Azərbaycanlı politoloq: “Baş nazirin çıxışını sülh müqaviləsinə tərəf addım kimi qiymətləndirmək olar”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentə 2022-ci il üçün hökumət planının yerinə yetirilməsi ilə bağlı hesabat verərkən, Azərbaycanla münasibətlərə dair də bir sıra açıqlamalarla çıxış edib.
Belə ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların uğurla başa çatacağı təqdirdə, bunun vətəndaşlar tərəfindən necə qəbul edilə biləcəyinə dair suallar verib.
“Əgər siyasi-diplomatik sahədə kompromislər əldə edilsə, vətəndaşlar qismən ağrılı olan kompromisləri qəbul edə biləcəklərmi və bunları reallaşdırmağa imkan verəcəklərmi? Ermənistan hakimiyyətinin funksiyası vətəndaşları inandırmaqdır”, – Baş nazir deyib.
Bundan başqa, Dağlıq Qarabağın taleyinə gəldikdə Nikol Paşinyan deyib ki, öz müqəddəratını həlletmə fəlsəfəsini ermənilər özləri yaradıblar və bununla da özlərini aldadıblar.
“Bu, kompromis yox, reallığa qayıdışdır”
Ermənistan Baş nazirinin dediklərinə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, münaqişə Ermənistanın Azərbaycana qarşı iddialar irəli sürməsindən sonra başlayıb.
“Paşinyan da həmin iddialardan əl çəkməyin zamanı gəldiyini söyləyib. Əslində, bunu kompromis yox, reallığa qayıdış adlandıra bilərəm”, – eks-nazir deyib.
İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov isə vurğulayıb ki, Nikol Paşinyanın təklifləri çox sadədir və çıxışında konkret danışıb.
Onun fikrincə, Paşinyanın “hər iki dövlət istinasız bir-birinin ərazi bütövlüyünü Sovet Sosialist Respublikaları çərçivəsində tanıyır” kimi sözləri o deməkdir ki, SSRİ-nin vaxtında olduğu kimi Dağlıq Qarabağı da Azərbaycanın tərkibi kimi tanıyır.
“Paşinyan açıq şəkildə deyir ki, bu yöndə addım atmasa, Ermənistanın ərazi bütövlüyü və müstəqilliyi üçün daim təhlükə olacaq. Yəni siz status-kvonu dəyişmək istəyirsinizsə, opponentləriniz əksinə, bütün addmları atacaq. Bu isə Ermənistanın gələcəyini çox böyük sual altına alır”, – politoloq qeyd edib.
O hesab edir ki, Birinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyəti 30 ilə yaxın zamanda problemin artıq həll olunduğunu düşündüyündən Paşinyanın dedikləri ölkəsi üçün çox ağrılı kompromislərdir.
Politoloq Fərhad Məmmədov düşünür ki, Paşinyanın bugünkü çıxışını sülh sazişinə tərəf böyük addım kimi qiymətləndirmək olar.
“Ancaq onu da əlavə edim ki, son iki ildə Paşinyan ümidverici açıqlamalar versə də, sonrakı addımlar ilə dedikləri təzad təşkil edib. Bu, Ermənistan rəhbərliyinin vaxt udması kimi istifadə edilir. Hamı anlayır ki, Azərbaycan yaxın müddətdə konkret addımlar ata bilər”, – Fərhad Məmmədov deyib.
“Tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması Dağlıq Qarabağda yaşayan ermənilərin problemini həll etmir”
Ermənistan Baş nazirinin Dağlıq Qarabağın öz müqqədəratı ilə bağlı dediklərini də Tofiq Zülfüqarov reallığa qayıdış kimi qiymətləndirib.
“Ermənilər digər dövlətlərdə milli azlıq kimi yaşayırlarsa, Azərbaycanda da o səviyyədə həmin hüquqlarla yaşaya bilərlər. Misal üçün, Fransada Fransa vətəndaşı, ABŞ-da da ABŞ vətəndaşı kimi. Azərbaycan da öz mövqeyini bəyan edib ki, bizim vətəndaşımız kimi yaşaya bilərlər”, – siyasətçi deyib.
Politoloq Rauf Mirqədirov isə vurğulayıb ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması Dağlıq Qarabağda yaşayan ermənilərin problemini həll etmir və Azərbaycandakı erməni problemini gündəlikdən çıxarmır.
“Faktiki olaraq, Paşinyan bu problemin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində əsas mərkəzi problem kimi gündəlikdən çıxarılmasını təklif edir, amma problem özü qalır”, – o deyib.
Siyasi şərhçinin fikrincə, əslində, məsələ dövlətlərarası problemdən dövlətdaxili müstəviyə keçir.
Politoloq Fərhad Məmmədov da qeyd edib ki, bundan öncəki bəyanatında da, indi də Paşinyan bildirir ki, dünyanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsində onun günahı yoxdur.
“Baş nazir 2007-ci ildə qəbul olunmuş “Madrid Prinsipləri”nə istinad edir və keçmiş hakimiyyətləri günahlandırır. Açıq-aydın deyir ki, 2018-ci ildə vəziyyəti dəyişmək istədi, lakin alınmadı və nəticədə müharibə oldu. Bugünkü bəyanatda da Qarabağın Azərbaycanın ərazisi kimi tanındığını deyir. Bu, o demək deyil ki, Paşinyan Qarabağ ermənilərinin taleyi ilə maraqlanmır, yaxud Ermənistanın subyektliyini sıfra endirmək niyyətindədir”, – Fərhad Məmmədov bildirib.
“Görünən odur ki, ABŞ Azərbaycan-Ermənistan məsələsinə ciddi qarışıb”
Bununla belə, politoloqlar ABŞ Dövlət Departamentinin nümayəndəsinin Yerevanda Nikol Paşinyanla görüşünün parlamentdəki çıxışına təsirini istisna etməyiblər.
Tofiq Züfüqarov dövlət katibinin müavinin köməkçisi Erik Olsonun Yerevanda aprelin 17-də olmasının Baş nazirin çıxışı ilə birbaşa əlaqəsi olduğuna əmindir.
“Ermənistan əvvəlcə Avropa İttifaqının vasitəçilyindən imtina etdi, sonra müxtəlif səbəblərdən Rusiyadakı görüşlərə qatılmaqdan imtina etdi. Real qalan ABŞ-ın vasitəçiliyidir. Burada da əsas məsələ hansısa çərçivə sülh sazişi imzalanmalıdır. Çərçivə sazişi prinsiplərdən ibarət olacaq, sənəddə tərəflərin post-konflikt üçün hansı öhdəlikləri götürməsi prinsipi göstəriləcək. Nikol Paşinyan da öz çıxışında həmin prinsiplərə diqqət yetirir və “ərazi iddialarımıza son qoyulmalıdır” deyə söyləyir”, – Tofiq Zülfüqarov deyib.
Fərhad Məmmədov isə vurğulayıb ki, Erik Olsondan başqa xüsusi elçi Bono da Yerevanda oldu, 17 apreldə isə Bakıdaydı.
“Daha yüksək rütbəli şəxs olan Derek Hoqan hər iki tərəflə telefonla danışıqlar aparır. Bu, ABŞ-ın indiyə qədər görünməmiş diplomatik fəaliyyətidir. Hər üçü də danışıqlarda məhz sülh sazişi haqqında məsələni qabardır. Görünən odur ki, ABŞ məsələyə ciddi qarışıb, resurslarını sərf edir. Söhbətlər də var ki, ya xarici işlər nazirləri, ya da ölkə liderləri səviyyəsində ABŞ-ın müttəfiqləri sayılan dövlətlərin ərazisində görüş planlaşdırılır”, – Fərhad Məmmədov deyib.