”Ata hər dəfə zəng edəndə neftin, manatın və rublun dəyərini soruşur”
Son günlər atası Tofiq Yaqublunun saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsindəki problemlərlə bağlı paylaşımları ilə diqqət çəkən Nigar Yaqublu Meydan TV-nin əməkdaşı ilə söhbətləşib.
Müsavat Partiyasının üzvü Nigar Yaqublu 2012-ci ildə həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilirdi.
Atası Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda keçirilən iğtişaşlardan sonra həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Bacısı, ictimai fəal Nərgiz Yaqublu ötən il aprelin 23-də vəfat edib.
–
Nigar xanim, olanlardan dolayı adam sizdən “necəsiniz?” sormağa ehtiyat edir. Ağır bir il yaşadız. Özünüzə gələ bilmisinizmi?
– Nərgizdən sonra bu suala cavab vermək çox çətindir. Hələ reallıqla barışmıram deyək.
–
Sizin ailədən söz düşəndə tanıyanların çoxu soruşur: “Nədir bu ailənin çəkdikləri?” Bu suala hər hansı bir cavabınız varmı?
– Biz də bu rejimə qarşı mübarizə aparan ailələrdən biriyik. Ancaq bu mübarizədə həddindən artıq çox acılar çəkdik. Yəqin ki, fərqimiz budur. Həyatdır. İnsan bəzən ağlına belə gəlməyən hadisələrlə qarşılaşır. Repressiya dönəmində insanların yaşadıqları nə idisə, indi biz də onları yaşayırıq.
– Bildiyimizə görə, balaca Kənan da sizdən uzaqdadır. Nərgizin yadigarının sizdən ayrı yaşamasına nə əcəb könlünüz razı oldu?
– Könül istərdi ki, Kənan anasız böyüməsin. Ancaq vaxtsız ölüm onu anasız qoydu. Biz çox istərdik ki, Kənan bizimlə böyüsün. Lakin onun bir atası olduğunu unutmamalıyıq. Kənan yanımızda olmasa da, tez-tez onu Skype vasitəsi ilə görürük. Ailəmizin indiki durumu bizə imkan vermir ki, Kənan bizim yanımızda olsun.
–
Əfv sərəncamı gözləntiləri doğrultmadı. Əksəriyyət Tofiq bəyin azadlığa çıxacağını gözləyirdi. Amma olmadı. Ailəcə münasibətiniz necə oldu?
– Biz əfv məsələsini çoxdan qapamışıq və gözləmirdik. Hadisələrə real yanaşırıq. Siyasi məhbusların əfvlə buraxılacağını inanmırdıq. Ona görə də bu əfv də digər əfvlər kimi sıradan oldu bizim üçün.
–
Ölkədə siyasi proseslər gərginləşib. Bir tərəfdən sanksiyalar, o biri tərəfdən devalvasiya. Tofiq bəyin yeri görünür. Amma jurnalistlərin ona əli çatmır. Tək ünsiyyət sizin vasitənizlə mümkündür. Bu proseslərlə bağlı nə danışır?
– Ata həbsdə olsa da, ölkədə və dünyada baş verən siyasi prosesləri izləyir. Gələcəkdə hər şeyin dəyişəcəyinə əmindir. Daha çox sanksiyanın tətbiq edilməsini səbirsizliklə gözləyir. Hər dəfə zəng edəndə neftin, manatın və rublun dəyərini soruşur. Azərbaycan üçün tarixi bir dönəmin yaxınlaşdığını bildirir.
–
Tofiq bəyin saxlanıldığı həbsxananın istilik problemi var. Paylaşımlarınızda belə yazırsız. İndi vəziyyət necədir? Və isti geyimlər aksiyasına start vermisiz. Maraq və diqqət göstərənlər varmı?
– Bəli, son zamanlar həbsxanadakı durumlardan yazıram. Əmin olun ki, bu problem təkcə 13 saylı CÇM-də deyil. Əksər həbsxanalar bu gündədir. 13 saylı CÇM-nin özəlliyi ondan ibarətdir ki, ora bir növ işgəncə düşərgəsidir. Ora getmək də işgəncədir, orada qalmaq da. Həbsxana heç bir standartlara cavab vermir. Sovet dönəmindən qalma bu tikilini kənardan müşahidə etməklə daxilində durumun necə olduğu ilə bağlı rahatca təsəvvür yaranır. Belə sərt qış fəsilində istiliyin olmaması daha çox işgəncədir. Mənim başlatdığım bu kampaniyaya maraq var. Və hətta dəstək olanlar da var. Məsələn, elə bu gün ilk yardımı aldım. Və belə bir kampaniyaya başladığım üçün də çox məmnunam. Ən azından oradakı məhbusların isti paltarlarının olacağı belə məni sevindirir.