Baş nazir Azərbaycandan sülh müqaviləsinin mətninə yeni şərhlər aldığını deyir
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, bir gün əvvəl Əsgərandan daxil olan bir humanitar yük maşını vəziyyətə təsir göstərə bilməz. Bu barədə Nikol Paşinyan sentyabrın 14-də hökumətin iclasında danışıb.
Baş nazir Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərgin qaldığını dilə gətirib:
“Azərbaycan öz qoşunlarını Ermənistanla dövlət sərhədi və Dağlıq Qarabağla təmas xətti boyunca yeritməkdə davam edir. Dağlıq Qarabağda humanitar vəziyyət son dərəcə ağırdır. Bir gün əvvəl Əsgərandan daxil olan Rusiyanın humanitar yük maşını vəziyyətə təsir göstərə bilməz”.
O, xatırladıb ki, Ermənistan və Fransanın 22 yük maşını ilə göndərdiyi humanitar yükün bir hissəsi Laçın dəhlizinin girişində qalıb.
Baş nazir Ermənistanın Azərbaycandan sülh müqaviləsinin mətninə yeni şərhlər aldığını da bildirib:
“Biz işləyəcəyik və məqbul vaxt ərzində şərhlərimizi təqdim edəcəyik”.
“Regionumuzda sülhün alternativi yoxdur. Bu, ölkələrimizin müstəqilliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə təminat verən yeganə həll yoludur ki, normal inkişaf və tərəqqi üçün zəruri və əsas şərtdir. Bu mənada Dağlıq Qarabağda humanitar böhranı aradan qaldırmaq da vacibdir, biz bunun üçün bütün mümkün vasitələrdən istifadə etməyə davam edəcəyik”, – deyə Nikol Paşinyan əlavə edib.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.