“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin istismarı ilə bağlı bütün fəaliyyətlər, o cümlədən bu marşrut vasitəsilə silah daşınması məsələsi də qarşılıqlı prinsip çərçivəsində həyata keçiriləcək”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilmiş üçtərəfli görüşün yekununda birgə bəyanat imzalayıblar. Bəyanat yeddi bənddən ibarətdir və Bakı ilə Yerevanın sülhə olan sadiqliyini vurğulasa da, detalları açıqlamır. Sənəddə qeyd olunur ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması və münasibətlərin bərpasına dair razılaşdırılmış müqavilə mətnini paraflayıblar və onun yekun ratifikasiyası üçün səylərini davam etdirəcəklər.
“Biz qərara gəlsək ki, silahı Naxçıvandan Mehriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq”, – Paşinyan Azərbaycanın Naxçıvana silah və sursat daşıya biləcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Tramp Marşrutu” layihəsinin istismarı ilə bağlı bütün fəaliyyətlər qarşılıqlı razılıq əsasında həyata keçiriləcək. Əgər bu şərt Ermənistan üçün keçərlidirsə, deməli, Azərbaycan üçün də keçərli olacaq”, – Ermənistan baş naziri deyib.