”Nikoil” bank Müsavat fəalının işində şikayətindən imtina etdi

Vasif Sadıqbəyli: “Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər”

Source:
Əbülfəz Sadıqbəyli
Əbülfəz Sadıqbəyli


Vasif Sadıqbəyli: “Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər”

“Nikoil” bank Müsavat Ppartiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı mülki iddiasından imtina edib. Bank artıq şikayətçi də deyil. Fevralın 20-də məhkəməyə bu barədə ərizə təqdim olunub.

Ə.Sadıqbəyli avtomobil kreditinə görə “Nikoil” banka olan borcunun (5 min 100 manat) ödənilməsi barədə saxta arayış hazırlatdırıb, onu Dövlət Yol Polisinə təqdim etməklə, maşını öz adına keçirib satmaqda ittiham olunur. İddia olunur ki, Ə.Sadıqbəyli bu məsələdə əmisi oğlu Asif Abbasov və bankın “Qaradağ” filialının əməkdaşı Kamran Abbasovla əlbir olub. Onların ikisi də cinayət məsuliyyətinə cəlb edilib. Lakin barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Bu iş Qaradağ Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyilə araşdırılır. Fevralın 20-də keçirilən məhkəmə iclasında bankın əməkdaşı şikayət və tələblərinin olmaması barədə ərizə təqdim edib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Kamran Abbasov bankın mülki iddiada tələb etdiyi 11 min manatı bir gün öncə ödəyib, bunu təsdiqləyən qəbz də var.

Bu iş üzrə məhkəmə prosesi fevralın 27-də davam edəcək.

2018-ci ilin noyabrından həbsdə olan Ə.Sadıqbəyli CM-nin 178 (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Qanunda ona verilən ittihamlara görə, 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Bank əməkdaşı Kamran Abbasov
Bank əməkdaşı Kamran Abbasov

Məhkəmədən sonra Ə.Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli Meydan TV-yə bildirib ki, bütün bu işlərin tək səbəbkarı Kamran Abbasov olduğu halda, onu məsuliyyətdən kənarda saxlamaq planları aydın görünür: “Keçən məhkəmədə hakim dedi ki, mülki iddiadan əlavə, orada göstərilən məbləğ qədər dövlətə də ödənilsə, bu halda, cinayət işinə xitam verilə bilər.

Ötən dəfə belə anlaşıldı ki, 11 min manat ödənilsə, üçünün də haqqında cinayət işi xitam olunar. Bugünkü məhkəmədə isə deyildi ki, xeyr, kim ödəsə, onun işinə də xitam veriləcək.

Kamran Abbasov ödəyəcəyini bildirdi. Yəni bu yolla onu məsuliyyətdən azad edəcəklər. Təsəvvür edin, bu adam 11 min mülki iddianı və 5 min 100 manat banka olan əsas borcu ödəyib.

Vaxtilə borcun tam ödənilməsi barədə arayış alınanda banka ödənilməli olan, qardaşımın ona verdiyi 5 min 100 manatı Əbülfəzin həbsindən dərhal sonra gətirib bizə qaytardı. İndi isə daha 11 min ödəyəcək. Əgər adamın özünün iddia etdiyi kimi, günahı yoxdursa, 30 minə yaxın pulu niyə və necə ödəyir? Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər”.

Ekspertiza Ə.Sadıqbəylinin borcun tam ödənilməsi barədə bankdan alıb yol polisinə təqdim etdiyi arayışın saxta olmaması, oradakı möhürün də həqiqiliyi haqda rəy verib. Müsavatçı fəal pulu bankda K.Abbasova ödəyib, həmin arayışı aldığını söyləyir. K.Abbasov təsdiqləyir ki, həmin arayışı Ə.Sadıqbəyliyə o verib, amma pul alınmasını inkar edir. İddia edir ki, Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlı ilə dostluq münasibətlərinə görə pul almadan arayışı verib. A.Sadıqlı isə K.Abbasovla dostluq münasibətlərinin olmadığını, sadəcə, bir-birini tanıdıqlarını bildirmişdi.

“Bizim vəkilimiz Osman Kazımov ona sual verdi ki, əgər pul almamışdısa, bəs niyə Əbülfəzin həbsindən dərhal sonra gətirib bizə 5 min 100 manatı qaytarıb? Əvvəl təkzib elədi. Onda vəkil dedi ki, bunu görən şahidlər dindirilsin. Bundan sonra təsdiqlədi ki, düzdü, bizə gətirib pul verib, amma guya, yardım kimi. Hakim özü də başa düşdü ki, yalan deyir, onun nə marağı var ki, bizə o boyda yardım eləsin?”, – deyə V.Sadıqbəyli əlavə edib.

Ana səhifəXəbərlər”Nikoil” bank Müsavat fəalının işində şikayətindən imtina etdi