Ülvi Həsənli: “Elgiz Qəhrəman siyasi sifarişlə həbs edilib”
Nərimanov rayon məhkəməsi Elgiz Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. CM-də qeyd olunur ki, bu maddə ilə ittiham olunan şəxs əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
NIDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bir neçə saat sonra dostunu sərbəst buraxsalar da, fəal azad olunmayıb.
Bu barədə Meydan TV-yə NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Ülvi Həsənli məlumat verib.
Ü.Həsənli bildirib ki, onlar E.Qəhrəmanın saxlanılmasını ictimailəşdirmək istəsələr də, onun valideynləri gözləməyi məsləhət görüblər: “Ancaq avqustun 15-də Eynulla Fətullayevin “Fətullah Gülən və Əli Kərimlinin casus şəbəkəsi” məqələsini görəndən sonra, Elgiz Qəhrəmanın siyasi motivlərlə saxlanıldığı aydın oldu”.
Eynulla Fətullayevin “haqqın.az” saytında “Fətullah Gülən və Əli Kərimlinin casus şəbəkəsi” sərlövhəli məqaləsində 2013-cü ildə NİDA-nın rəhbərlərinin həbsindən sonra bu təşkilat üzvlərinin Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin təsiri altına keçdiyini , NİDA-nın Ə.Kərimlinin yaxın adamlarından olan gülənçi Elgiz Qəhrəmanın nəzarətə götürdüyünü yazıb: “Məhz o və NİDA-dan olan bir qrup gənc fəal sosial şəbəkələrdə gülənçiliyin müdafiəsinə yönəlmiş kampaniya aparıblar”, – deyə müəllif yazıb.
Ü.Həsənli bildirib ki, E. Qəhrəman 2015-ci ildə NİDA-ya üzv olub: “O, Ankara Universitetini bitirib, təhsil aldığı müddətdə ülküçülərlə yaxın olub, dindən uzaq olduğundan, onun Fətullah Gülənlə bağlılığını iddia etmək absurd və gülüncdür. Hesab edirik ki, Elgiz Qəhrəman siyasi sifarişlə həbs edilib və hakimiyyət “FETO ovu”na NİDA-nı da bulaşdırmaq istəyir”.
Ü.Həsənli hazırda E.Qəhrəmanın vəkillə təmin olunması üçün çalışdıqlarını dedi: “Bilirsiniz, Azərbaycanda müstəqil vəkil tapmaq çətindir və bu sırada olan vəkillərin də işləri çoxdur”.