Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini konflikt və xarici asılılıq ehtiva edən təhdid kimi qiymətləndirib.
O, bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə danışıb.
“Bu, müstəqillik bəyannaməsi deyil, münaqişə bəyannaməsi və nəticə etibarilə asılılıq bəyannaməsidir”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, region ölkələri eyni mərtəbədəki mənzillərə bənzəyir və Bəyannamə Ermənistanın qonşularına təhdidlər ehtiva etdiyi üçün ölkə yalnız xarici dəstək ilə mövcud ola bilər.
Paşinyan region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib. O qeyd edib ki, bu mənzillər qonşular üçün təhlükə yarada bilər. Belə şəraitdə ölkə yalnız xarici dəstək sayəsində mövcud ola bilər.
“Beləliklə, siz dəstək gözlədiyiniz tərəfdən getdikcə daha çox asılı olursunuz. Ona görə də, Müstəqillik Bəyannaməsi – münaqişə və asılılıq bəyannaməsidir”, – Paşinyan əlavə edib.
Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiyanın mətni hazırdır, lakin sənədin preambulası hələ işlənməyib.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əsas şərt kimi Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini irəli sürüb. Azərbaycan tərəfi bildirir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Azərbaycan bu iddialarını onunla əsaslandırır ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var və həmin bəyannamədə də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu iddialar Ermənistan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də təkzib olunub. Məhkəmə bildirib ki, Ermənistan Respublikasının Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur.
Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olmuş respublikanın adı dəyişdirilərək “Ermənistan Respublikası” adlandırılır, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi elan edilir. Bununla belə, mətndə Ermənistanın SSRİ-dən çıxması qeyd olunmur – respublika 1991-ci ilin dekabrında onun dağılması ilə əlaqədar İttifaqı tərk edib. Bəyannamədə həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsindən bəhs edilir.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.