“Namizədlərimizin qeydə alınmamasını hakimiyyətin növbəti total seçki saxtakarlığına başlaması, seçkilərin alternativsiz keçirməsinə cəhd kimi qiymətləndiririk”
“NİDA” Vətəndaş Hərəkatı 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı açıqlama yayıb. Meydan TV-yə daxil olan sənəddə bildirilir ki, “NİDA” Vətəndaş Hərəkatı parlament seçkilərinə 8 dairədən namizəd irəli sürüb. 25 saylı Nizami İkinci Seçki Dairəsindən namizədliyini irəli sürmüş keçmiş vicdan məhbusu Zaur Qurbanlıdan başqa bütün namizədlərə imza vərəqələri verilib. DSK məhkum olunduğunu əsas gətirərək, Zaur Qurbanlıya imza vərəqələrini verməkdən imtina edib: “Digər 7 namizədimiz isə imza vərəqələrini vaxtında müvafiq DSK-lara təqdim ediblər. An etibarilə NİDA-çı namizədlərdən yalnız 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən İlahə Əmiraslanovanın namizədliyi qeydə alınıb. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Rahid Bəşirova dünən həmin dairənin seçki komissiyasından daxil olan məlumata görə namizədliyi qeydə alınmayıb. Eyni zamanda 18 saylı Nərimanov-Nizami dairəsindən olan namizədimiz Ramin Hüseynovun 550 imzasından 114-ü etibarsız hesab edilib və nəticədə onun da namizədliyini qeydə almaqdan imtina ediblər. 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən olan namizədimiz Ülvi Həsənliyə isə hələ rəsmi məlumat verilməyib. Amma həmin dairənin dislokasiyasına düşən Rəsulzadə qəsəbəsi sakinlərindən əldə etdiyimiz məlumatlara görə, artıq həmin dairənin nümayəndələri namizədimizə imza verən vətəndaşlara təzyiqlərə, hədələrə başlayıb və onlardan imtina ərizələri almağa çalışırlar”.
“NİDA” Vətəndaş Hərəkatı DSK-ların yuxarıdakı qərarlarını və addımlarını qanunsuz hesab edir, namizədlərin topladıqları imzalar və digər sənədlərin qaydasında olduğuna əminliklərini ifadə edir: “Bu qanunsuzluqların qarşısını almaq üçün bütün qanuni addımları atacağıq. Buna görə DSK-ların qərarlarından MSK-ya şikayət edəcəyik. Digər dairələrdən olan namizədlərimizin vəziyyəti barədə məlumat əldə etdikcə ictimaiyyətə açıqlayacağıq. “NİDA” Vətəndaş Hərəkatı olaraq namizədlərinin qeydə alınmamasını hakimiyyətin növbəti total seçki saxtakarlığına başlaması, seçkilərin alternativsiz keçirməsinə cəhd kimi qiymətləndiririk”.