“Nikoil Bank” Əkrəm Həsənovu məhkəməyə verib

Bank eksperti nüfuzuna xələl gətirməkdə ittiham edir

Source:


Bank eksperti nüfuzuna xələl gətirməkdə ittiham edir

“Nikoil Bank” hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovu məhkəməyə verib. Bu barədə məlumatı ekspertin özü facebook səhifəsində yayıb. Onun sözlərinə görə, bank ondan və Aznews.az portalından 35000 manat tələb edir. İşə oktyabrın 12-də Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə baxılacaq.

Bank iddia edir ki, Əkrəm Həsənov 24 avqust tarixində Facebookda “Əmanətimi hansı banka qoyum?” adlı paylaşımında işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub. Bank iddia edir ki, yazı nəticəsində əmanətçilər əmanətlərini çıxarmağa başlayıb və bu proses indi də davam edir.

Sözügedən yazının əsas mahiyyəti ondan ibarət idi ki, banklara əmanət qoymaq təhlükəlidir. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə VTB və Nikoil Bank” göstərilib.

Əkrəm Həsənovun fikrincə, “Nikoil Bank”ın əli ilə başda Mərkəzi Bank olmaqla digər banklar da ona qarşı hərəkətə keçib: “Bir həftə sonra Nikoyldan məktub almışdım. Bank təkzib verməyimi istəyirdi. And-aman edirdi ki, Rusiya bankı deyil və 3 səhmdarının hamısı yerli hüquqi şəxslərdir. Bilmirəm, həmin 3 şəxsin sahibləri kimdir (məhkəmədə müəyyən edilər!), amma bankın rəhbərliyi əsasən Rusiya vətəndaşlarından ibarətdir. Bununla belə, düşündüm ki, əgər “Nikoil Bank” özünü rus bankı hesab etmirsə, təki elə olsun. Buna görə də 31 avqust tarixində Facebookda “VTB Azərbaycanda yeganə Rusiya bankı imiş ” adlı yeni yazı ilə məmnuniyyətlə təkzib verdim. Hətta yazdım ki, “Gör nə yerə çatıb ki, Rusiyaya mənsubluq məsələsi nüfuza ləkə və reputasiyaya zərər hesab edilir”.

Lakin görünən odur ki, mənim təkzibim “Nikoil”a lazım deyil. Çünki onsuz da məni məhkəməyə verib. Bu bank qanunvericiliyə zidd olaraq rüblük hesabatlarını açıqlamır, yəni maliyyə göstəricilərini gizlədir. Yəqin maliyyə durumu çox ağırdır. Ola bilər ki, uğursuzluğunu mənim tənqidi yazılarım nəticəsində əmanətləri itirməsi ilə əsaslandırmağa çalışır. Bu, başadüşüləndir”.

Ekspert deyir ki, onunla bərabər Aznews.az portalını niyə məhkəməyə verildiyini anlaya bilmir: “İddia ərizəsində qeyd olunur ki, mənim yazımı ölkənin aşağıdakı aparıcı KİV-ləri dərc edib: modern.az, avropa.info, azadliq.info, istiqlal.az, meydan.tv, tia.az, axar.az, cumhuriyyet.az, pia.az, gundelik-baku.com, dunyaxeber.com, teref.info, islaminsesi.org, demokratikmusavat.com, aznews.az və s. Əvvəla, hər hansı KİV mənim rəyimə istinad edirsə, o, heç bir məsuliyyət daşıya bilməz. Bununla belə, bank fərqli düşünürsə, niyə yalnız bu internet portalı mənimlə bərabər cavabdeh kimi göstərib?”

Ana səhifəXəbərlər“Nikoil Bank” Əkrəm Həsənovu məhkəməyə verib