Nifrət

Kaş, öldürəydilər! – deyə arzuladı…

Source:

Bir müddət əvvəl eşitdim ki, bir nəfəri vəhşicəsinə öldürüb, 369 manatını götürüblər. Ola bilər, əvvəldən 369 manat olacağını bilsə idilər, heç bu işə bulaşmazdılar. Amma mənə maraqlı olan qətldəki amansızlıqdır. Çoxsaylı xəsarət və iplə boğub öldürmə. Həm də qrup halında. Nifrətin dərəcəsini görürsünüz?!

Bu işin motivini dəqiq bilmirəm, hələ yeni törədilib cinayət. Amma cəmiyyətdə ümumi nifrət ab-havası var. Bir dəfə qohumun maşınında gedirdik. Moskva (indiki Heydər Əliyev) prospektində ağacların qırılıb, yaşıllıqların asfaltlaşdırıldığı “abadlaşdırma” dövrü idi. Prospektin yarısı bağlı idi deyə, uzun tıxac var idi. Qohum da vurdu özünü qadağan olunmuş, lakin tam bağlanmamış, təmirdə olan yola.

Tıxacı 1 dəqiqədə geridə qoyub, gəlib tıxacın sonuna çıxdıq, burda maşınlar tıxacdan can qurtarıb, boş yola çıxırdılar. Qohum maşını elə sürdü ki, tıxacdan çıxan birini sıxdı. O sürücü də əsəbləşdi, haqlı olaraq, özündən çıxdı. Başladı qışqırmağa. Qohumum da, maşallah, fiziki cəhətdən çox güclüdür, əzələ-filan, 130 kilo var. Pəncərəni açdı, qışqıran haqlı yoldaş gördü ki, qarşısındakı maşının pəncərəsinə sığmır, tam görünmür.

Tez səsini kəsdi. Qohumum başını salıb, pəncərədən ona baxdı. O da bilmədi nə eləsin, az qala üzr istəyəcəkdi, bəlkə də. Halbuki haqlı idi. Onda qohumum dedi ki, “Üzr istəyirəm. Səhv elədim”. Qarşı tərəfdəki yoldaşda olan rahatlanmanı bu biri maşında mən hiss elədim. Qardaş rahat bir nəfəs aldı. Amma dava, döyülmə gözləyirdi ən yaxşı halda. Çünki əksəriyyət belə davranır bu ölkədə.

Əksərimiz əsəbiyik, nifrət doluyuq. Metroda kiminsə ayağını tapdalamaq çox asan şəkildə bıçaqlanma ilə nəticələnə bilər. Bizi bir dəfə qoca qadına metroda yer vermədiyimizə görə 8 nəfər döymək istəyirdi. Çünki ölkədə əksəriyyət özünü luzer kimi hiss edir. Özlərinə bir hökumət seçə bimirlər, qanuni haqlarından əksəriyyətini ala bimirlər, gözlərinin qabağında şərəfsizlər, yaltaqlar varlanırlar, bunlar da onlara ağız açmalı olurlar.

Hansısa müğənni birinin tibbi xərclərini ödəyəndə elə bilirsiniz, minnətdarlıqdan başqa hiss olmur həmin adamda? O, həmin müğənniyə nifrət edir. Çünki dünən məhlədə “qə…dir də” dediyi adam bu gün onu, övladını ölümdən xilas edir. Çünki o, 120 manat maaş alır, tibbi sığortası yoxdur, ləyaqətli həyatı təmin olunmur, bunları tələb edəndə işdən qovulma, döyülmə, həbs olunma təhlükəsi var. Ölkədəki şərait dünən söydüyün adama bu gün minnətdar olmağa səni məcbur edir.

İnsanlar niyə səhv etdiklərini çox çətin etiraf edirlər? Çünki bu, onlara ikiüzülülk kimi gəlir. Bunun ən pis növü isə odur ki, sən səhv etmədiyin halda, bunun səhv olduğunu deyirsən. Dünən söydüyün adamı bu gün tərifləyirsən, çünki məcbursan, halbuki söyəndə səmimi idin. Orta-statistiklərin müxalifətçilərdən ona görə xoşu gəlmir. Məntiqi 1-2 cümlə deməklə, adamları qeyri-səmimi, opportunist olmalarını sübut etmək olur. Bu təhsil sisteminə etiraz etməyən adamın öz övladının gələcəyini məhv etməsini sübut etmək çətin deyil. Bunu sübut edəndə isə həmin adamın övladına və övladına olan münasibəti barədə hər kəsə yalan dediyi üzə çıxmış olur.

İnsanlar daim ikiüzlü olmağa məcbur olurlar. Çünki hüquqlarını reallaşdıra bilmirlər. Ən əsası da ifadə azadlığını. Rayonlardakı son etirazlarda biri danışırdı, hökumətin nümayəndəsi də orda idi. Məmur dedi ki, “indi burda danışmaqla nə olur ki? Get qəbula da”. Onda qıraqdan qışqırdılar ki, “Qoy danışsın. İmkan ver, deyək. Danışaq!”. Nəticəsi olmadan danışmaq istəyirlər. Qışqırmaq, istədiyi kimi geyinmək, jest, mimika – ifadə azadlığı rejimi dəyişməsə də, maaşı artırmasa da, reallaşmalıdır.

İnsanlar bunu edə bilməyəndə əsəbiləşirlər, əsəblərini evdə arvadın, uşağın, rəisdirsə, işçilərinin üstünə tökürlər, arvad-uşaq da məktəbdə, işdə əsəbini başqasına tökür. Beləcə ortada realizə oluna bilməyən enerji əsəb şəklində dövr edir. Və bir gün kimisə öldürmək qərarına gələndə də bunu çox vəhşiliklə edirlər, çünki əsəb dağıdır adamı.

Mən kütlənin qışqırmasından çox qorxuram, xüsusən də, kütlənin qabağına çıxa biləsi, onların əsəbini rasional və düzgün istiqamətləndirə biləsi adamlar həbsdə, xaricdə, qəbirdə və ya “ofsayd”dadırlarsa.

Bir dəfə Kürdəxanıda kamerada xəbərlərdə gördük ki, televiziyada yemək verilişini aparan cavan oğlan bıçaqlanıb. Kamera yoldaşım bunu eşidən kimi qışqırdı, başladı o oğlanı söyməyə. Dedi, “kaş öldürəydilər. Ürəyindən vuraydılar, zülmlə öldürəydilər”. Təəccübləndim ki, görən bu aparıcı buna nə eləyib ki, o da belə əsəbidir aparıcıya qarşı. Soruşdum səbəbini. Cavabı məni qorxutdu. Dedi ki, “O, verilişdə yeməyin dadına baxanda, ağzını salfetka ilə silir. Belə mədənidir guya, boynundan asdığı salfetkanı qaldırıb dodağına toxundurur. Guya zordu da bu. Biz qanmırıq da”.

Vəssalam, onun nifrətinə, qətl arzusuna layiq olmaq üçün bu, kifayət imiş. Qeyd edim ki, kamera yoldaşım yaxşı oğlandır, ürəyi təmizdir, həqiqətən saf adamdır. Amma onda mən ölkədəki nifrət atmosferini gözlərimlə gördüm. Elə indi də görürəm. Bir neçə gün əvvəl “Axır vaxtlar soldan çox yazırsan haa” deyib, ardınca hədə aldım.

Sabah kimsə mənə “sən mən güldüyümə gülmürsən”, “sən mən baxdığım verilişə baxmırsan” deyib məni bıçaqlamaq istəsə, o qədər də təəccüblənməyəcəyəm. Kütlədə o qədər nifrət var ki, tam məntiqsiz yerlərdən çıxa bilir. İfadə azadlığımız sıxıldıqca bu yay daha çox gərilir, nəticədə nifrətin haradan çıxacağını proqnozlaşdırmaq get-gedə mümkünsüzləşir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNifrət