Təqsirləndirilən şəxslər facebook profillərinin zorla əllərindən alındığını deyirlər.
Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA fəallarının və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Fariz Namazlının “Turan İA”-a verdiyi məlumata görə, prosesdə məhkəmə sübutların tədqiqini davam etdirib. Vəkil bildirib ki, bu dəfə də iş üzrə hal şahidi gətirilməyib: “Hakim təqsirləndirilənlər Bəxtiyar Quliyevlə Rəşad Həsənov arasında olan ötən il 15 mart tarixli üzləşdirmə protokolunu elan edib. Bununla bağlı təqsirləndirilən şəxslərə suallar verilib. B.Quliyev bildirib ki, ifadəni müstəntiq oxuyub və o, başı ilə təsdiqləyib, çünki “ağıllı olmağı” tövsiyə edir, ailəsini həbs etdirəcəkləri ilə hədələyirdilər”.
Daha sonra MTN-in Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərdiyi məktub elan olunub. Sənəddə Ş.Novruzovun, B.Quliyevin və M.Əzizovun facebook yazışmaları, statuslarındakı yazışmalar, həmçinin bəzi sms yazışmaları elan olunub. Müdafiə tərəfi məlumatların iş materiallarından xaric edilməsini təklif edib və bunu onunla əsaslandırıblar ki, məlumatların götürülməsi ilə bağlı hər-hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib, müvafiq qərar qəbul edilməyib. Hakim bu vəsatətin müzakirəsini sabaha saxlayıb.
NİDA-çıların bildirdiyinə görə, facebook profilləri MTN əməkdaşları tərəfindən onlardan zorla alınıb. Gənclər suallara cavab veriblər ki, onların “Molotov kokteylləri” barədə facebook yazışmaları qeyri-ciddi, zarafat xarakterli olub.
Vəkil bildirib ki, bu dəfə də iş üzrə hal şahidi gətirilməyib.