''Fəridəgilin ölümündən sonra alpinistlər arasında ruh düşkünlüyü yaranıb, federasiyanın da bu sahəyə diqqəti azalıb''
“Dağa dırmaşanda fikirləşirsən ki, həyatını riskə atmağa dəyərmi, bəlkə geri qayıdasan. Amma bu fikirlər tez də yoxa çıxır, içindən bir hiss deyir ki, geri dönmək olmaz. Sanki Freydin dediyi “ölüm dürtüsü”dür, təhlükəni bilsən də, geri qayıda bilmirsən. Adrenalin zamanla xəstəliyə çevrilir, bütün alpinistlər bunu yaşayır. Əslində bütün bunlar çox məntiqsizdir, amma həyatda hər şey məntiqli olmalı deyil ki” – gənc alpinist Nigar Həsənqarayeva belə deyir. O, artıq 6 ildir ki, ekstrim idman növüylə məşğuldur.
Nigarda dağçılığa həvəs universitet illərində yaranıb. Zamanla həvəsi ehtirasa çevrilib. Bu idmanla ilk tanışlığı isə tam təsadüf nəticəsində baş tutub: “Oxuduğum Turizm Universitetində voleybol komandası yaratmaq istəyirdik. İdman müəlliminin yanına getdik – Rəhim müəllim, bizi görən kimi dedi ki, sizi ekstrim idman növüylə tanış edəcəm. Ekstrim olması mənə maraqlı gəldi. Getdik “Climb Baku”ya, orada bizi heç 10 gün məşq elətdirməmiş respublika üzrə yarışa çıxartdılar, o vaxtdan həvəsim yarandı”.
Həm qayaya, həm də buza dırmanma növü ilə məşğul olsa da, daha çox buza dırmanmağı sevdiyini bildirir. Dediyinə görə, buz daha təhlükəlidir:
“Buza dırmaşarkən balta sənin göz səviyyəndə olur. Ani bir ehtiyatsızlıq ağır zədə ilə nəticələnə bilər. Buna baxmayaraq, mən buza dırmanmanı daha çox sevirəm, qayaya dırmanarkən əlinlə daşlardan tutmalısan, hər belə macəradan sonra bir həftə əllərim ağrayır, daşlar adamın əlində dərin yaralar açır”.
“Adətən 5-6 nəfər yığışıb, avtobus tutub gedirik dağlara. Dağlarda yerdən fərqli olaraq əsl yoldaşlıq mühiti var, insanların cinsi, statusu, vəzifəsi rol oynamır, orada hamı bir-birinə insan kimi, dost kimi baxır. Əsl səmimi atmosfer mövcuddur, çünki hamı bir-birindən asılıdır, bir-birimizə möhtacıq. Bir-birimizə möhtac olduğumuzu anlasaq, heç bir problem yaşanmaz,” – Nigar alpinistlər arasındakı münasibəti belə təsvir edir.
Cəmiyyətdə isə dağçı qadınlara münasibət daha fərqlidir: “Stereotiplər var, qadın nədir, dağçılıq nədir deyə düşünürlər. Halbuki bu, bir növ mənəvi aclıqdır, gərək ödəyəsən. Hələ də ailəmdə, qohumlarım arasında bununla bağlı problem yaşadığım olur. Amma qəbul etdirmək də mümkündür, məni artıq qəbul ediblər”.
O, söhbət əsnasında dağ uçqununda ölən həmkarı Fəridə Cəbrayılı da xatırlayır. Fəridə Cəbrayıl itkin düşən, 2018-ci ilin mayında meyiti tapılan 3 alpinistdən biridir. Nigar deyir ki, Fəridənin ölümü alpinistlər arasında şok effekti yaradıb, çünki Azərbaycanda ilk belə hadisə olub:
“Fəridə ilə dağçılıqla təzə məşğul olmağa başladığım vaxtlarda tanış olmuşdum. Səhv etmirəmsə, Qusarın Laza kəndi idi. Laza dağçılar üçün əsas təlim meydanlarından biridir, orada tanış olduq. Çox aktiv həyat tərzi var idi, bir yerdə durmurdu. İlk vaxtlardan bir-birimizə isinişdik, ikimiz də vegetarian idik, ona görə çox vaxt bir gəzirdik. Fəridənin ölümü hamımıza şok yaşatdı, ona kimi elə bilirdik ki, belə şeylər ancaq kinolarda, xarici ölkələrdə, Everestdə-zadda ola bilər, heç təsəvvür eləməzdik. Onların da heç ağlından keçməyib. Biz dağlara çox dırnaqarası yanaşırdıq, elə bilirdik ki, dağlarla istədiyimiz kimi davrana bilərik. Onda dağların sərtliyini başa düşdük”.
“Fəridəgilin ölümündən sonra alpinistlər arasında ruh düşkünlüyü yaranıb, federasiyanın da bu sahəyə diqqəti azalıb” – əlavə edir.
Nigarın sözlərinə görə, insanların alpinizmlə məşğul olma səbəbləri müxtəlifdir – sadəcə zirvəyə çıxıb şəkil çəkdirmək və ya alpinist kimi tanınmaq istəyənlər az deyil. O isə prosesdən zövq almağa üstünlük verir, həm də özünü daha yaxından tanımaq fürsəti qazanır: “Başqaların deyə bilmərəm, amma mən hər dəfə dağa dırmananda öz limitlərimi ölçürəm, özümü daha yaxından tanıyıram, nəyə qadir olduğumu bilmək istəyirəm. Təbii ki, zirvəni fəth etdikdən sonra görünən mənzərə də əvəzedilməzdir, zirvəyə çıxıb oradan dünyaya baxmaq nəyə desən dəyər. Bu, elə idman növüdür ki, başlayan 100 adamdan 2-3-ü davam etdirir, çox vaxt hər şey ilk ildə bilinir”.
“Dağçının ləvazimatları qaydasında olmalıdır, amma onlar da bahadır” – Nigar deyir. O, səbəbi dağçılığın elitar idman növü olmasında görür: “Termal geyim, ayaqqabı, kaska və s lazımdır. Adi ayaqqabının qiyməti 300 manatdan başlayır. Ona görə çox vaxt almaq üçün Türkiyə, İran kimi ölkələrə, ya da ikinci əl mağazalara üz tuturuq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda dağçılıqla məşğul olanların çoxu gəncdir, gənclərin də maliyyə məhdudiyyəti olur”.
Dağlarda yaxşı qida tapmaq müşkül məsələdir, alpinistlər adətən özləri ilə xarab olmayan ərzaqlar götürülər. Hazır şorbalar, qatılaşdırılmış süd, sosiska-kolbasa, konserv, çərəzlər – bunlar dağçıların əsas qida rasionunu təşkil edir. Müxtəlif ərzaqlar, ləvazimatlar, yataq torbaları ilə birlikdə onların çantalarının ağırlığı 20-25 kiloqrama çatır. Nigarın dediyinə görə, əvvəllər bel çantlarını daşımaqda çətinlik çəksə də, indi daha ağır çantaları daşıya bilir:
“Vərdiş məsələsidir, zamanla öyrəşirsən, həzz və zövq də bundan sonra başlayır. Alpinistlər adətən az şikayətlənirlər, çünki bilirlər ki, hamının vəziyyəti eynidir. Bir şey də deyim, biz boş qabları, tullantıları günlərlə özümüzdə gəzdirib, axırda zibil qablarına atırıq ki, təbiət çirklənməsin. Amma fikir verirəm ki, insanlar adicə gəzintiyə çıxır və ya 1 günlük turlar edir, amma hər yeri zibilləndirir, öz tökdüklərini belə yığışdırmır, sanki bu təbiətin onlara dəxli yoxdur, insanların laqeydliyini, belə davranışlarını görəndə məyus oluram”.
Gənc alpinistin arzusu Yaponiyada yerləşən Fudziyama dağına dırmanmaqdır. “Görək, nə olur, əsas istəməkdir, ürəkdən istəyəndə arzun da hansısa yolla reallaşır. Hələlik isə Azərbaycandakı zirvələrə çıxmağa davam edəcəm, Fudziyamaya da, Everestə çıxmağın da vaxtı var” – gülərək bildirir.