Nikol Paşinyan: Ermənilərin Qarabağa qaytarılmasına nail olmaq lazımdır

“Və imzalayanda da Milli Məclisə, orduya, müxalifətə və ictimaiyyətə xəbər verməyib”.

Source: google.az


Azər Qasımlı: “Status və rus ordusu barədə yaranan sualları hakimiyyət cavablandırmalıdır”

“Qarabağ münaqişəsi uzun münaqişə olduğu üçün Rusiya sülhməramlılarıları bölgədə qalmalıdır və bu, çətin ki, 5 illik müddətlə məhdudlaşsın”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “TASS” agentliyinə müsahibəsində bildirib.

Baş nazir hazırda Qarabağda sabitliyi və əhalinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Bölgənin statusuna gəlincə, Nikol Paşinyan deyib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində proses davam etdirilməli və status müəyyən edilməlidir:

“Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi məlumdur və bu mövqe dəyişməyib”,-Nikol Paşinyan belə söyləyib.

O əlavə edib ki, ermənilərin Qarabağa qaytarılmasına nail olmaq və onlar üçün sosial zəmanəti təmin etmək lazımdır:

“Bu proses danışıqlar prosesi üçün birinci yerdə olmalıdır”.

Baş nazir “Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşdırılmasından danışmaq olar”,- sualına belə cavab verib:

“Bu, çox mühüm məqamdır və düşünürəm ki, yaxın gələcəkdə biz bu məsələyə diqqət yetirəcəyik. Nəqliyyat kommunikasiyalarının açılması başlanğıc nöqtəsi ola bilər”.

Siyasi icmalçı Azər Qasımlı Nikol Paşinyanın mesajının açıq və aydın olduğunu düşünür.

Azər Qasımlı bu barədə Meydan TV-yə danışarkən bildirib ki, Ermənistan əvvəl də 7 rayonun Azərbaycana qaytarmağa hazır idi:

“Lakin status məsələsinin həllindən sonra bu addımı atmaq istəyirdi və Dağlıq Qarabağın statusunu müstəqil dövlət şəklində görürdü. Ona görə Baş nazir Nikol Paşinyan Ermənistanın mövqeyinin dəyişmədiyini deyir. Bəli, Nikol Paşinyan danışıqların ATƏT-nin Minsk Qrupu çərçivəsində aparılmasını istəyir ki, indiki vəziyyət Yerevanın marağına cavab vermir. Çünki faktiki olaraq Minsk Qrupu yoxdur və Ermənistan da qurumun üzvü olduğu üçün danışıqlarda əsas iştirakçılardan idi. Hazırda isə 3 tərəf var, Azərbaycan-Rusiya-Türkiyə və Moskvanın nəzarətində olan Dağlıq Qarabağ. Məsələ ondadır ki, Rusiya ordusu bölgəyə giribsə, onları çıxartmaq çox çətin olacaq və ordakı ermənilər də Moskvanın nəzarətindədir. Sadaladıqlarım Ermənistanın Qarabağ məsələsində oyundankənar vəziyyətində olduğunu təsdiqləyir. Ermənistan oyundankənar vəziyyətdən çıxmaq üçün Minsk Qrupunun yenidən bərpa olunmasını istəyir, Paşinyanın da söylədiyi budur. İndi Minsk Qrupunun əvvəlki formatda bərpası Rəsmi Bakının marağındadırmı, bax, bu çətin sualdır”.

Azər-Qasımlı1-e1578473633700.jpg
Azər Qasımlı

Azər Qasımlı rus ordusunun bölgədə 5 ildən çox qalmasının real olduğunu bildirib:

“Real deyilsə, hakimiyyət özü reaksiya verməlidir. Ümumiyyətlə, status və rus ordusu barədə yaranan sualları hakimiyyət cavablandırmalıdır. Çünki 10 noyabr bəyanatını cəmiyyət və müxalifət yox, İlham Əliyev imzalayıb. Və imzalayanda da Milli Məclisə, orduya, müxalifətə və ictimaiyyətə xəbər verməyib”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətNikol Paşinyan: Ermənilərin Qarabağa qaytarılmasına nail olmaq lazımdır