Nikolae Çauşesku: qırmızı sultanın yüksəlişi

Nikolae Çauşesku

Nikolae Çauşesku

1989-cu ilin payızı. Avropanın sosialist düşərgəsi görünməmiş sarsıntılar yaşayır. Kommunistlərin İkinci dünya müharibəsindən sonrakı hakimiyyət inhisarı ciddi təhlükə altındadır. Polşada artıq müxalif "Solidarnost" təşkilatının nümayəndəsi Tadeuş Mazovetski hökumətə başçılıq edir.

Macarıstanda 20 illik Yanoş Kadar erası sona çatır. 1990-cı ilin martına azad və rəqabətli seçkilər təyin edilir. Burada kommunistlərin məğlub olacağı şübhə doğurmur. Şərqi Almaniyanın köhnə kommunist rəhbərləri istefa verir, islahatçılar hakimiyyətə gəlir. Noyabrın 9-dan etibarən Berlin divarı artıq qapalı deyil, insanlar sərbəst surətdə Qərbi Berlinə gedə bilirlər.

Noyabrın 17-də Çexoslovakiyada tələbə etirazları başlayır. Bu hərəkat cəmi 42 gün sonra məşhur dissident Vatslav Havelin prezident seçilməsilə nəticələnir. 35 il Bolqarıstana rəhbərlik edən Todar Jivkov noyabrın 10-da vəzifəsindən uzaqlaşdırırlır. Müxalifət təşkilatları yaranır və açıq fəaliyyət göstərirlər.

Sosialist düşərgənin "böyük qardaşı" SSRİ-də də ciddi hadisələr baş verir. Xüsusən Baltikyanı və Cənubi Qafqaz respublikalarında siyasi proseslər ağlagəlməz sürətlə cərəyan edir. Azərbaycanda kommunist hakimiyyəti ölkəyə nəzarəti itirmiş durumdadır.

Belə bir zamanda (20-24 noyabr) Rumıniya kommunist partiyasının XIV qurultayı keçirilir. Sosialist düşərgəsini bürüyən sarsıntılar bu tədbirdə heç hiss olunmur. 1965-ci ildən ölkəyə rəhbərlik edən Nikolae Çauşeskunun çıxışını nümayəndələr düz 62 dəfə ayaq üstdə alqışlayırlar. "Karpat dahisi" yenidən və yekdilliklə daha beş il müddətinə RKP-nin rəhbəri seçilir.

Bəzi dissidentlər olsa da, ölkədə heç bir təşkilatlanmış müxalifət mövcud deyil. Ara-sıra spontan etirazlara baxmayaraq, əhali müticəsinə susqundur. Sekuritate adlı məxfi rumın polisi ölkəyə ciddi nəzarət edir. Yetkin əhalinin hər üç nəfərdən birinin sekuritateyə çuğulluq etdiyi söylənilir.

Bütün bunlara görə Çauşeskunun hakimiyyəti sarsılmaz görünür. Lakin qurultayın bitməsindən cəmi 1 ay sonra Nikolae və arvadı Yelena ölkəni bürüyən inqilabdan gizlənməyə yer tapmayacaqlar. Dekabrın 25-də hər ikisi güllələnəcəklər.

***

Nikolae Çauşesku 1918-ci il yanvarın 26-da Buxarestdən təxminən 125 km qərbdə yerləşən Skorniçeşti kəndində anadan olub. Atasının 3 hektar torpağı və bir neçə heyvanı olsa da ailə yetərincə kasıb yaşayılrdı. Kənd məktəbində ibtidai təhsilini bitirən Nikolae 11 yaşında paytaxt Buxarestə yollanır.

O, burada çəkməçi köməkçisi işləyir, hərdən xırda-para oğurluqlarla məşğul olur. Sonralar tərcümeyi-halında uşaq vaxtı həm mülkədar zülmünü gördüyünü, həm də kapitalist istismarına məruz qaldığını yazırdı. Halbuki, kənddə atasının torpağında işləmişdi. Buxarestdə yanında işlədiyi çəkməçi "kapitalist" isə kommunist partiyasının fəal üzvü idi.

Məhz ustasının təsiri ilə yeniyetmə Nikolae kommunistlərə qoşulur, partiyanın bəzi tapşırıqlarını yerinə yetirir. 1932-ci ildə kommunist gənclər təşkilatına, 1936-cı ildə ildə isə partiyaya üzv olan Çauşesku ilk dəfə 1933-cü ildə 15 yaşında həbs edilir.

Sonrakı illərdə isə dəfələrlə həbs həyatı yaşayır, polis məlumatlarında "təhlükəli kommunist təbliğatçı" kimi qeyd olunur. Azadlıqda keçirdiyi nadir günlərin birində, 1939-cu ildə partiya üzvü Yelena Petresku ilə tanış olur və bir-birlərini sevirlər. Lakin cütlük yalnız 1947-ci ildə evlənə bilir.

"Gəlin"in ayağı Nikolae üçün düşərli olur. Elə həmin ilin sonlarında kommunistlər Rumıniyada hakimiyyətə yiyələnirlər, monarxiya ləğv edilir, Rumıniya Xalq Respublikası yaradılır. Həbsxanada tanış olduğu partiya rəhbəri Georgi Georgiu-Dejin yaxşı münasibəti Çauşeskunun karyera irəliləyişində önəmli rol oynayır.

O, 1948-ci illərdə kənd təsərrüfatı naziri, 1950-1954-cü illərdə isə general-mayor rütbəsi verilməklə hərbi nazirin müavini vəzifəsini tutur. Nikolaenin partiyadakı (1948-ci ildə kommunistlərlə sosial-demokratların birləşməsi nəticəsində Rumıniya Fəhlə Partiyası adlanırdı) statusu da getdikcə böyüyür. 1952-ci ildə Mərkəzi Komitənin üzvü, iki il sonra isə katibi olur. 1955-ci ildə partiyanın ali orqanının - Siyasi Büronun üzvü seçilir.

1957-ci il noyabrın 4-də baş nazir Kivu Stoykanın rəhbərlik etdiyi Rumıniya nümayəndələri Oktyabr çevrilişinin 40 illiyi münasibətilə təntənələrdə iştirak etmək üçün Moskvaya yollanırlar. Vnukovo hava limanına enərkən pis hava şəraiti və ekipajın səhvi ucbatından təyyarə qəzaya uğrayır. Siyasi Büronun üzvü Qriqore Preotyasa həlak olur.

Digər sərnişinlər, o cümlədən Çauşesku ciddi xəsarət almırlar.

Rumıniya 1949-cu ildə sosialist ölkələrinin Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ), 1955-ci ildə isə NATO-nun alternativi olan Varşava Müqaviləsi Təşkilatına (VMT) qoşulur.

Stalinin ölümündən sonra Xruşşovun başladığı islahatlar köhnə stalinist olan Georgiu-Dejin ürəyincə olmur və bunu öz hakimiyyəti üçün təhlükəli hesab edir. O, 1957-ci ildə sovet qoşunlarının ölkədən çıxarılmasına nail olur və bundan sonra nisbətən müstəqil davranmağa başlayır. 1965-ci ildə isə Georgiu-Dej ağciyər xərçəngindən vəfat edir.

Bu zaman rəhbərliyə daha real namizəd baş nazir İon Maurer sayılırdı. Lakin onun Kivu Stoyka və George Apostol kimi rəqibləri vardı. Buna görə də Maurer özünün deyil, Çauşeskunun namizədliyini irəli sürmək və ölkəni bir müddət onun əli ilə idarə etmək qərarına gəlir.

Onun rəqibləri də bu namizədə etiraz etmirlər. Beləcə, Nikolae Çauşesku 1965-ci il martın 22-cə Rumıniya Fəhlə Partiyasının Baş katibi seçilir. Lakin onun kiminsə marionetkası olmaq fikri yox idi və Maurer kobud səhv etdiyini tezliklə anlayır.

***

Çauşeskunun rəhbər kimi atdığı ilk addımlar həm partiyanın, həm də ölkənin adının dəyişdirilməsilə bağlı olur. Rumıniya Fəhlə Partiyası əvəzinə Rumıniya Kommunist Partiyası, Rumıniya Xalq Respublikası əvəzinə isə Rumıniya Sosialist Respublikası olur.

Nikolae Çauşeskunun ilk yaddaqalan addımı isə abortların qadağan edilməsi haqqında olur. O, Rumıniyanın böyük dövlətə çevrilməsi arzusunda idi və bunun ilk şərti kimi əhalinin say artımı olduğunu düşünür. Beşdən az uşağı olan qadınlara qoruyucu vasitələrin satışı qadağan edilir.

Beş uşaq anaları üçün əhəmiyyətli güzəştlər nəzərdə tutulur, on və daha artıq uşağı olan analara isə "qəhrəman ana" adı verilir və daha çox güzəştlərə yiyələnirlər. Ölkədə hamiləliyin ciddi monitorinqi həyata keçirilir. Qadınlar gizli abort edə bilməsinlər deyə, iş və yaşayış yerlərində hər ay yoxlanılrlar. Boşanma şərtləri də xeyli çətinləşdirilir.
Belə qadağalar sayəsində həqiqətən də doğuşun artması baş verir. Lakin eyni zamanda istənilməyən, valideynləri tərəfindən atılan uşaqların da sayı artır. Rumıniya uşaq evlərində saxlanılan uşaqların sayı kəskin surətdə çoxalır. Orada şərait isə heç də yaxşı deyildi. Bu da ciddi sosial problemlər yaradır. Rumıniyada hətta bu gün cinayətkarlığın, narkomaniyanın artmasında öz təsirini göstərir.

İctimai-siyasi sahədə isə 1960-cı illərin əvvəllərindən başlayan mülayimləşmə siyasəti bir müddət davam və inkişaf etdirilir. Rumıniya 1970-ci ilin əvvəllərinə kimi sosialist düşərgəsində ən mülayim siyasi iqlimə malik ölkə olur. Qərb radiostansiyalarının yayımına əngəl yaradılmır, hətta Qərb mətbuatını qəzet köşklərindən azad əldə etmək olur. Daxili mətbuat üzərində də senzura xeyli zəiflədilir.

1967-ci ildə Konstansa şəhərində Pepsi-Cola fabriki açılır, bu sosialist ölkəsi üçün nadir hal idi. 1970-ci ildə isə İnterkontinental beynəlxalq otellər şəbəkəsinin Buxarest oteli açılır. Ölkənin Qara dəniz sahillərində yerləşən kurortlarında tez-tez Qərb turistlərini görmək olur.

Xarici siyasətdə Rumıniya müstəqil davranmağa başlayır: 1967-ci ildə SSRİ-nin razılığını gözləmədən kommunist ölkələrindən birinci olaraq Almaniya Federativ Respublikasını tanıyır və diplomatik əlaqələr qurur. Altıgünlük müharibədən sonra isə digər sosialist ölkələrindən fərqli olaraq İsraillə diplomatik əlaqələri kəsmir.

Çauşeskunun beynəlxalq miqyasda parlaması isə 1968-ci ilin yayında baş verdi. "Praqa baharı" adını alan islahatların qarşısını almaq üçün VMT-na daxil olan 5 ölkənin qoşunları avqustun 20-dən 21-nə keçən gecə Çexoslovakiyaya qoşun yeritdilər və ölkəni işğal etdilər. Rumıniya bu aksiyada iştirakdan imtina etdi.

Ertəsi gün Çauşeskunun göstərişi ilə Buxarestin Saray meydanında onminlərlə insanın iştirak etdiyi mitinq keçirildi. Keçmiş kral sarayının eyvanından mitinqçilərə müraciət edən Nikolae Çauşesku Çexoslovakiyaya müdaxiləni kəskin surətdə pislədi. Bu çıxış həm daxildə, həm də xaricdə geniş rezonans doğurdu.

Moskvaya qarşı bu demarş rumınların demək olar ki, hamısının ürəyindən oldu. Çünki onlar heç zaman ruslara yaxşı münasibət bəsləmirdilər. 1940-cı ildə SSRİ ultimatum verərək Bessarabiyanı və Şimali Bukovinanı Rumıniyadan almış və əsasən bur torpaqlardan ibarət Moldaviya Sovet Sosialist Respublikasını yaratmışdı.

Məhz bu hadisələrin fonunda almanpərəst Yon Antonesku hakimiyyətə gəldi və Rumıniya SSRİ-yə qarşı müharibədə iştirak etdi. Bu isə Rumıniyanın məğlubiyyəti və bir müddət SSRİ tərəfindən işğal olunması ilə nəticələndi.

İndi Çauşeskunun çıxışını rumınlar rusların əsarətindən uzaqlaşmaq və həqiqi müstəqillik yolunda addım kimi qiymətləndirirdilər. Bu çıxışın təsiri ilə xeyli sayda insan, əvvəllər hətta dissident mövqe tutanlar belə kütləvi surətdə kommunist partiyasına üzv olmağa başladılar. Belə dissidentlər arasında tanınmış yazıçı Paul Qoma da var idi. Doğrudur, bir qədər sonra o, partiyadan çıxdı.

Çauşeskunun çıxışı Qərbdə də böyük maraq doğurdu və Rumıniyaya diqqəti artırdı. Ölkənin Moskvanın orbitindən çıxarmaq üçün bir sıra siyasi və iqtisadi addımlar atıldı. Bunların bəzilərini sadalayacağıq.

Lakin Çauşesku müstəqil siyasət yürütsə də VMT və QİYŞ-i tərk etməyə can atmırdı. Ola bilər ki, o, belə bir addımın SSRİ-nin Rumıniyaya müdaxiləsinə səbəb olacağından çəkinirdi. Digər tərəfdən isə, Qərbə doğru yönəlmək kommunist partiyasının hegemonluğuna və deməli, onun şəxsi hakimiyyətinə son qoya bilərdi.
Bu illərdə Nikolae Çauşesku hakimiyyətini möhkəmləndirməyi də unutmur. 1967-ci ildə ali dövlət vəzifəsinə yiyələnir - Dövlət şurasının sədri olur. 1969-cu ildə RKP-nın X qurultayında isə Nizamnaməyə partiya sədrinin mərkəzi komitənin plenumunda deyil, yalnız qurultayda seçilməsi barədə dəyişiklik edilir. Bununla da o, özünü 1964-cü ildə Xruşşovun üzləşdiyi kimi xoşagəlməz sürprizlərdən sığortalayır.

***

1971-ci ildə Nikolae və Yelena Çauşesku Asiyadakı sosialist ölkələrinə - Çinə, Şimali Koreyaya, Monqolustana və Vyetnama səfər edirlər. Çində Maonun, Şimali Koreyada isə Kim İr Senin şəxsiyyətinə pərəstiş Çauşeskuda dərin təəssürat yaradır. Öz növbəsində Yelena Maonun arvadı Jianq Qingin idarəçilikdə iştirakına baxaraq təxminən "mən kimin qızından əskiyəm?" düşünür.

Səfərdən qayıdandan sonra iyulun 6-da Nikolae Çauşesu 17 bənddən ibarət "İyul tezisləri" ilə çıxış edir. Bu çıxışda əvvəlki liberalizmin yanlış olduğu, ictimai-siyasi həyatda kommunist partiyasının rolunun, tədris müəssisələrində ideoloji hazırlığın artırılmasının vacibliyi vurğulanır.

Kommunizm və millətçiliyin əcaib hibridi olan tezislər eyni zamanda KİV, ədəbiyyat və incəsənət üzərində siyasi nəzarətin gücləndirilməsini nəzərdə tuturdu. Bu çıxışdan sonra qadağan edilən müəlliflərin və kitabların siyahısı bərpa edilir. Rıumıniyada Çauşeskunun şəxsiyyətinə pərəstişə əsaslanan maoist tipli rejim qurulur.

Öz hakimiyyətini daha da individuallaşdırmaq üçün Çauşesku 1974-cü ildə Rumıniyada prezident postu təsis edir. Alternativsiz seçkilərdə qalib gələrək andiçmədən sonra Böyük Millət Məclisinin sədri Ştefan Voytekdən skipetr alır. Halbuki skipetr monarxiyanın rəmzi sayılırdı.

Buna görə də məşhur rəssam Salvador Dali Çauşeskuya məktub yazaraq "prezident skipetri icad etməsinə görə" istehza ilə təbrik edir. Rəsmi mətbuat isə istehzanı ixtisar edərək bunu "dünya şöhrətli rəssam Çauşeskunu təbrik etdi" kimi təqdim edir. Əlavə edək ki, Çauşesku onu rəhbərliyə gətirən Maureri bu ərəfədə baş nazir vəzifəsindən uzaqlaşdırır.

Şərq səfərindən sonra Yelena Çauşeskunun da siyasi yüksəlişi başlayır. Yalnız ibtidai təhsilə malik, yalnız "Əmək təlimi" fənnindən "yaxşı", digərlərindən isə "kafi" alan, sözün həqiqi mənasında nadan olan, gəncliyində bir müddət kimya zavodunda işləyən bu qadın ərinin yüksək statusundan istifadə edərək artıq kimya elmləri doktoruna və Milli kimya tədqiqatları institutunun rəhbərinə çevrilmişdi.

Hələ may ayında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Yelena Çaişesku şərq səfərindən dərhal sonra, iyul ayında sosial-iqtisadi proqnozlaşdırma üzrə Mərkəzi komissiyanın üzvü təyin edilir. ) O, 1972-ci ildə partiyanın Mərkəzi Komitəsinin, 1973-cü ildə İcraiyyə Komitəsinin üzvü seçilir.

1974-cü ildə Çauşesku cütlüyü Argentinaya səfər edir. Burada Xuan Peron prezident, arvadı İsabella Peron isə vitse-prezident idi. Bu nümunə Yelena Çauşeskunun siyasi ambisiyalarını daha da artırır.
O, 1977-ci ildə isə partiyanın ali orqanının - İcraiyyə komitəsinin Daimi bürosunun (keçmiş Siyasi büro) üzvü seçilir. 1980-ci ildə baş nazirin birinci müavini təyin edilir.

Yelena Çauşeskunun "elmi uğurları" da davam edir. O, 1974-cü ildə Elmlər Akademiyasının üzvü seçilir. Rəsmi təbliğatın "dünya şöhrətli kimyaçı alim" kimi qələmə verdiyi xanım Çauşeskunun bütün əsərlərini başqalarının yazdığını demək artıqdır.

Bu illərdən etibarən hakimiyyət iyerarxiyasında de-fakto ikinci yer tutan Yelena Çauşesku kadr təyinatlarında həlledici rol oynamağa başlayır. Onun sevmədiyi şəxsin vəzifəyə təyinat alması və ya öz vəzifəsini saxlaya bilməsi qeyri-mümkün idi.

O zaman Çauşesku ilə işləmiş şəxslərin demək olar ki, hamısı nə intellektinə, nə də zahiri görkəminə görə fərqlənməyən bu qadının öz ərinə təsirindən heyrətlə danışırdılar. Bir çox diktatorlardan fərqli olaraq, Çauşeskunun başqa bir qadınla romantik macərası haqqında heç bir məlumat yoxdur. Əksəriyyətin fikrincə, cütlüyün faciəvi sonluğu məhz Yelenanın "xidməti" idi.

Nikolae Çauşesku ilə yanaşı Yelenanın da şəxsiyyətinə pərəstiş bütün ölkəni əhatə edir. Bütün yaşayış məntəqələrində, müəssisələrdə cütlüyün şəkilləri asılır. Özü də bu zaman çoxdankı, daha gənc olduqları şəkillərə üstünlük verilir.

Ümumiyyətlə, həm Nikolae, həm də Yelenanın xarici görkəmləri ilə bağlı ciddi kompleksləri vardı. Yelenanın çox uzun burnu olduğu üçün qəzetlərə və telekanallara onu profildən göstərmək qadağan edilmişdi.

Nikolae Çauşesku isə gəncliyində həbs zamanı döyülməsinin nişanəsi olaraq kəkələyirdi. Buna görə də çıxışları televiziyada göstərilərkən diqqətlə montaj olunurdu. Başqa bir kompleksi isə boyu ilə bağlı idi. 165 sm boyu olan Çauşesku hündürboylu siyasətçilərin yanında göstərilməsini qadağan etmişdi. Belə adamlarla yalnız oturan vəziyyətdə təsvirlərini yaymaq olardı.

Bu illərdə rəsmi təbliğat Çauşeskunu Rumıniya tarixinin Vlad Çepeş (Drakula), İgid Mixay və digər personajları ilə müqayisə edir. O, eyni zamanda marksizm-leninizmin inkişafına böyük töhfə vermiş nəzəriyyəçi sayılır. Çoxcildlik əsərləri bütün mağazalarda satılır.

1970-80-ci illərdə yaltaq şair və yazıçılar Çauşeskuya müxtəlif titullar tapmaqda yarışa girirlər. Ona "sükançı", "demiurq", "dahi", "titan", "öncəgörən", "işıq tanrısı","xilaskar", "dan ulduzu" , "günəş", "müqəddəs" "Karpat dahisi" "müdriklik Dunayı" kimi titullar verilir. Hətta rumın dilində "rəhbər" mənasını verən, lakin Antoneskuya aid edildiyinə görə istifadədən düşən "konduketor" titulu yenidən bərpa edilir.

Çauşesku haqqında bədii və sənədli əsərlər yazılır, filmlər çəkilirdi. Rəhbərə sevgidə (başqa sözlə, yaltaqlıqda) xüsusilə fərqlənən ədəbiyyat və incəsənət adamları orden və medallarla, pul mükafatı ilə qiymətləndirilir, önəmli sosial imtiyazlar əldə edirdilər.

Bu illərdə dissidentlərə qarşı repressiyalar da güclənir. SSRİ-də olduğu kimi Rumıniyada da belələrinə qarşı əsas mübarizə metodlarından biri cəza psixiatriyası idi. Hesab edilirdi ki, yalnız əqli problemi olan insanlar sosializmin nailiyyətlərini inkar edə bilər, buna görə də onları psixi dispanserlərə göndərirdilər.

***

Rumıniyanın müstəqil xarici siyasəti Qərb ölkələri ilə münasibətlərində dividentlər gətirməkdə davam edir. Hələ 1968-ci ildə Fransa prezidenti de Qoll, 1969-cu ildə isə ABŞ prezidenti Nikson Rumıniyaya səfər edir. Bu "soyuq müharibə" illərində ABŞ prezidentinin kommunist hakimiyyəti altındakı ölkəyə ilk səfəri idi.

Çauşesku özü 1970, 1973 və 1978-ci illərdə ABŞ-a, 1975-ci ildə Yaponiyaya, 1978-ci ildə isə Böyük Britaniyaya səfərlər olar. Rəsmi Buxarest ABŞ, Avropa Birliyi ilə ticarət münasibətlərində güzəştli şərtlərə və Qərb ölkələrindən kreditlər almağa nail olur.

Rumıniya neft hasil edən ölkə idi. 1973-cü il ərəb-İsrail müharibəsindən sonra yaranan neft böhranı və qiymətlərin kəskin artması bir çox neft diktatorları kimi Çauşeskunu da "havalandırır". O, böyük xərclər tələb edən layihələr haqqında düşünməyə başlayır.

Qeyd etmək lazımdır ki, Rumıniyanın dövlət xərclərində mühüm maddələrdən biri üçüncü dünya ölkələrinə yardım göstərilməsi idi. Neft gəlirlərinin önəmli hissəsi bu yardıma xərclənir və bununla Rumıniyanın beynəlxalq nüfuzunun artdığı güman edilirdi. Böyük layihələri isə Qərbdən alınan borclarla maliyyələşdirmək planlaşdırılırdı.
Onlardan biri Dunay çayını Rumıniya ərazisində Qara dənizə birləşdirən kanalın çəkilişi idi. Onun tikintisinə İkinci dünya müharibəsindən sonra başlanılmış və bu zaman əsasən siyasi məhbusları əməyindən istifadə edilirdi. Minlərlə insanın həlak olduğu və buna görə "Ölüm kanalı" adlandırılan kanalın tikintisi 1953-cü ildə yarımçıq dayandırıldı.

İndi Çauşesku işləri bərpa etməyi düşündü. Kanalın ölkədəki məşum şöhrətinə görə əvvəlki kimi "Dunay-Qara dəniz" deyil, romantik "Mavi magistral" adlandırılan kanalın tikintisi 1976-cı ildə bərpa edildi.

Çauşeskunun başqa bir iddialı planı isə nəhəng neftayırma zavodlarının tikilməsi, yaxşı münasibətlərə malik olduğu İran və İraqdan xam neft alaraq bu zavodlarda emal etmək və satmaqdan ibarət idi. Ölkənin pulunu üçüncü ölkələrə, Bokassa kimi adamyeyən diktatorlara xərcləyən Çauşesku bu iki layihə üçün xaricdən xeyli borc alır. Çauşeskunun hesablamalarına görə, yüksək neft qiymətləri bu borcları çətinlik çəkmədən qaytarmağa imkan verəcəkdi.

Lakin hər şey onun istədiyi kimi getmədi. Əvvəlcə, təbiət konduketora mane oldu. 1977-ci ildə baş verən zəlzələdə xüsusən paytaxt Buxarest güclü ziyan gördü. Maddi vəsaitin, texnikanın və insan zəhmətinin bir hissəsini bərpa işlərinə yönəltmək lazım gəldi.

Kanalın çəkilişi 10 ildən çox davam etdi. Cənub qolu 1984-cü ildə, şimal qolu isə 1987-ci ildə bitdi. 2 milyard dollar (indiki kursla təxminən 6 milyard) vəsait xərclənən kanalın dərinliyi az (5-7 metr) olduğu üçün gözlənilən effekti vermədi. Üstündən 30 ildən artıq keçməsinə baxmayaraq, kanaldan gələn gəlirin cəkilən xərcin heç yarısını çıxarmadığı söylənilir.

Böyük ümidlər bəslənilən neftayırma zavodları isə yalnız 1980-cı ilin əvvəllərində tikilib hazır oldu. Bu zaman isə İran və İraq müharibə edərək bir-birlərinin neft sənayesini dağıtmaqla məşğul idilər və Rumıniyaya satacaq neftləri yox idi. 1982-ci ildən başlayaraq isə tələbatın azalması sayəsində neftin 20 il davam edən ucuzlaşma mərhələsi başlandı. Nəhəng məbləğlər xərclənən neft emalı zavodları isə heç zaman normal güclə işləmədilər.

***

Daxili siyasətin mürtəceləşməsinə baxmayaraq, Çauşesku Qərbin sevimli lideri olaraq qalır. Fransa onu Fəxri Legion ordeni, Böyük Britaniya isə Qüdrətli Hamam ordeni (adı qəribə olsa da ən nüfuzlu cəngavər ordenlərindən sayılır) ilə təltif edir. Devriləndən sonra isə təbii ki, bu mükafatlar ləğv edilir. Sən demə, Çauşeskunun tiranlığı nə Sena, nə də Temza sahillərində məlum deyilmiş.

SSRİ də Çauşeskunu tam uzaqlaşmaması üçün könlünü almağa çalışır. 60 illiyi münasibətilə Lenin ordeni, 65 illiyi münasibətilə isə Oktyabr inqilabı ordeni ilə təltif edir.

Lakin Çauşesku imkan düşdükcə antisovet demarşlarını davam edir. 1973-cü ildə Çilidə hərbi şevriliş nəticəsində prezident Salvador Alyende öldürülür, general Pinoçetin rəhbərlik etdiyi xunta hakimiyyətə yiyələnir. Rumıniya digər VMT ölkələrindən fərqli olaraq, Çili ilə diplomatik əlaqələri kəsmir.

1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsini pisləyir, 1984-cü ildə isə sosialist ölkələrinin boykotuna baxmayaraq Los-Anceles Olimpiadasında iştirak edir. Buna görə amerikalı tamaşaçılar rumın idmançıların həm açılış, həm bağlanış, həm də yarışlar zamanı xüsusilə dəstəkləyirlər.

Nəticədə rumınlar 20 qızıl olmaqla ümumən 53 medal qazanaraq ümumi hesabda ev sahiblərindən sonra ikinci yeri tutdular. Hətta Çauşesku da medalsız qalmadı: elə həmin il Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya ordeni"nə layiq görüldü.

Bu dövrdə Nikolae Çauşeskuda dəhşətli bir fobiya formalaşır. O, hansısa yoluxucu xəstəliyə tutulmadan, zəhərlənəcəyindən və ya bədbəxt hadisə nəticəsində ölməsindən sığortalanmaq üçün ağlagəlməz tədbirlər görür.
Onun mühafizəsinin rəhbəri daim təmiz spirt gəzdirir. Çauşesku əcnəbi qonaqla görüşdükdən sonra spirtlə tələsik əllərini yuyur. Xarici səfərlər zamanı qaldığı otaq kimyaçılar tərəfindən mini-laboratoriya ilə yoxlanılır, radioaktiv maddələrin olub-olmaması müəyyənləşdirilirdi.

Otaqda Çauşeskunu toxuna biləcəyi bütün yerlər antiseptik maddələrlə işlənilirdi. Yataq dəsti isə mütləq dəyişdirilir, Rumıniyadan germetik paketlərdə gətirilənlərlə əvəz olunurdu. Alt paltarı, stolüstü örtüklər və salfetlər mikrobları öldürmək üçün dəfələrlə ütülənirdi.

Konduketorun yeməklərinin əvvəlcə kimsə dadına baxmalı, zəhərli olmamasına müəyyən etməli idi. 1978-ci ildə Böyük Britaniyaya səfərində Bukingem sarayında şərəfinə verilən ziyafət zamanı özü yeməzdən öncə şəxsi həkiminə xörəyi dequstasiya etdirməsi kral ailəsinin möhkəm incikliyinə səbəb olmuşdu.

Çauşeskunun Qara dəniz sahillərində bir neçə iqamətgahı var idi. Lakin o, bədbəxt hadisədən qorxduğu üçün heç vaxt dənizdə çimmirdi. Əvəzində iqamətgahlarında dəniz suyunun doldurulduğu, dərinliyi 1,5 metrdən çox olmayan hovuzlar tikilmişdi.

***

Gözəl günlərin birində "Karpat dahisi"nin ağlına heç də gözəl olmayan bir fikir gəldi: o, Rumıniyanın xarici borcunu tam ödəməyi və daha heç kəsdən borc almamağı qərara aldı. Bunun üçün referendum da keçirildi və Konstitusiyaya xaricdən borc almağı qadağan edən maddə salındı. Təbii ki, əhalinin demək olar ki, hamısı bu "dahiyanə" fikri dəstəklədi.

Tarixçilər və siyasətçilər Çauşeskunun bu fikrə gəlməsinin səbəbləri haqqında müxtəlif ehtimallar səsləndirirlər, lakin onların heç biri mənə inandırıcı görünmür. Fikrimcə əsl səbəb çox bayağı idi: Çauşesku günlərin birində "Rumıniya dünyada yeganə ölkədir ki, xarici borcu yoxdur" demək istəyirdi.

Bu siyasət rumın xalqının bir neçə il ərzində dəhşətli mərhumiyyətlərinə və iztirablarına səbəb oldu. Sonda isə Çauşesku ailəsinin özünə faciə yaşatdı. Lakin bu artıq növbəti məqaləmizin mövzusu olacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5wlj5j

Ən çox baxılan