Fəal məhkəmədə deyib ki, onu ailəsi ilə hədələyiblər
Həbsdə olan ictimai fəal Nicat İbrahim fevralın 3-də məhkəmədə bildirib ki, Nəsimi Rayon Polis İdarəsində təzyiqlərə məruz qalıb, ailəsi ilə hədələnib.
Bu səbəbdən də polis idarəsindəki kəsici alətlə özünə xəsarət yetirib.
Nicat İbrahimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
İttihama əsasən, Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən Nicat İbrahim özünü təqsirli bilmədiyini söyləyib.
O bildirib ki, heç kimi bıçaqlamayıb.
Onun sözlərinə görə, 3-cü mikrorayon bazarının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yanında belə bir hadisənin baş verdiyi yazılıb:
“Bu işdə zərərçəkən mənəm. Bunların dediyi yerdə heç kim olmur. Orada pilləkənlər var. Orada da heç kim olmayıb. Bir nəfər yaxınlaşıb alışqan istədi. Heç cavabı gözləmədi. Üstümə cumdu. O tərəfdən polislər tökülüşdü. Gözümü tutan kim, ağzımı tutan kim. Olanları görməyim”.
Nicat İbrahim daha sonra ifadəsində bildirib ki, onu götürüb Nəsimi Rayon Polis İdarəsinə aparıblar.
Orada Cinayət-Axtarış İdarəsinin, Narkotiklərlə Mübarizə İdarəsinin rəisləri və s. şəxslər işgəncə verməklə, ailəsilə hədələyiblər, başqa üsullarla təzyiq ediblər:
“Təzyiq altında qol çəkdirməyə çalışırdılar. Mən qol çəkməmək üçün orada özümə “rezakla” xəsarət yetirdim. Boynumu kəsdim. Ondan sonra məndən əl çəkdilər”.
Nicat İbrahim onu da deyib ki. sentyabrın 6-da həyat yoldaşı və uşaqları ilə birlikdə ölkədən getmək istərkən hava limanında saxlanılıb, ona çıxışına qadağa qoyulduğu bildirilib.
Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə 20 dəfə zəng edib, ölkədən çıxışına qadağa qoyulmasının səbəbini soruşub:
“Hirslənib dedim ki, özümü Daxili İşlər Nazirliyinin qarşısında yandıracam. Mənim şikayətimi 19-cu bölməyə yönləndirmişdilər, orada mənə dedilər ki, nazirliyin qarşısında niyə yandırırsan? Səni aeroportdan buraxmayıblar, aeroportda yandır. Mən başa düşə bilmirəm ki, mənimlə niyə belə davranırlar. Heç kimlə düşmən deyiləm. Anlamıram ki, mənə qarşı bu düşmənçilik hardan gəlir. Jurnalist deyiləm, bloger deyiləm. Prezidentdən narazılığım yoxdur. Əksinə, Prezident mənə Laçında ev verib. Biz Laçından məcburi köçkünük”.
Nicat İbrahimin vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb ki, onun polis idarəsində pis rəftara məruz qalması barədə şikayəti araşdırılsın.
Məhkəmə şikayətin araşdırılması üçün Nəsimi Rayon Prokurorluğuna məktub göndərəcək.
2024-cü ilin sentyabrından həbsdə olan Nicat İbrahim bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmiş, 4 il öncə isə prezidentə istefa tələbindən sonra koronavirusu yayma ittihamı ilə il yarım həbsdə saxlanmışdı.
Tanımadığı adama bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunan ictimai-siyasi fəallar arasında keçmiş diplomat Emin İbrahimov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan Afiəddin Məmmədov da var.
Zamin Salayev də məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin.
Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.