Mənbə: google

Nicad İbrahim: Məni prezidentə istefa tələbimə görə cəzalandırırlar

İctimai fəalın yaxınları ilə əlaqə yaratmasına imkan verilmir

Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbilə etiraz aksiyası keçirəcəyi barədə elanı sosial media hesablarından paylaşandan sonra koronavirus yayma ittihamıyla həbs olunan ictimai fəal Nicad İbrahim üç aydır ki, ailə üzvlərilə nə görüşə, nə də telefonla danışa bilir. Bir müddət əvvəl məlum olub ki, Nəsimi Rayon Polis İdarəsində onun işini aparan müstəntiq Altay Məmmədovun qərarıyla onun bu hüquqları məhdudlaşdırılıb.

N.İbrahim ailəsilə telefon və görüş qadağasının qanunsuz hesab edilməsi, bu hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. O, şikayətində bu qanunsuzluğa görə müstəntiqin cəzalandırılması üçün onun haqqında xüsusi qərar çıxarılmasını da istəyib.

Müstəntiqə qarşı şikayətə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Quliyev baxıb və təmin etməyib. N.İbrahimin həyat yoldaşı Pərvin İbrahimli Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verilib.

N.İbrahim barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan verilən şikayətə, həmçinin ev dustaqlığına buraxılması üçün vəsatətə məhkəmələrdə baxılarkən bildirib ki, təqsirsizdir. Onun sözlərinə görə, həbs olunmasının da, ailəsilə görüş və telefon danışığı kimi adi hüquqlarının pozulmasının da səbəbi Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəyi olub. Onun sözlərinə görə, nə özü COVİD-19 daşıyıcısı olub, nə də kiməsə yoluxdurub, ittiham saxtadır.

“Əgər həbs olunanda məndə həqiqətən də koronavirus vardısa, niyə 3 gecə Nəsimi Rayon Polis İdarəsində saxladılar, xəstəxanaya göndərmədilər? Müstəntiq məni öz otağında, virusun qarşısını almaq üçün heç bir tədbir görmədən dindirdi, niyə? Məhkəməyə adi geyimdə apardılar, heç bir önləyici tədbir görmədilər. Məni Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərdilər. Amma orada xəstə kimi heç bir müalicə almamışam. Əksinə, mənim həyatımı təhlükə altına atdılar, xəstə adamların arasında saxladılar. Açıq-aşkardır ki, məni Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəyimə, prezidentə istefa tələbimə görə cəzalandırırlar”, - deyə N.İbrahim məhkəmədə bildirib.

Həyat yoldaşının sözlərinə görə, N.İbrahim haqqında istintaq artıq başa çatıb. Onun barəsindəki cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib: “Hələ məhkəmənin vaxtı məlum deyil”.

Bir neçə il əvvəl ağzını tikməklə etiraz aksiyası keçirən N.İbrahim sosial şəbəkələrdə hökuməti tənqid edir. O, iyulun 18-də “Facebook” hesabından aksiya keçirəcəyini elan edib: “İyulun 20-si saat 14:00 - da Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələb edəcəm! Bütün xalqı dəvət edirəm! Heç kim gəlməsə belə, mən tək gedəcəm və İlham Əliyevin istefasını tələb edəcəm! Əgər hamı gəlsə, bu, xalq etirazına çevriləcək və İlham Əliyev başda olmaqla, 27 illik antimilli diktatura rejimi xalqın qarşısında diz çökəcərək istefa verəcək...”

N.İbrahim iyulun 20-də aksiya keçirməyə getmək adıyla evdən çıxıb və az sonra saxlanılıb. O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının da həyatına təhlükə yaratmaqda ittiham olunur. Bu maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ziu94a

Ən çox baxılan