NİDA üzvü İlkin Rüstəmzadə həbsxanadan müraciət etdi

”Mən artıq ”Harlem Shake videosuna görə həbs olunub” deyə müdafiə olunmaq istəmirəm”

Source:
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə


”Mən artıq ”Harlem Shake videosuna görə həbs olunub” deyə müdafiə olunmaq istəmirəm”

2013-cü ildə həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə müraciətlə çıxış edib.

Məhbusun Meydan TV-yə daxil olan müraciətində bildirilir ki, bir müddətdir “Sports for Rights” kampaniyası çərçivəsində müxtəlif təbliğat materiallarında, müsahibələrdə, KİV yazılarında adının çəkildiyini izləməkdədir: “Həbsdə olduğum 3 ilin ilk ilini çıxsaq, sonrakı müddətdə Beynəlxalq Amnistiya və “Human Right Watch” təşkilatları istisna olmaqla ən mötəbər ünvanlardan özümə qarşı anlaşılmaz münasibət görməkdəyəm. Adı AŞPA, AB kimi mötəbər Qərb qurumlarının qətnamələrindən, onlarla hesabatlardan kənarda qalan, Avropa hüququnun zirvəsi sayılan İnsan Hüquqları Məhkəməsinin belə üzərimdən xətt çəkdiyi, hətta Qırmızı Xaç Komitəsinin belə həbsxanada görüşməkdən imtina edərək, “bizim siyahıda sən adlı siyasi məhbus yoxdur” dediyi bir məhbus olaraq iki illik fasilədən sonra xatırlanmaq xoş olsa da, “Harlem Shake videosu çəkməyə görə həbs edilmişəm” deyə etmədiyim bir əməlin zorla boynuma qoyulmasından təngə gəlmişəm. Həbsxanada imkanlarımın məhdud olmasına baxmayaraq, var gücümlə bu yalan kabusu ilə mübarizə aparmağa, “ay insanlar, mən özümə aidiyyatı olmayan bu videoya görə həbs edilməmişəm” – deyə səslənməyə çalışsam da, çox təəssüf ki, hələ də buna müvəffəq ola bilməmişəm. Məndən başqa digər siyasi məhbuslar “qondarma ittihamlarla həbs olunub” deyə müdafiə olunduğu halda, bu təşkilatların səbəbini anlamadığım israrla mənə qarşı irəli sürülən başqa ittihamların üzərindən səssizcə keçərək, bu videonu mənim üzərimə qoyduqlarına çox üzülürəm”.

“Mən artıq “Harlem Shake videosuna görə həbs olunub” deyə müdafiə olunmaq istəmirəm. “Bild” qəzetindəki jurnalistin yazdığı hansısa Harlem Shake videosunu çəkən şəxs kimi alçaldıcı bir formada müdafiə olunmaqdansa, 8 illik həbs cəzamı sona qədər çəkməyi üstün tuturam. Qətiyyən böyük qəlbli insanların humanist niyyətlərlə gördükləri işləri ittiham etmək istəmirəm. Lakin həbsimin dördüncü ilində özümə qarşı bu yanlış yanaşmaya reaksiya verməyi düşünürəm. Bu səbəbdən mən “Sports for Rights” da daxil olmaqla, bütün təşkilatların məni “video çəkdiyinə görə həbs olunub” deyə müdafiə edən kampaniyalarından imtina edirəm”,- deyə müraciəti bu fikirlərlə yekunlaşır.

İlkin Rüstəmzadə 2013-cü ilin  mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınır.

Ana səhifəXəbərlərNİDA üzvü İlkin Rüstəmzadə həbsxanadan müraciət etdi