Nigar Həzi: “Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri Tofiq Yaqublunu müayinə etmir”

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

Səhhətində problem olan Tofiq Yaqublu saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə və müalicə edilmir.

Bu barədə Meydan TV-yə qızı Nigar Həzi danışıb.

“Tofiq bəyin bədənində şiş var, təcili MRT olunmalıdır. Səhhətində ciddi problemləri var. Amma Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri Tofiq Yaqublunu müayinə etmir”. 

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Nigar Həzi deyir ki, Tofiq Yaqublu vaxtında müayinə olunmazsa, sonradan səhhətində daha ciddi fəsadlar ola bilər və onun səhhətinə görə məsuliyyəti Penitensiar Xidmətin Müalicə Müəssisəsi daşıyır. 

“Neçə dəfə demişik sadəcə USM edirlər. Biz dəfələrlə başqa həkimlərdə maraqlanmışıq onlar bizə bildiriblər ki, USM müayinəsi yetərli deyil, MRT olunmalıdır. Onda dəqiq bilinəcək problem nədir. Çünki sonra çox ciddi fəsadları ola bilər, xərçəngə çevrilə bilər. Tofiq Yaqublu özü dəfələrlə müraciət etsə də, müraciətinə cavab verilməyib” – deyə Nigar Həzi bildirib.

Penitensiar Xidmət məsələyə münasibət bildirməyib. 

Ana səhifəSiyasətNigar Həzi: “Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri Tofiq Yaqublunu müayinə etmir”