Niderlandın səfiri Azərbaycan XİN-ə çağırılıb

Səfir Paulin Eizema. Mənbə: “netherlandsandyou.nl”

Rəsmi Bakı Azərbaycanın hərbi cinayətlər törətməsini təkzib edib

Noyabrın 25-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eizema Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Səbəb kimi Niderland Krallığının xarici işlər naziri Vopke Hoekstranın noyabrın 23-də parlamentə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktub göstərilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, səfir Paulin Eizemaya Ermənistan tərəfindən I Qarabağ müharibəsindən etibarən azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı törədilən qırğınlar xatırladılıb:

“Yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib”.

“Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi keçmişdə olduğu kimi, bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam edir. Aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin bariz nümunəsidir”, – deyə XİN bildirib.

Nazirlik qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır:

“Sentyabrın 17-də Azərbaycanın Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb”.

Müşaqişənin qısa xronikası

Azərbaycanla Ermənistan arasında 1988-ci ildə başlayan Qarabağ münaqişəsi döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə nəzarəti bərpa edib və 7 rayonu geri qaytarıb.

İkinci Qarabağ müharibəsi adlandırılan silahlı toqquşma nəticəsində ümumilikdə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ana səhifəXəbərlərNiderlandın səfiri Azərbaycan XİN-ə çağırılıb