Nigar Həzi: Gözəl Bayramlının ölümünə səbəb olan da elə hakimiyyət idi

Nigar Həzi deyir ki, polislər dəfnə mane olublar

Source: Meydan TV


Gözəl Bayramlının dəfn mərasiminə polis müdaxiləsinin olduğu deyilir

Oktyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının dəfn mərasimi keçirilib.

Dəfndə iştirak edənlər sosial şəbəkələrdə həbs edilənlərin olduğunu bildiriblər.

Saxlanılanların AXCP sədrinin müavini Seymur Həzi və vətəndaş jurnalistikası nümayəndəsi Fatimə Mövlamlı olduğu bildirilir.

Seymur Həzinin xanımı Nigar Həzi məlumatı Meydan TV-yə təsdiqləyib.

O bildirib ki, Seymur Həzi bir müddət sonra sərbəst buraxııb.

"Bu gün Gözəl xanımın dəfn mərasimində hakimiyyət ona və ailə üzvlərinə qarşı çox böyük tərbiyəsizlik etdi. İmkan vermədilər ki, ailəsi və dostları Gözəl xanıma qarşı olan son borcunu normal yerinə yetirsin. Elə tələsdirdilər ki, tez edin, gedin, toplaşmayın. Buna əsas kimi də pandemiyanı göstərdilər. Bəs yaxşı onda Qarabağda şəhid olanların dəfnində niyə yüzlərlə insan iştirak edir? İndi pandemiyanın da elə alovlanan dövrü deyil ki, bir insanın dəfninə belə mane oldular", – Nigar Həzi bildirib.

Nigar Həzi deyir ki, polislər dəfnə mane olublar. O, bunu haqsızlıq sayır: "İnsanlar arasında ayrı-seçkilik edirdilər. Kim cənazəni götürə bilər, kim yox. Partiya dostlarını ümumiyyətlə, yaxına buraxmırdılar. Bu hakimiyyət Gözəl Bayramlıya öləndə də rahatlıq vermədi. Halbuki onun ölümünə səbəb olan da elə hakimiyyət özü idi. Gürcüstana müalicə üçün gedirdi. Qayıdanda həbs etdilər, müalicəsi yarımçıq qaldı. Həbsdə olduğu müddətdə dərmanlarını içəri buraxmadılar. İnsan tam müalicəsiz vəziyyətdə ağırlaşdı. Həbsdən çıxanda da gec idi, xilas ola bilmədi. Almaniyaya qədər getdi. Ordakı həkimlərin səyi nəticəsində ancaq bir il yaşaya bildi".

Meydan TV polisin dəfnə nə səbəbə müdaxilə etməsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənə bilməyib.

Gözəl Bayramlı uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.

Gözəl Bayramlı 1962-ci ildə doğulub. O, Azərbaycan Texniki Universitetini bitirib.

Ötən əsrin 80-ci illərinin sonunda başlanan xalq hərəkatına qoşulan Gözəl Bayramlı AXCP Təşkilat şöbəsinin müdiri, sonra isə sədrin müavini olub.

2018-ci ildə Qazax Rayon Məhkəməsi Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il azadlıqdan məhrum edib.

Gözəl Bayramlı ittihamı rədd edib və siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamıyla azad olunub.

Ana səhifəSiyasətNigar Həzi: Gözəl Bayramlının ölümünə səbəb olan da elə hakimiyyət idi