Nikol Paşinyan Kişinyovda sülh sazişinin imzalanmayacağını deyir

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir: “Laçın dəhlizinin bağlanması sülhməramlıların iştirakı ilə baş verib”

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Kişinyovda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab etmir.

Baş nazir bu barədə mayın 29-da parlamentində bildirib.

N.Paşinyanın sözlərinə görə, Vaşinqtonda təqdim etdiyikləri təkliflərə Azərbaycanın şərhlərini hələ almayıblar:

“Ona görə də hazırda imzalanması mümkün olan razılaşdırılmış layihə yoxdur”.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçında səsləndirdiyi açıqlamalara toxunan Nikol Paşinyan onları mayın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə əldə edilmiş razılaşmalardan imtina kimi dəyərləndirib.

Brüsseldə tərəflər bir-birinin 29 800 kvadrat kilometr və 86 600 kvadrat kilometrdə ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər. Dünən səslənənlər bu razılaşmalardan imtina edilməsinə çox bənzəyir”.

Mayın 25-də Moskvada Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşə gəlincə, Nikol Paşinyan deyib ki, danışıqların nəticələrini qənaətbəxş hesab etmir.

Eyni zamanda, Baş nazir əlavə edib ki, Laçın dəhlizinin bağlanması sülhməramlıların iştirakı ilə baş verib.

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda bir sıra obyektlərin təməlqoyma mərasiminin açılışında Ermənistan hakimiyyətinə və Qarabağın erməni sakinlərinə mesajlarını səsləndirib.

İlham Əliyev bildirib ki, sərhədlərin delimitasiyası Azərbaycanın şərtləri əsasında olmalıdır.

Ölkə başçısının sözlərinə görə, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Bakının Qarabağla bağlı mövqeyilə tamamilə razılaşıblar:

Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.

O, Qarabağda özlərini müstəqil respublika elan edənlərə hansı hallarda güzəşt oluna biləcəyinə də toxunub:

Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə hər üç ölkənin Baş nazirlərinin müavinlərinin gələn həftə bir araya gələcəkləri razılaşdırılıb.

Brüssel və Vaşinqton görüşü

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətNikol Paşinyan Kişinyovda sülh sazişinin imzalanmayacağını deyir