Vəkil İntiqam Əliyevlə görüşüb
Aprelin 17-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında “Hüquq Maarifçiliyi Cəmiyyəti”-nin həbsdə olan sədri İntiqam Əliyevlə görüşüb.
Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Sadıqov bildirdi ki, nəzarətçilər İntiqam Əliyevin əlindən məhkəmədə deyəcək son sözünün mətnini almaq istəyiblər: “Xeyli mübahisədən sonra bunun qanunsuz olduğunu başa düşüb geri çəkildilər. Hakim Rasim Sadıxov bizə bildirmişdi ki, o, müdafiə hüququnun pozulmaması üçün təcridxana rəhbərliyi ilə danışacaq. Görünən odur ki, bu sahədə hələ heç bir irəliləyiş yoxdur”.
Elçin Sadıqov deyib ki, İntiqam Əliyevə qarşı ittihamlar tamamilə əsassız, qanunsuz və saxta olduğundan məhkəmə çıxışlarında deməyə sözləri çoxdur: “Lakin biz qısa konkret çıxış etməyi üstün tutacağıq. Onsuz da hər kəs İntiqam Əliyevə qarşı ittihamların nə qədər əsassız, qanunsuz və saxta olduğunu bilir”.