Zərdüşt Əlizadə: “Qərarı o, yox, Kremldə oturanlar verir”
İlqar Vəlizadə: “Bəyanat Kremllə razılaşdırılıb, sadəcə, təzyiqin birbaşa rəhbərlikdən gəlmədiyini göstərmək istəyirlər”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Nikolay Bordyuja bəyan edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddi narahatlıq doğurur və münaqişənin gərginləşməsinin qarşısını almaq lazımdır.
“Biz bu gün Qafqazda baş verənlərə böyük həyəcanla baxırıq – xüsusilə də Qarabağ münaqişəsi, təmas xəttindəki vəziyyətlə bağlı olaraq. Orada artıq ağır silahlar, tanklar tətbiq olunur, insan itkiləri var. Hesab edirəm bizim dövlətlərin siyasi resursundan heç bir halda vəziyyətin gərginləşməsinə yol verməmək üçün istifadə olunacaq ki, bu gün onsuz da kifayət qədər isti mərhələdə olan münaqişə böyük miqyaslı hərbi toqquşmalara keçməsin” .
Bordyujanın sözlərinə görə, bu perspektiv bütün Qafqazı təhdid edir.
Təşkilat rəsmisi həmçinin vurğulayıb ki, dövlət başçılarının nüfuzundan istifadə edərək, “ilk növbədə siyasi metodlarla” hərəkət etmək lazımdır.
O, KTMT iştirakçılarını vəziyyətin qaydaya salınması və atəşkəsin bərqərar olması üçün səy göstərməyə çağırıb (
ANS
).
Nkilay Bordyujanın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə KTMT katibinin bəyanatının məqsədinin qurumun son iclasında Ermənistan prezidenti Sərkisyanın narazılığında axtarmağı vacib sayır: “Sərkisyan narazılığını ifadə etdi ki, KTMT üzvləri Ermənistanı müdafiə etmir və hətta beynəlxalq təşkilatların toplantılarında onlara qarşı qətnamələrə səs verirlər. Və ardınca da Azərbaycanın KTMT üzvü olmadığını, atəşkəsi pozduğunu deyib. Ermənilərin yarasına məlhəm qoymaq üçün texniki işçi olan Bordyuja belə bir bəyanat verib”.
Zərdüşt Əlizadə düşünür ki, cəhbə xəttində atəşkəs Rusiyanın diktəsilə pozulur. Ermənistan və Azərbaycan tərəfi də Moskvanın göstərişi ilə lazım olan zaman atəşkəsi pozurlar. Ermənistan və Azərbaycan bu prosesdə müstəqil oyunçu deyil, hər iki respublika rəhbərliyi vassal rolunu oynayırlar. Vəziyyət nə tam sakit, nə də qaynar qalmalıdır ki, Rusiya bölgənin ağasının özü olduğunu dünyaya göstərə bilsin. Bordyujaya gəldikdə, qərarı o, yox, Kremldə oturanlar verir. Təbii ki, Rusiya müharibə qərarı versə, KTMT üzvləri Belarus və Orta Asiya dövlətləri qərarın icrasında iştirak etməyəcək. Ola bilsin, qərarın əleyhinə də səs verməyəcəklər, amma qoşunları ermənistana kömək etməyəcəklər. Məsələ ondadır ki, nə İlham Əliyev, nə də Serj Sərkisyan müharibəni başlamaq haqqında müstəqil qərar verə bilməzlər. Çünki hər ikisi Moskvanın onların başına hansı oyunu gətirə biləcəklərini anlayır”.
Qərbin prosesə müdaxiləsinə gəlincə, siyasi şərhçi hesab edir ki, Amerika və Avropa münaqişədən öz xeyrini götürür, neft və qazı artıq alıb və indi də barışığa çağırır. Sadəcə, vəziyyətin yetişməsini gözləyir.
Onun həmkarı İlqar Vəlizadə hesab edir ki, cəbhə bölgəsində vəziyyət dünən gərginləşməyib, ötən ilin avqustundan gərginlik mərhələsi yaranıb: “Görünür, Bordyuja indi ayılıb. KTMT son toplantısında Serj Sərkisyan üzvlərdən kifayət qədər dəstək almadığını bildirib. Bordyuja da İrəvanı sakitləşdirmək üçün bəyanat verib. Məsələ ondadır ki, KTMT daxilində vəziyyət heç də ürəkaçan deyil, onlar hər hansı münaqişədə və xüsusən Azərbaycana təzyiq göstərməkdə maraqlı deyil”.
İlqar Vəlizadə də KTMT-də əsas güc Rusiyanı görür. Amma oxşar bəyanatla Rusiya müdafiə naziri Şoyqu çıxıaş etsəydi, artıq Moskva açıq müdaxilə etdiyi gizlətməzdi. Bordyuja isə 5-ci dərəcəli və siyasəti formalaşdırmayan adamdır. Əlbəttə, bəyanat Kremllə razılaşdırılıb, sadəcə, təzyiqin birbaşa rəhbərlikdən gəlmədiyini göstərmək istəyirlər. Çünki Moskva Bakıya birbaşa təzyiq göstərməkdə maraqlı deyil.