirli barəsində istintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.
Qəza nəticəsində ölən 1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur. Zərərçəkmiş tərəf blogerdən şikayətçi olmayıb.