NİDA-çı: Polis dedi ki, ananın alt paltarlarının arasında axtarış aparacağıq

“Məni möhkəm döyür, söyür, telefona çəkərək ələ salıb gülürdülər”

Source:


“Məni möhkəm döyür, söyür, telefona çəkərək ələ salıb gülürdülər”

Yanvarın 20-də Vəkil Elçin Sadıqov 30 sutka həbs edilən NİDA-çı Rəhim Vəliyevlə görüşüb. Bu barədə vəkil “Facebook”da yazıb. Bildirib ki, müvəkkili 18-ci Polis Bölməsində və Nərimanov Rayon Polis İdarəsində məruz qaldığı ağır işgəncələr, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalması barədə ifadə verib. Vəkil bununla bağlı Baş Prokurorluğa şikayət verəcəklərini də deyib.

Silməsən ananı işdən çıxaracağıq

Elçin Sadıqov Rəhim Vəliyevin verdiyi ifadəni də paylaşıb:

“Yanvarın 16-sı saat 11 radələrində Əhməd Ağaoğlu ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində 18-ci polis bölməsinin əməkdaşları Rəşad Qasımov, Rəşad İsmayılov, Vasif Orucov və Namiq adlı mülki geyimdə olan polislər məni ağ rəngli 90-DN-102 nömrə nişanlı avtomobilə basıb 18-ci polis bölməsinə apardılar. Orada məndən “Facebook” statuslarımı, paylaşımlarımı silməmi, hesabımı bağlamamı tələb etdilər. İmtina etdim. Məni rəisin otağına apardılar. Rəis məni təhdid etməyə başladı ki, “silməsən ananı işdən çıxaracağıq və evinizə gedib ailə üzvlərinin alt paltarının içində axtarış aparacağıq”. Məni buraxmalarını tələb etdim. Gedəndən sonra siləcəyimi söylədim. Şərtlə danışmamdan hiddətlənən rəis məni söyməyə başladı”, – Rəhim Vəliyev ifadəsində belə deyir.

Məni yumruq, şapalaq, təpiklə vurmağa başladılar

Rəhim Vəliyev ifadəsində “Facebook” statusunu silməyəcəyini, profilini dondurmayacağını deyəndən sonra rəisin onu vurmağa başladığını da yazıb:

“Məni tutan polis Rəşad Qasımovla məni bərk döyməyə başladılar. Əsasən başıma, sifətimin sol hissəsinə, belimin bükəcəyinə yumruq, şapalaq, təpiklə vurmağa başladılar. Məni döyüb yorulduqdan sonra söyə-söyə dedilər ki, “bunu aparın o biri otağa”. Məni başqa, həyətdən girəndə sağdakı otağa apardılar. Oraya başqa polis əməkdaşı gəldi. Məni tanıdığını dedi. “Statusunu buradaca silsən yaxşıdır”, – dedi. Silməyəcəyimi dedim. Sonra məni Rəşad Qasımovun otağına, oradan da Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına apardılar”.

O qədər döydülər ki, müvazinətimi itirib yıxıldım

Rəhim Vəliyev Nərimanov Rayon Polis İdarəsinin rəisinin otağında hədələndiyini söyləyir:

“Otaqda Polis idarəsinin rəisi, 18-ci Polis Bölməsinin rəisi və bir nəfər polis işçisi qaldı. NPİ-nin rəisi məni hədələdi ki, “”Facebook” hesabını sil, yoxsa sənin üçün pis olacaq”. Bundan sonra 18-ci PB-nin rəisi ilə digər polis işçisi məni başqa otağa apardılar. Sonradan onun rəis müavini olduğunu bildim. Rəis müavini və 18-ci PB-nin rəisi məni yenidən döyməyə başladılar. O qədər döydülər ki, müvazinətimi itirib yıxıldım. Eynəyimin sol tərəf qulağa dayanan hissəsi yerə dəyib qırıldı. Sonra bəzi sənədləri imzalatdılar. Əvvəl yazdılar ki, guya mən polis Rəşad İsmayılova kəllə vurmuşam. Məni nə qədər döysələr də buna imza atmadım. Daha sonra yazdılar ki, guya polisin qanuni əmrinə tabe olmamışam. Məni yenə döyüb etirafedici sənədə imza atdırdılar”.

Mənə Mehman Hüseynov və Sancaqla bağlı suallar verirdilər

Rəhim Vəliyev bildirir ki, sənədlərə imza atandan sonra onu məhkəmə qarşısına çıxarıblar. Məhkəmədə vəkilinin gəlməsini, ailəsinə xəbər verilməsini tələb etsə də, əhəmiyyət verməyiblər:

“Məhkəmədə polislərin məni döydüklərini, ağır işgəncələr verdiklərini dedim. Tələb etdim ki, məni tibbi ekspertizadan keçirsinlər. Lakin hakim Vüsal Qurbanov sifətimdə və bədənimdə olan işgəncə izlərinə baxmayaraq tələbimə əhəmiyyət vermədi. Mənə 30 sutka inzibati həbs cəzası verdi. Qərar elan edildikdən sonra məni yenidən 18-ci PB-ə gətirdilər, yenidən döydülər. Mənə bölmənin ayaqyolun təmizlətdirdilər. Onlar məni möhkəm döyür, söyür, telefona çəkərək ələ salıb gülürdülər. Xeyli döyəndən sonra məni başqa otağa aparıb dedilər ki, “özünə gəl”. Təxminən 1 saat dincəldikdən sonra məni axşam saat 19:30 radələrində inzibati saxlama məntəqəsinə gətirdilər. Mənə ağıllı olmamı söylədilər. Burada isə dəfələrlə sorğu-suala məruz qalmışam. Suallar əsasən Mehman Hüseynov və Sancaqla bağlı olub”.

Rəhim Vəliyev yanvarın 16-da polisin qanuni əmrinə tabe olmama adı ilə həbs edilib. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə 30 sutkalıq inzibati həbs cəzası verilib.

Ana səhifəXəbərlərNİDA-çı: Polis dedi ki, ananın alt paltarlarının arasında axtarış aparacağıq