Nicat İbrahimin apellyasiya şikayəti təmin edilməyib

Nicat İbrahim. Foto: Şəxsi “Facebook” səhifəsi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Nicat İbrahim 6 il 6 aylıq cəza hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Prosesə hakim Mehriban Qarayevə sədrlik edib. 

Prosesdə Nicat İbrahimin işi üzrə keçirilən son iclasda onun vəkili bir sıra vəsatətlər qaldırıb. Müdafiə tərəfi məhkəmədən hadisə yerindəki kamera görüntülərinin və müvafiq sənədlərin əldə olunaraq araşdırılmasını tələb edib. Vəkil bildirib ki, əgər doğrudan da Nicat İbrahim kimsəni bıçaqlayıbsa, bu, görüntülərdə açıq şəkildə görünməlidir. Həmçinin, zərərçəkənin üzərində cərrahiyyə əməliyyatı aparılıb-aparılmadığının da müəyyənləşdirilməsi istənilib.

Hakim təqdim edilən vəsatətlərin heç birini təmin etməyib və Nicat İbrahim haqqındakı 6 il 6 aylıq cəza hökmünü qüvvədə saxlayıb. 

Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. O, ailəsi ilə birgə ölkədən çıxarkən hava limanında saxlanılıb. Onun sözlərinə görə, ölkədən buraxılmadığından, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb. 

O, bundan öncə, 2020-ci ildə Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmışdı, koronavirusu yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

Qərardan əvvəl çıxış edən Nicat İbrahim bildirib ki, heç bir cinayət törətmədiyi halda, artıq 1 il 1 aydır əsassız şəkildə həbsdə saxlanılır. O, buna etiraz olaraq 21 gündür aclıq aksiyası keçirdiyini deyib.

“Mən cinayət törətməmişəm, əksinə, mənə qarşı cinayət baş verib. Məni şərləyib 1 il 1 aydır həbsdə saxlayırlar. Bu işdə əsl zərərçəkən mənəm, cinayətkarlar isə sərbəstdirlər,” – deyə Nicat İbrahim bildirib.

Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahimova AzadlıqRadiosu-na deyib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. O, həyat yoldaşının həm fiziki, həm də psixoloji durumunu nəzərə alaraq, onun sağlıq durumundan narahatlığını da vurğulayıb: 

“Başa düşə bilmirəm ki, bizim ailədən nə istəyirlər. 21 gün aclıq etmək nə deməkdir? İnsanın orqanizmi sıradan çıxır. Göz görə-görə adamı öldürürlər, ailəsinə zülm edirlər. Heç bir sübut olmadan hökm oxuyan, qərara imza atan hakimlər evlərinə gedəndə uşaqlarının üzünə necə baxırlar? Başqalarına zülm edə-edə qazandıqları çörəyi necə yeyirlər?”, – Nicat İbrahimin həyat yoldaşı belə deyib. 

Ana səhifəSiyasətNicat İbrahimin apellyasiya şikayəti təmin edilməyib