22 apreldə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-nın həbsdə olan üzvlərindən 3 nəfərin vəkili son müdafiə çıxışlarını ediblər. Proses boyunca məhkəmə binasına gedən yolların hamısı bağlanılıb. Polislər ərazini nəzarətə götürüblər.
Aclıq aksiyası keçirən NİDA-çı gənc Bəxtiyar Quliyev dünən vəziyyətinin pisləşdiyini deyib. O bildirib ki, ayağı tutulub, üşütməsi olub. Kamera yoldaşı nəzarətçilərə xəbər versə də, heç kim gəlməyib. Ümumilikdə 5 gün ərzində onlara 1 dəfə həkim baş çəkib.
Vəkil Yalçın İmanov çıxışında bildirib ki, Üzeyir Məmmədli Şahin Novruzlunu həbs olunduqdan sonra tanıyıb. Onların mütəşəkkil dəstə kimi fəaliyyət göstərməsi absurddur. Vəkil hakimdən xahiş edib ki, hökmü oxuyan zaman zalda oturan insanların üzünü baxsın. Sonda bildirib ki, Nidaçı gənclər ifadə azadlığı hüququna görə həbsdədirlər.
Məhkəmə iclası gedən vaxt bayırda gənclər NİDA-çılara dəstək üçün əl çalıblar. Bundan sonra polislə gənclər arasında mübahisə yaranıb. Polislər Müsbət Dəyişiklik Gənclər Hərəkatının sədri Bəxtiyar Hacıyev və AXCP-nin Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlini saxlayıblar. Bəxtiyar Hacıyev və Təzəxan Mirələmli Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb. 4 saatdan sonra onlar sərbəst buraxılıblar.